Məqalə Yazarkən Diqqət Edilməsi Vacib Olan Etik Məsələlər

Giriş

I. Yazıda plagiatçılıq

II. Akademik yazıda məxfiliyin qorunması

III. Etik qaydaların pozulması nə ilə nəticələnə bilər?

Nəticə

GİRİŞ

Etika dedikdə cəmiyyətdə geniş yayılmış, adətən, yaxşı və ya pis əməlləri müəyyənləşdirmək üçün nəzərdə tutulan qayda və prinsiplər başa düşülür.[1] Akademik yazıda da etik qaydalara riayət etmək onun etibarlılığı baxımından önəmli məqamlardandır. Etik qaydalara uyğun olaraq ərsəyə gətirilmiş yazı dedikdə mənbələri düzgün şəkildə göstərilmiş, bir məsələ ilə bağlı fərqli perspektivlər əks etdirilmiş, müxtəlif ideyalara hörmətlə yanaşılmış, eləcə də digər bənzər qaydalara riayət edilmiş yazı başa düşülür. Bu bloq yazısında akademik yazıda nəzərə alınmalı olan etik qaydaların bəzilərindən: plagiatçılığın qarşısının alınması, akademik yazıda konfidensiallığın təmin olunması, həmçinin bunların pozulmasının nəticələrindən danışılacaqdır.

I. YAZIDA PLAGİATÇILIQ

Akademik yazıda plagiatçılıq ən geniş yayılmış etik pozuntulardan biridir. Plagiatçılıq başqalarına məxsus ideyaları, ifadələri mənbə göstərmədən özününkü kimi təqdim etməkdir.[2] Buna, eyni zamanda, “akademik oğurluq” da deyilir.[3] Bəs bu pozuntunun qarşısını almaq üçün nə etməliyik?

Əgər yazıda başqalarının ideyalarından istifadə olunubsa, müraciət edilmiş bütün mənbələr istinadların verildiyi hissədə (“footnote” və ya “endnote”) göstərilməlidir. Belə ki, orijinal yazıda fikirlər mənbələrlə əsaslandırılır və bu halda ideya müəllifin özünün olsa belə, onun ilk dəfə əks olunduğu mənbəyə istinad verilməlidir.[4] Buna baxmayaraq, bəzi müəlliflər yazılarının digər mənbələrin törəməsi kimi görünəcəyindən ehtiyat edərək istinad verməkdən çəkinirlər.

Yazıda başqa müəlliflərin düşüncələrindən olduğu kimi istifadə olunursa, bunu dırnaq işarəsi ilə yazmaq və ya fikri parafraz edərək göstərmək zəruridir.[5]

Bəzi hallarda müəllif birbaşa sitat gətirməkdən çəkindiyi üçün mozaik plagiatdan istifadə edir. Mozaik plagiat – müəllifin əsl mənbəyə heç bir istinad vermədən bu mənbədən ifadələr götürərək onları uyğun sinonimlərlə əvəz etməsidir.[6] Bu halda müəllif öz ideyaları ilə orijinal müəllifin ideyalarını birlikdə istifadə edərək qarışıq situasiya yaratmış olur.[7] Bunun əvəzinə isə müəllif ideyanı öz sözləri ilə yazıb daha sonra orijinal mənbəyə istinad verməklə plagiatın qarşısını ala bilər.

Akademik yazıda şəxslərə istinad verməyə gərək yoxdur.[8] Belə ki, yazıda “X müəllifli məqalənin iddiasının yanlış olduğu qənaətindəyik” kimi ifadələrin təkrarlanması tavtalogiyaya səbəb olur.

II. AKADEMİK YAZIDA MƏXFİLİYİN QORUNMASI

Akademik yazıda xüsusi diqqət yetirilməli olan digər etik məqam məxfiliyin qorunması ilə bağlıdır. Ümumi mənada məxfilik və ya konfidensiallıq şəxsi məlumatların gizli saxlanılmasını əhatə edir.[9] Akademik yazıda da istifadə olunmuş məlumatların şəxslərin məxfiliyinə xələl gətirmədiyinə əmin olmaq lazımdır. Çünki şəxslərin məxfi məlumatlarından onların razılığı olmadan istifadə etmək konstitusional hüquqların pozulması ilə nəticələnir.[10] Buna yol verməmək üçün isə aşağıdakı qaydalara riayət etmək lazımdır:

1. Yazıda məxfi, məsələn, işçinin əvvəlki iş yeri haqqında məlumata yer verilə bilər. Bu halda həmin məlumatlar kommersiya sirri hesab oluna biləcəyindən istifadə üçün həmin yerdən icazə alınmalıdır.[11]

2. Əgər akademik yazıda şəxsin müsahibədə verdiyi məlumatlardan istifadə olunacaqsa, həmin şəxs deyilənlərin yazıda istifadəsi ilə bağlı əvvəlcədən xəbərdar edilməlidir.[12]

3. Şəxsən göndərilən imeyl, faks və ya məktubdan sitat gətirmək lazımdırsa, bu halda da müəllifdən icazə alınmalıdır. Çünki əksərən belə mənbələr şəxsi xarakterli məlumatları əhatə edir.[13]

Yuxarıda qeyd olunanlara əsasən bu nəticəyə gələ bilərik ki, şəxsi məlumatların istifadəsi üçün həmin şəxsdən razılıq alınmalıdır. Bununla belə, bəzi istisnalar da mövcuddur. Məsələn, müəllifə hər hansı bir mövzu ilə bağlı yazmaması barədə təhdidedici imeyl ünvanlanmışdır. Müəllif isə iddianın əsassız olduğunu sübut etmək məqsədilə bu yazıdan şəxsə xəbərdarlıq etmədən istifadə edə bilər.[14]

III. ETİK QAYDALARIN POZUNTUSU NƏ İLƏ NƏTİCƏLƏNƏ BİLƏR?

Akademik yazıda qeyd olunan etik qaydalara riayət olunmasının həm etik, həm də digər aspektlərdən müsbət tərəfləri məlumdur. Digər tərəfdən, etik qaydaların pozulması mənfi nəticələrə səbəb olur. Bunlara aşağıdakıları aid etmək olar:

1. Akademik yazıda etik qaydaların pozulması müəllifin şəxsi nüfuzuna mənfi təsir edir. Məsələn, müəllif yazısında plagiatdan istifadə edirsə, bu onun reputasiyasına xələl gətirəcəkdir.[15]

2. Sözügedən pozuntular eyni zamanda elmi jurnalların da işini çətinləşdirir. Belə ki, bu jurnallar akademik məlumatları özündə ehtiva edən mənbələr hesab edildiyindən,[16] akademik yazıların etik qaydalara əməl olunmasına xüsusilə diqqət yetirməlidir.

3. Əlavə olaraq, bu cür etik pozuntuların qarşısını almaq kifayət qədər çətin prosesdir. Belə ki, plagiatçılıqla mübarizə həm vaxt baxımından uzun, həm də maliyyə baxımından bahalı proses hesab olunur.[17]

4. Yazıda etik qayda pozuntuları akademik yazı sahəsinin nüfuzdan düşməsinə səbəb ola bilər.[18] Nəticədə, plagiata yol verməyən müəlliflərin də yazılarına qarşı müəyyən şübhələr yarana bilər.[19]

NƏTİCƏ

Akademik yazının etibarlılığını təmin etmək üçün etik qaydalara diqqət etmək xüsusilə vacibdir. Çünki yazıda plagiatçılığa yol verilməsi, konfidensiallığın pozulması müəllifin reputasiyasına xələl gətirməklə bərabər, ümumilikdə akademik yazının nüfuzuna da mənfi təsir göstərir. Məhz bu problemlərin qarşısını almaq üçün müəlliflər mənbələrə düzgün istinad verməli, məlumatlardan etik qaydalara uyğun istifadə etməlidirlər.


[1] Ethics, The Cambridge Dictionary of Philosophy (3rd ed. 2015).

[2] Miguel Roig, Avoiding plagiarism, self-plagiarism, and other questionable practices: A guide to ethical writing, The Office of Research Integrity, 3 (2003).

[3] Yenə orada, 4.

[4] Eugene Volokh, Academic Legal Writing: Law Review Articles, Student Notes, Seminar Papers, and Getting on Law Review, 260 (4th ed. 2010).

[5] Yenə orada.

[6] Yuxarıda istinad 2, 6.

[7] Yenə orada.

[8] Volokh, yuxarıda istinad 4, 261.

[9] Confidentiality, https://www.lexisnexis.co.uk/legal/glossary/confidentiality  (son baxış 23 mart 2023).

[10] Azərbaycan Respublikasının Konstitusiyası, mad. 32 (1995).

[11] Yuxarıda istinad 4, 263.

[12] Yenə orada.

[13] Yenə orada.

[14] Yenə orada.

[15] Michelle Bergada, Le plagiat académique, Comprendre pour agir, 18(2015).

[16] Yenə orada.

[17] Yenə orada.

[18] Yenə orada.

[19] Yenə orada.


Müəllif: Gülçin Məmmədyarova, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 2-ci kurs tələbəsi.