Tədqiqatçı kimi Düşünmək: Mənbələrin Toplanması

Giriş

I. Mənbələrin növləri və akademik hüquqi yazıda önəmi

II. Mənbələrin toplanması mərhələləri

III. Mənbələr düzgün seçilmədikdə nə baş verər?

Nəticə

GİRİŞ

Uğurlu akademik hüquqi yazının ərsəyə gəlməsində mövzu ilə bağlı mənbələrin araşdırılması və toplanılması, eləcə də onların yazıya düzgün və sistemli şəkildə daxil edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, akademik hüquqi yazıda mənbələr müəlliflərə öz fikirlərini tutarlı dəlillərlə əsaslandırmağa imkan verməklə yanaşı, yazının oxucular üçün daha etibarlı və inandırıcı olmasını da təmin edir. Bəs müəlliflər mənbələrə istinad edərkən hansı məsələlərə diqqət etməlidirlər? Mənbələrin düzgün seçilməməsi yazıda hansı problemlərin yaranmasına səbəb ola bilər? Bu bloq yazısında mənbələrin akademik hüquqi yazıdakı önəmindən, onların toplanması mərhələlərindən və düzgün seçilmədiyi təqdirdə yarana biləcək problemlərdən bəhs ediləcəkdir.

I. MƏNBƏLƏRİN NÖVLƏRİ VƏ AKADEMİK HÜQUQİ YAZIDA ÖNƏMİ

Akademik hüquqi yazı prosesinin ilkin mərhələsi olan yazıya hazırlıq seçilmiş mövzu ilə əlaqəli mənbələrin araşdırıldığı, təhlil olunduğu və sistemləşdirildiyi bir mərhələdir.[1] Bu zaman müəlliflər mövzu ilə bağlı fikirlərini daha dolğun şəkildə əks etdirmək, fərqli bir yanaşma ortaya qoymaq və öz arqumentlərini sübutlarla əsaslandırmaq üçün müxtəlif mənbələrə müraciət edirlər.[2] Mənbələr həmçinin oxuculara akademik yazıdan əldə edilən yeni fikirlərin etibarlılığına əmin olmaq, bilik və dünyagörüşlərini inkişaf etdirmək imkanı yaradır.[3] Belə ki, oxucular yazıdakı məlumatlarla kifayətlənməyib müəllifin müraciət etdiyi mənbələri araşdıra, mövzu haqqında daha ətraflı fikir sahibi ola bilərlər. Bu da öz növbəsində, müəllif və oxucular arasında mövcud olan qarşılıqlı inam və etibarın güclənməsinə gətirib çıxarır.

Hüquq nəzəriyyəçiləri tərəfindən ümumi qəbul edilmiş yanaşmaya əsasən akademik hüquqi mənbələr 2 əsas qrupa ayrılır:[4]

  1. Zəruri hüquq mənbələri (mandatory sources of law);
  2. İnandırıcı hüquq mənbələri (persuasive sources of law).

Zəruri hüquq mənbələri mövzunun müəyyənləşdirilməsi üçün birbaşa olaraq müraciət edilən mənbələrdir.[5] Onlar arqumentlərin təqdim olunması, tezisin əsaslandırılması zamanı mühüm rol oynayır.[6] İnandırıcı hüquq mənbələri isə problemin həlli zamanı əsas mənbələrdə qeyd olunan fikirləri genişləndirərək və oxuculara daha ətraflı araşdırma imkanları təqdim edərək praktiki məsələlərin müəyyənləşdirilməsi və təhlilində istifadə edilir.[7]

II. MƏNBƏLƏRİN TOPLANMASI MƏRHƏLƏLƏRİ

Qeyd edilməlidir ki, mövzu müəyyənləşdirildikdən sonra tərtib edilmiş plan əsasında mənbələrin toplanılması həyata keçirilir.[8] Müəlliflər tərəfindən mənbələrdən əldə olunan məlumatların seçilməsi və istifadə ardıcıllığı ilə əlaqədar müxtəlif fikirlər mövcuddur. Məsələn, Brenda Spattın irəli sürdüyü ardıcıllıq mövzu seçimindən başlayaraq mənbələrin müəyyənləşdirilməsi ilə əlaqədar məsələləri tənzimləyir:[9]

  1. Hüquqi yazıya başlamaq üçün mövzu seçimində onun aktuallığını müəyyənləşdirib irəli sürüləcək iddia və ya problemi dəqiqləşdirmək;
  2. Seçilmiş mövzu ilə əlaqəli ortaya qoyulmuş iddia və ya problemin izahı, həmçinin fikirlərin əsaslandırılması üçün zəruri mənbələrin təxmini həcmini, yerini və s. müəyyən etmək;
  3. İrəli sürülmüş iddia və ya problemin həlli üçün müəllif tərəfindən daha məqsədyönlü və etibarlı mənbələrin qiymətləndirilməsi və seçimi;
  4. Mənbələr əsasında əldə olunmuş məlumatlarla şəxsi mülahizələrin qarşılaşdırılması – irəli sürüləcək yeni arqumentlərin istinad ediləcək mənbələrdəki fikirlərlə müqayisəli analiz edilməsi.

Eugene Volokh isə öz növbəsində, mənbələrə müraciət zamanı diqqət edilməli olan məqamları aşağıdakı kimi müəyyən etmişdir:[10]

  1. Seçilmiş mövzu ilə əlaqədar müvafiq qanunvericilik aktları ilə tanış olmaq – ilkin mənbə olan qanunlara, məcəllələrə, normativ hüquqi aktlara istinad etmək daha məqsədəuyğundur;
  2. Mövzunu daha dərindən mənimsəmək və yeni arqumentlər irəli sürmək üçün bu mövzuda yazılmış başqa müəlliflərin işlərinə nəzər yetirmək;[11]
  3. Məqalədə əks olunan iddia-bəyanata, hüquqi problemə uyğun yerli və xarici məhkəmə işlərini araşdırmaq[12] – bu cür mənbələrə istinad etmək yazının oxucular üçün daha anlaşıqlı və inandırıcı olmasını təmin edir.
  4. Eyni və ya oxşar iddiaya malik məqalələrin olub-olmamasını müəyyənləşdirmək.[13]

Hər iki müəllifin fikirlərindən aydın olduğu kimi, mənbələr yazının etibarlılıq və sistemliliyinin təmin edilməsində, həmçinin ortaya qoyulmuş iddianın dolğun şəkildə əsaslandırılmasında mühüm rol oynayır. Lakin mənbələrin uğursuz seçimi və istifadəsi akademik yazının keyfiyyətinə mənfi təsir edə bilər. Belə halların qarşısını almaq üçün müəlliflər yuxarıda qeyd olmuş fikirləri də nəzərə almaqla, mənbə seçimini planlı şəkildə həyata keçirməlidirlər.

III. MƏNBƏLƏR DÜZGÜN SEÇİLMƏDİKDƏ NƏ BAŞ VERƏR?

Mənbələrin toplanılmasında diqqət yetirilməli olan digər mühüm məsələ onların düzgün müəyyənləşdirilməsidir. Yanlış mənbə seçiminin əsas səbəblərindən biri də hüquqi araşdırma istiqamətinin düzgün müəyyən olunmamasıdır.[14] Belə ki, hüquqi araşdırma planlı və məqsədəmüvafiq formada həyata keçirilməlidir. Yanlış mənbəyə müraciət öz növbəsində yazının yanlış istiqamətlənməsinə gətirib çıxara bilər.[15]

Əlavə olaraq, mənbələrin seçimində onların mövzu ilə əlaqəsi ilə yanaşı, çox spesifik və ya ümumi olmasına da diqqət yetirilməlidir.[16] Müəllif araşdırdığı mövzunun birbaşa əks olunduğu mənbələr əvəzinə ümumi məsələlərin öz əksin tapdığı mənbələrdən irəli sürdüyü problemə uyğun fikirlər axtarmamalıdır. Ona görə ki bu halda müəllif araşdırılan mövzudan uzaqlaşaraq vaxt itirəcək və məqsədəuyğun olmayan yazı ərsəyə gələcək.[17] Oxucu isə öz növbəsində, yazını oxumağa və araşdırmağa marağın itirəcək ki, bu da müəllifin reputasiyasiyasına mənfi təsir göstərə bilər.

NƏTİCƏ

Bu bloq yazısında mənbələrin düzgün toplanılmasının əhəmiyyətindən bəhs edildi. Qeyd olunduğu kimi, mənbələrin uğurlu seçimi müəllifə mövzu ilə əlaqədar mövqeyini hərtərəfli izah etməyə, əsaslandırmağa və yazının etibarlılığın təmin etməyə imkan verir. Mənbələr düzgün toplanmadıqda, müəllif həm araşdırma istiqamətindən uzaqlaşacaq, həm də oxucu akademik yazını oxumaqda maraqlı olmayacaqdır. Buna görə də müəlliflər mənbələrin toplanması zamanı müəyyən ardıcıllığa əməl etməli və öz şəxsi arqumentləri ilə mənbələrdən əldə olunan məlumatları daha da təkmilləşdirib oxucuya təqdim etməlidirlər.


İstinadlar:

[1] Gerald Lebovits, Academic Legal Writing: How to Write and Publish, 78 New York State Bar Journal 64, 64 (2006).

[2] Colin Neville, The Complete Guide to Referencing and Avoiding Plagiarism, 11 (2nd ed. 2010).

[3] Yenə orada.

[4] Fábio Perin Shecaira, Sources of Law are not Legal Norms, 28 An International Journal of Jurisprudence and Philosophy of Law, 10 (2014).

[5] Yenə orada, 12.

[6] Yenə orada.

[7] Yenə orada, 13.

[8] Stephen Elias and Nolo Editors, Legal Research: How to Find & Understand the Law, 22 (2018).

[9] Brenda Spatt, Writing from Sources, 14 (4th ed. 2011).

[10] Eugene Volokh, Academic Legal Writing: Law Review Articles, Student Notes, Seminar Papers, and Getting on Law Review, 84 (4th ed. 2010).

[11] Yenə orada.

[12] Yenə orada, 81.

[13] Yenə orada.

[14] William H. Putman, Legal Analysis and Writing, 35 (3rd ed. 2008).

[15] Yenə orada.

[16] Nancy E. Dollahite and Julie Haun, Sourcework: Academic Writing from Sources, 147 (2012).

[17] Yenə orada.


Müəllif: Gülnarə Fətullayeva, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 3-cü kurs tələbəsi.