Rəqəmsal tükədilmə

7 Baku St. U. L.Rev. 81 (2021)
Məqalənin dili: İngiliscə.

Annotasiya 

Müəllif öz əsərinin yayılması üzərində müstəsna hüquqa malikdir. Lakin bu hüquq “ilkin satış” doktrinası ilə məhdudlaşdırılmışdır. Belə ki, əsərin ilk nüsxəsinin satışından sonra müəllifin həmin nüsxənin gələcəkdə yayılmasını: satışını və digər yolla özgəninkiləşdirilməsini idarə etmə hüququ itir. Əgər söhbət hər hansı kitabın fiziki nüsxəsindən gedirsə, “ilkin satış” doktrinasının tətbiqi sual doğurmur. Kitabın müəllifi həmin kitabın ilk nüsxəsini birinə bağışlayarsa, satarsa, və ya digər yolla özgəninkiləşdirərsə, o məhz bu nüsxə üzərində nəzarət hüququnu və nüsxənin gələcək satışını idarə etmək hüququnu itirir. Lakin söhbət yalnız həmin nüsxədən gedir, nüsxənin nüsxələrini çıxarıb onları yaymaq və özgəninkiləşdirmək isə qeyri-qanunidir. Lakin bu zaman sual yaranır. Bəs əgər nüsxə fiziki deyil, elektron olarsa, eyni qaydaların tətbiq olunması mümkündürmü? Əsərin fiziki nüsxəsindən çıxarılan hər növbəti nüsxədə yazıların, şəkillərin keyfiyyəti bir qədər azalır. Elektron nüsxələrə münasibətdə isə bunu anlamaq xeyli çətinləşir.

Əqli mülkiyyət hüququ hər zaman texnologiya sahəsində baş verən müntəzəm dəyişikliklərin təsirinə məruz qalır. Son illərdə, müəlliflik hüquqlarının tükədilməsi məsələsinin yalnız daşınabilən və fiziki deyil, rəqəmsal məlumatlara da şamil olunub-olunmaması sual doğurur. Bunun səbəbi isə aydındır: hər gün müxtəlif növ məlumatlar yükləyirik: musiqi, applikasiyalar, oyunlar, kitab, jurnal və digər PDF fayllar və s. Hal-hazırda çox az insan musiqi dinləmək, filmlər və televiziya verilişləri izləmək üçün CD, DVD-lərdən istifadə edir, çünki artıq YouTube, Netflix, Spotify kimi hər şeyi asanlaşdıran applikasiyalar mövcuddur. Bəs fiziki əsərlərə və onların nüsxələrinə şamil olunan qaydalar, xüsusən də müəlliflik hüququnun tükədilməsi rəqəmsal dünyaya da şamil oluna bilərmi?

Məqalənin məqsədi “ilk satış” doktrinasının rəqəmsal dünyada hələ də müəmmada qalan keçərliliyi məsələsini Avropa və beynəlxalq qanunvericilik çərçivəsində analiz etmək, bu sahədə yaranan problemlər və qanunvericilikdəki boşluqları müəyyənləşdirmək və rəqəmsal tükədilmənin müsbət və mənfi cəhətlərini aşkar etməkdir.

Bu post həm də digər dildə mövcuddur: English