Hüquqi Araşdırmanın Akademik Hüquqi Yazıdakı Önəmi

Giriş

I. Hüquqi araşdırma nə vaxt aparılmalıdır?

II. Mövzunun tapılması və tezisin müəyyənləşdirilməsi

III. Mövzunun izahı

Nəticə

 GİRİŞ

Hüquqi araşdırma məqalənin ərsəyə gəlməsi mərhələlərindən biridir və yazıdan əvvəlki pillə kimi başa düşülür. Məlumdur ki, hər bir kəs akademik yazı üçün ilk növbədə istifadə edəcəyi ədəbiyyatları tapmağa səy göstərir. Əlbəttə, bu da hüquqi araşdırma prosesinin bir hissəsidir. Bəs hüquqi araşdırma dedikdə sadəcə istifadə ediləcək mənbələrin tapılması nəzərdə tutulur? Ümumiyyətlə, hüquqi araşdırmanın önəmi özünü nə vaxt büruzə verir? Bu bloq yazısında hüquqi araşdırmanın akademik yazıda əsas mahiyyəti və önəmi müəyyənləşdiriləcək.

I. HÜQUQİ ARAŞDIRMA NƏ VAXT APARILMALIDIR?

Ümumi fikir budur ki, əvvəlcə, mövzu müəyyənləşdirilir, daha sonra isə mövzuya aid və ya mövzuya toxunulan hüquq ədəbiyyatları və qanunlar ətrafında araşdırma aparılır. Lakin hüquqi araşdırmaya bu cür yanaşma yanlışdır və ondan əslində

  • mövzunun tapılması və tezisin müəyyənləşdirilməsi
  • mövzunun izahı

zamanı istifadə olunmalıdır. Hüquqi araşdırmanın “aparılma vaxtı”nın qeyd edilməsi onun əsas önəmini aydınlaşdırmağa imkan verir. Onun önəmi  həm mövzunun tapılması və tezisin formalaşdırılması, həm də mövzunun izahında bir növ müəllifin “əlindən tutması”dır.

Fajans və Falka görə, mövzunun qurulması üçün araşdırma prosesinin ortasında həll oluna bilməyən “toyuq və yumurta” problemi ortaya çıxır: araşdırmaya fokuslanmaq üçün sizin tezisiniz olmalıdır, eyni zamanda siz tezisinizə araşdırma olmadan fokuslana bilməzsiniz.[1] Deməli, ilham, araşdırmayazı tam ayrı mərhələlər deyildirlər: bir-birinin ardınca və bir-birindən asılı olaraq inkişafdadırlar.[2] Yəni araşdırma akademik yazının hazırlanması prosesinin ayrılmaz tərkib hissəsidir.

II. MÖVZUNUN TAPILMASI VƏ TEZİSİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

Məlumdur ki, mövzunun tapılması birbaşa ilham mərhələsi ilə bağlıdır. Volokha görə, yazılacaq mövzu tapmaq üçün müəllif, əvvəlcə, ümumi biliklərini nəzərdən keçirməlidir.[3] Bununla belə, doktrinal metodun əsas mənbələrindən[4] istifadə etməklə, yəni məhkəmə işləri və qanunları araşdırmaqla mövzu, problem müəyyənləşdirilə bilər. Belə ki, mövzu tapılması üçün araşdırma ən ideal yollardan biridir.

Volokh qeyd edir ki, yazmaq üçün mövzu/problem tapdıqda, əvvəlcə, bu haqda məlumatı olan şəxslərin yanına gedin və onlardan bu haqda əvvəllər nələrin yazıldığını soruşun.[5] Onun düşüncəsinin əksinə, həmin şəxslər sizə, böyük ehtimalla, daha çox bu barədə araşdırma aparılmasında kömək edə biləcəklər.[6] Mövzunun dəqiqləşdirilməsi və tezisin müəyyənləşdirilməsi üçün siz əlavə mənbələr[7] olan akademik hüquqi məqalələrə və kitablara nəzər salmalısınız.

Hər bir potensial müəllif ilkin araşdırma nəticəsində yazmaq istədiyi ideyanın və ya teoriyanın ondan əvvəl yazıldığını görə və panikaya düşə bilər.[8] Lakin panikaya ehtiyac yoxdur. Belə hallarla rastlaşdıqda və lazım gəldikdə mövzunuzu dəyişə, yaxud daralda bilərsiniz.[9] Mövzunu dəyişmək, yaxud daraltmaq istədikdə sizin köməyinizə yenidən hüquqi araşdırma gəlir. Bu halda ilkin mərhələdə olduğu kimi, əvvəlcə, əsas, sonra isə əlavə mənbələrə müraciət etmək lazımdır.

Beləliklə, mövzu tapıldıqdan sonra belə onun dəqiqləşdirilməsi və tezisin formalaşdırılması üçün araşdırma qaçılmazdır, çünki əks halda ideya təkrarçılığı ilə rastlaşa bilərik.

III. MÖVZUNUN İZAHI

Mövzu müəyyən olunduqdan  sonra onu izah etmək məqsədi ilə araşdırma aparılmalıdır, çünki bu mövzuda istər yazılı mənbələrdəki fikirlər (doktrinal metod), istərsə də müəyyən kütlələrin fikirləri (empirik metod)[10] önəmlidir. Yadda saxlamaq lazımdır ki, akademik məqalə müəllifinin əsas işi müəyyənləşdirdiyi mövzunu izah etmək və iddiasını sübut etməkdir ki, bu da araşdırma olmadan mümkün deyil.

Məsələn, müxtəlif məhkəmə işlərinə nəzər salınması sizə seçdiyiniz problemlə bağlı hakimlərin yanaşmasını müəyyənləşdirməkdə kömək edə bilər.[11] Bu, sizin mövzunu dərindən qavrayıb oxuculara dəqiqliklə çatdırmağınız üçün ən yaxşı üsuldur. Bununla belə, məhkəmə işləri yazacağınız mövzunu tənzimləyən qanunların tapılmasında da yönləndirici ola bilər. Lakin, müvafiq mənbələrin, eyni zamanda müvafiq qanunun tapılması ilə iş bitmir. Əgər müəllif qanunun əsas mahiyyətini anlamayıbsa, deməli, o, hələ qanunu tapmayıb.[12] Bu qayda məhkəmə işlərinə də aid edilir. Belə ki, hər hansı qanunu onun haqqında araşdırma etmədən (məsələn, qəbul olunma tarixini araşdırmadan) anlamaq çətin olduğu kimi, məhkəmə qərarlarını da ilk baxışda anlamaq, demək olar, mümkün deyil. Yalnız əlavə mənbələrə yönəlməklə buna nail olmaq olar. Beləliklə, doktrinal metoddan istifadə etməklə müəllif həmin mövzuda professionalların və həmçinin hüquqi yaradıcısı olan dövlətin fikrini qavraya bilər.

Yazmaqda olduğunuz məqalənin mövzusu müəyyən kütlələrin bu barədə fikirlərini də tələb edə bilər. Təsəvvür edin ki, siz “yetkinlik yaşına çatmamış şəxslərin nikahının hüquqi aspektləri” haqqında məqalə yazmaq fikrindəsiniz, ancaq bu haqda əhalinin (məsələn, bu yaşda uşağı olan valideynlərin və ya həmin yaşda uşaqların) fikirlərini almır, statistikasını aparmırsınız. Yəqindir ki, bu araşdırma aparılmadan yazılan məqalədə müvafiq əskikliklər olacaq və məqaləniz uğurlu alınmayacaq.

Buna görə də, tövsiyə olunur ki, vaxtın 60%-i araşdırmaya, 30%-i yazıya, 10%-i redaktəyə ayrılsın.[13]

NƏTİCƏ

Nəticə olaraq, araşdırmanın əsas mahiyyəti istinad veriləcək mənbələrin tapılmasından əlavə bu mənbələrdəki məlumatların özü haqqında da araşdırma etməkdə, onların ifadə etdiyi mənanı anlamaqdadır. Hüquqi araşdırma digər mərhələlərlə (ilham və yazı mərhələləri) qarşılıqlı əlaqədədir və onun yerinə yetirilməməsi digər proseslərin yarımçıq yerinə yetirilməsinə gətirib çıxaracaqdır. Bunun qarşısını almaq və ortaya keyfiyyətli iş çıxarmaq üçün hər bir müəllifin hüquqi araşdırmaya müraciət etməyi arzuolunandır.


İstinadlar:

[1] Ruthann Robson, Law Students as Legal Scholars: An Essay/Review of Scholarly Writing for Law Students and Academic Legal Writing, 7 NY City L. Rev. 195, 200 (2004).

[2] Yenə orada.

[3] Eugene Volokh, Academic Legal Writing: Law Review Articles, Student Notes, Seminar Papers, and Getting on Law Review, 12 (2007).

[4] Stephen Elias and Nolo Editors, Legal Research: How to Find & Understand the Law, 22 (2018).

[5] Yuxarıda istinad 1, 199.

[6] Yenə orada.

[7] Yuxarıda istinad 4, 23.

[8] Yuxarıda istinad 3, 90.

[9] Gerald Lebovits, Academic Legal Writing: How to Write and Publish, 78 New York State Bar Journal 64, 64 (2006).

[10] Salim Ibrahim Ali, Mohamed Yusoff Zuryati, and Amin Ayub Zainal, Legal Research of Doctrinal and Non-Doctrinal, 4 International Journal of Trend in Research and Development 493, 494 (2017).

[11] Yuxarıda istinad 3, 93.

[12] Shawn G. Nevers, Legal Research: The Importance of Legal Research, 41 Student Lawyer 19, 20 (2013).

[13] Agustín Parise, The 13 Steps of Successful Academic Legal Research, 38 International Journal of Legal Information 1, 4 (2010).


Müəllif: Ülkər Fərzəliyeva, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 2-ci kurs tələbəsi.