Məqalə Yazan Zaman Üzləşə Biləcəyiniz Potensial Çətinliklər

Giriş

I. Yazı prosesi mərhələlərinin belə çətinliklərdə rolu nədən ibarətdir?

II. “Yazıçı böhranı” nədir? 

III. Anlaşıqsız yazı

Nəticə

GİRİŞ

Müəllif üçün yazı prosesi, bəlkə də, ən çox diqqət və zaman tələb edən hissə hesab oluna bilər. Bu çətin proses zamanı müəllif bir sıra çətin situasiyalarla qarşılaşır və bir çox hallarda məqalə ərsəyə gəlmədən onu yarımçıq qoyur. Donald Burnett yazı prosesinin mürəkkəbliyini və vacibliyini belə ifadə etmişdir: “Aydın ifadə… sadəcə bir dil sənəti deyil. İdeyalar üçün sınaq meydançasıdır. Arqumenti sözlə ifadə etmək vasitəsilə onun mübahisə edilməyə dəyər olub-olmadığını öyrənirik”.[1] Bəs sözlə ifadə etmə, yəni yazıya alma zamanı hansı problemlər yarana bilər və onları aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

I. YAZI PROSESİ MƏRHƏLƏLƏRİNİN BELƏ ÇƏTİNLİKLƏRDƏ ROLU NƏDƏN İBARƏTDİR?

Müəllif üçün məqalə yazan zaman çətinlik doğuran ilkin məqam görülən işin sistemsiz olması və plan üzrə qurulmamasıdır. Yazı prosesinin mərhələləri sistemlilik yaradaraq müəyyən mənada müəllifi qarşılaşa biləcəyi bir çox çətinliklərdən xilas edir. Məsələn, mənbələrin çoxluğu ilə necə başa çıxmaq, paraqraflar arasında əlaqənin qurulması, texniki problemlər və s. belə çətinliklərə nümunə ola bilər.

Yazı prosesinin mərhələləri ilə bağlı yanaşmalar müxtəlif olsa da, onlar arasında məzmun cəhətdən oxşarlıq çoxdur. Bunlardan biri mərhələləri belə ifadə edir:[2]

  1. Məsələlərin və onların əsaslandırılması üçün zəruri olan materialların təhlili;
  2. Təhlil edilən materialların yazı üçün sistemləşdirilməsi;
  3. İlkin versiyanın yazılması;
  4. Son versiyaya nail olunana qədər üzərində təkrar-təkrar işlənilməsi.

Yazı prosesi ilə bağlı çətinlik çəkən müəlliflərin nəzərə almalı olduğu əsas iki məsələ var:[3] Birincisi, hər müəllif özünəməxsus yazı prosesi mərhələləri yaratmalıdır. Çünki yazı prosesləri barmaq izləri və imzalar qədər fərdi olur. Mərhələlər isə sadəcə seçilmiş mövzuya ümumi yanaşma yollarını göstərir. İkincisi, hər yeni mərhələyə keçdikdə əvvəlkilər bir daha nəzərdən keçirilməlidir. Bunun əsas səbəbi yazının təkrarlanan bir proses olmasıdır. Bununla da məqalənin hissələri arasındakı daxili əlaqə həm müəllifin özü, həm də oxucular üçün aydınlaşacaq.

Bununla belə, yazı prosesini daha da asanlaşdırmaq üçün müxtəlif tövsiyələr də verilmişdir:[4]

  1. Əvvəlki mərhələləri bir daha nəzərdən keçirin;
  2. Fərqli yazı strategiyalarını təcrübə edin və öz yazı prosesinizi müşahidə edin;
  3. Səbirli olun. İlk bir neçə yazı tapşırığınızda yazı mərhələlərini birləşdirməyə və ya sıxışdırmağa çalışmayın;
  4. Yeni bir şey sınamağa qərar verməzdən əvvəl ümumi prinsipləri öyrənin.

Beləliklə, yazı prosesi özlüyündə nə qədər mürəkkəb olsa da, müəllif təcrübə əsasında formalaşmış qayda və tövsiyələrə diqqət etməklə, yarana biləcək hansısa çətinliyin həll yolunu daha asanlıqla gələ bilər.

II. “YAZIÇI BÖHRANI” NƏDİR?

Müəllif hər nə qədər görəcəyi işi sistemləşdirsə də, işlər hər zaman plana uyğun olaraq getmir. Akademik yazı zamanı bir çox hallarda fərqli problem və “böhran”lar ortaya çıxa bilir. Belə böhranlar müəllifin öz yazısına başlamaq və ya onu tamamlamaqda çətinlik yaşamasına səbəb olur. Bu xüsusda “yazıçı böhranı” (writer’s block) adlı ifadə müəlliflərin məqalə yazarkən çox zaman üzləşdikləri çətinliyi aydınlaşdırır. Bu, müəllifin əldə etdiyi araşdırma nəticəsini yazıya almaqda çətinlik çəkməsidir. Belə ki, geniş araşdırmadan sonra nəyin harada və necə yerləşdirilməsi ilə bağlı ortaya çıxan qeyri-müəyyənlik təşvişin yaranmasına səbəb olur.[5]

“Yazıçı böhranı”-nın yaranmasının əsas səbəblərindən biri də müəllifin daim müəyyən bir ardıcıllığı gözləməyə çalışmasıdır. Məsələn, əgər mövzu ilə bağlı bir neçə məsələ ortaya qoyulmalıdırsa, vacib deyil ki, ilk öncə birinci məsələdən başlanılsın.[6]

Digər səbəb isə müəllifin məqalənin ilkin versiyası ilə bağlı gözləntilərinin yüksək olmasıdır, lakin ilkin versiya müəllif üçündür, fokus nöqtəsinin oxucuya doğru istiqamətləndirilməsi isə qalan versiyalar üçün daha məqsədəuyğundur.[7] Bu isə o deməkdir ki, müəllif artıq fikrini oxucu dairəsinin anlayacağı tərzdə ifadə etməyə səy göstərir.

Başqa sözlə, akademik yazıda təcrübəsi az olan müəllif daha çox bu çətinliklə qarşılaşır, çünki zamanla müəyyən təcrübə topladıqdan sonra müəllif artıq özü üçün müəyyən bir istiqamət seçir. Bu böhrandan çıxış yolları ilə bağlı müxtəlif strategiyalar irəli sürülür:[8]

  1. Həqiqi hədəflər müəyyənləşdirin. Bu strategiya yazıya bir bütün formasında yanaşmağı yox, müəyyən bir hissəsini seçib, onla bağlı kiçik hədəfləri qarşıya qoymağı tövsiyə edir.
  2. Yazı üçün xüsusi zaman ayırın. Bu o deməkdir ki, müəllif spesifik bir zaman müddətində yalnız öz yazısına fokuslanmalıdır. Həmin müddətdə hər hansı digər mənbə və ya texniki məsələlərlə beynini yormamalıdır.
  3. İdeyalarınızı başqaları ilə bölüşün. Bu yolla həm ətrafdakılardan müəyyən rəy almaq, həm də öz yazınıza daha düzgün qiymət vermiş olacaqsınız.

III. ANLAŞIQSIZ YAZI

Müəllif yuxarıda qeyd olunan çətinliklərdən yaxa qurtardıqdan sonra qarşılaşa biləcəyi növbəti problem ərsəyə gətirilən yazının dili ilə bağlı ola bilər. Yazı prosesinin müəyyənləşmiş qaydaları nə qədər yardımçı olsa da, bəzi problemlərin həllində müəllif özü daha çox təşəbbüs göstərməlidir. Müəllifin bu yolda qarşılaşdığı ən böyük çətinliklərdən biri də ortaya qoyulmuş ideyanın necə ifadə olunması və əsaslandırılmasıdır. Onun beynində belə bir sual yaranır: “Görəsən, yazını oxucuların əsas ideyaları düzgün şəkildə qavramaları üçün necə anlaşıqlı etmək olar?”. Bunun üçün müəllif yazarkən sanki oxucu ilə ünsiyyətdə olduğunu düşünməlidir. Bu yolla o, fikrini daha anlaşılan şəkildə ifadə etməyə çalışacaq. Müəllifin, həmçinin yazdıqlarını oxuduqca öz reaksiyasını da müşahidə etməsi anlaşıqlılığa yardım edəcəkdir.[9]

Yazının nə dərəcədə anlaşıqlı olması müəyyən mənada məqalənin xitab etdiyi oxucu dairəsindən asılıdır. Əgər məqalə hüquqi bilikləri olan şəxslər üçün nəzərdə tutulubsa, hüquqi terminologiyanın istifadəsi uyğun hesab oluna bilər. Əgər digər şəxslər də nəzərə alınırsa, qeyri-hüquqi terminlərin işlənərək fikrin daha da aydınlaşdırılması məqsədəuyğundur.[10] Ümumiyyətlə, müəllif hər zaman daha geniş kütlənin maariflənməsinə çalışmalıdır. Çünki aydın məsələdir ki, hüquq ədəbiyyatı yalnız bu sahə üzrə bilikli şəxslər üçün oxunaqlı olacaq, digər şəxslər üçün yalnız hər hansı məsələni işıqlandıran məqalə yardımçı ola bilər.

Ərsəyə gətirilən yazının anlaşıqlı olması həm də bir sıra subyektiv və obyektiv kriteriyalardan asılıdır. Yığcamlıq və aydınlıq məqalə üçün əsas kriteriyalar hesab olunur. İdeya üçün zəruri olmayan və onu qəlizləşdirən cümlələrin işlənməsi yalnız oxucunun marağının azalmasına səbəb olacaqdır. Əsas məsələləri aydın şəkildə nəzərə çatdıran yığcam yazı həm də oxucunun məqalə üçün sərf etdiyi zaman baxımından da məqsədəuyğundur.[11] Belə bir yazıda mükəmməlliyə nail olmaq üçün müəllif məqalədəki hər bir cümləni, sözü təkrar-təkrar oxumalı və gözdən keçirməlidir.[12] Müəllif tərəfindən bu cür davranış oxucularının marağını nə dərəcədə önəmsədiyini göstərir.

NƏTİCƏ

Bu bloq yazısı məqalə yazan zaman müəllifin üzləşə biləcəyi potensial çətinliklər və bu çətinliklər qarşısında hansı həll yollarından istifadə edə biləcəyi haqqında ümumi məlumat verdi. Lakin bu həll yolları ümumi, müəyyən mənada müxtəlif alimlərin öz təcrübələri əsasında ortaya qoyduğu subyektiv yanaşmalardır. Bu isə o deməkdir ki, hər bir müəllif məqalə yazan zaman qarşılaşdığı çətinliklərin öhdəsindən gəlmək üçün özünəməxsus və fərqli bir yol tapa bilər.


İstinadlar:

[1] Linda H. Edwards, Legal Writing and Analysis, 105 (2015).

[2] Richard K. Neumann Jr., Legal Reasoning and Legal Writing, 57 (2001).

[3] Yuxarıda istinad 1, 102-103.

[4] Yuxarıda istinad 1, 107.

[5] William H. Putman, Legal Analysis and Writing, 242 (2008).

[6] Yuxarıda istinad 2, 60-61.

[7] Yenə orada.

[8] Overcoming Writer’s Block: Three Tips (2014), https://www.theguardian.com/higher-education-network/2014/dec/22/overcoming-writers-block-three-top-tips (son baxış 25 sentyabr, 2020).

[9] Yuxarıda istinad 1, 108.

[10] Yuxarıda istinad 5, 232.

[11] Mark K. Osbeck, What is “Good Legal Writing” and Why Does it Matter?, University of Michigan Public Law Working Paper No. 252, 29-30 (2011).

[12] Tracy Turner, Legal Writing from the Ground Up, 209 (2015).


Müəllif: Nilufər Abdullayeva, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 3-cü kurs tələbəsi.