Əsasnamə

Bakı Dövlət Universiteti

Tələbə Hüquq Jurnalının Əsasnaməsi

1. Ümumi Müddəalar

1.1 Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı (bundan sonra – Jurnal) Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin (bundan sonra – TEC) layihələrindən biridir.

1.2 Jurnal öz fəaliyyətində bu əsasnaməni və TEC üzvlərinin etik davranış kodeksini rəhbər tutur.

2. Jurnalın məqsədləri

2.1 Yerli və beynəlxalq müstəvidə hüquqi problemlərin müzakirəsi üçün platforma rolunu oynayaraq hüquq mədəniyyətinin inkişafına töhfə vermək Jurnalın əsas məqsədidir.

2.2 Hüquq tələbələrinin hüquqi yazı və hüquqi düşüncə bacarıqlarını inkişaf etdirməklə akademik araşdırmaya marağın yaradılması Jurnalın daimi məramını təşkil edir.

3. Jurnalın fəaliyyət istiqamətləri

3.1 Jurnal aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

3.1.1 Jurnalın özünün və beynəlxalq məqalə qəbulu veb-saytları vasitəsi ilə hüquqi məqalələri qəbul edir və qiymətləndirir;

3.1.2 Dərcə yararlı məqalələrin redaktəsini həyata keçirir və bunları ildə iki dəfə olmaqla saylarda dərc etdirir;

3.1.3 Akademik hüquqi yazı və digər əlaqəli mövzularda yazılmış bloq yazılarını öz veb-saytında yerləşdirir;

3.1.4 Jurnalın internet (sosial şəbəkə) səhifələrində akademik hüquqi yazı və digər əlaqəli mövzularda paylaşımlar edir;

3.1.5 Tələbələrdə akademik hüquqi yazı bacarıqlarının inkişafı üçün tədbirlər: təlim, vörkşop, konfrans və s. təşkil edir

3.1.6 Fəaliyyət istiqamətləri ilə əlaqədar olaraq yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

4. Jurnalın fəaliyyətinin təşkili

4.1 Jurnalın Redaksiya Heyəti Baş Redaktor, İcraçı Redaktor, Məsul Redaktor və Məqalə Redaktorlarından ibarətdir.

4.2 Jurnalın fəaliyyətinə TEC sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Baş Redaktor rəhbərlik edir.

4.3 İcraçı Redaktor, Məsul Redaktor və Məqalə Redaktorunun vəzifəyə təyin və vəzifədən azad edilməsi TEC sədri ilə razılaşdırılmaqla Baş Redaktor tərəfindən həyata keçirilir.

5. Baş Redaktorun vəzifələri

5.1 Baş redaktorun vəzifələri aşağıdakı kimidir:

5.1.1 Jurnalın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.1.2 Jurnalı müəlliflər, digər əməkdaşlıq edilən şəxs və ya təşkilatlarla danışıqlarda təmsil edir;

5.1.3 Redaksiya Heyəti arasında iş bölgüsünü aparır və redaktorların fəaliyyətini əlaqələndirir;

5.1.4 Redaksiya Heyətinin davranışlarının etik kodeksə uyğunluğunu müntəzəm təhlil edir;

5.1.5 Jurnal saylarının dərcdən əvvəlki son redaktəsini bütün məqalələr üzrə həyata keçirir;

5.1.6 Jurnal səhifəsinə yerləşdirilməzdən əvvəl bloqlara və paylaşımlara son baxışı həyata keçirir;

5.1.7 Jurnalın məqsədlərinə xidmət edən yeni fəaliyyət planlarının hazırlanmasını təşkil edir və icrasına nəzarət edir.

6. İcraçı Redaktorun vəzifələri

6.1 İcraçı redaktorun vəzifələri aşağıdakı kimidir:

6.1.1 Jurnalın internet (sosial şəbəkə) səhifələrindəki müxtəlif məzmunlu postların hazırlanması və paylaşılması işini təşkil edir;

6.1.2 Baş Redaktora göndərilməzdən əvvəl məqalələri yenidən redaktə edir;

6.1.3 Məsul Redaktor tərəfindən dərc üçün yararlı və ya yararsız olaraq qiymətləndirilən məqalələri və müvafiq şərhi bir daha nəzərdən keçirir;

6.1.4 Jurnalın fəaliyyət istiqamətlərinə uyğun olaraq digər vəzifələri yerinə yetirir.

7. Məsul Redaktorunun vəzifələri

7.1 Məsul redaktorun vəzifələri aşağıdakı kimidir:

7.1.1 Jurnalın nüsxələrinin müvafiq ünvanlara çatdırılması işini təşkil edir;

7.1.2 Jurnalın abunəliklə bağlı işlərinə, yəni danışıqların aparılmasına, eləcə də müvafiq məktub, ismarıc və imeyllərə cavab verilməsinə cavabdehdir;

7.1.3 Akademik hüquqi yazı və digər əlaqəli mövzularda yazılmış bloq yazılarının hazırlanması və redaktəsi üzrə işi təşkil edir;

7.1.4 Məqalə Redaktorunun redaktəsindən sonra məqalələrə yenidən baxışı həyata keçirir və yazının maddi və texniki baxımdan redaktəsini həyata keçirir

7.1.5 Məqalə Redaktorları tərəfindən dərc üçün yararlı və ya yararsız olaraq qiymətləndirilən məqalələri və müvafiq şərhi bir daha nəzərdən keçirir;

7.1.6 Jurnalın fəaliyyət istiqamətlərinə uyğun olaraq digər vəzifələri yerinə yetirir.

8. Məqalə redaktoru vəzifələri

8.1 Məqalə redaktorunun vəzifələri aşağıdakı kimidir:

8.1.1 Jurnal Siyasətinə uyğun olaraq məqalələrin redaktəsini həyata keçirir:

8.1.2 Məqalənin dərc üçün uyğunluğu barədə rəy verir;

8.1.3 Akademik hüquqi yazı və digər əlaqəli mövzularda yazılmış bloq yazıları hazırlayır, redaktə edir;

8.1.4 Jurnal səhifələri üçün nəzərdə tutulmuş müxtəlif məzmunlu postları hazırlayır.

8.1.5 Jurnalın fəaliyyət istiqamətlərinə uyğun olaraq digər vəzifələri yerinə yetirir.