Hüquqi Analiz və Akademik Hüquqi Yazıda Analizin Rolu

Giriş

I. Hüquqi analiz nədir və önəmi nədən ibarətdir?

II. Hüquqi analiz zamanı nələrə diqqət edilməlidir?

III. Analiz düzgün aparılmadıqda nə baş verər?

Nəticə

GİRİŞ

Uğurlu hüquqşünası fərqləndirən əsas cəhətlərdən biri də onun güclü hüquqi analiz bacarığına malik olmasıdır. Belə ki, peşəkar hüquqşünas olmaq üçün yalnız qanunları bilmək kifayət etmir, eyni zamanda onları düzgün təhlil edərək müvafiq məsələyə doğru şəkildə tətbiq etmək də olduqca vacibdir. Hüquqi analizin önəmi praktikada olduğu kimi akademik hüquqi yazıda da özünü göstərir və bütün yazı prosesi boyunca müəllifi izləyir. Bəs hüquqi analizin akademik hüquqi yazıdakı əsas rolu nədən ibarətdir? Bu zaman hansı nüanslara diqqət etmək vacibdir? Bu bloq yazısında hüquqi analizin akademik hüquqi yazıdakı önəmindən, diqqət edilməli məqamlardan və düzgün aparılmayan analizin səbəb ola biləcəyi nəticələrdən bəhs ediləcək.

I. HÜQUQİ ANALİZ NƏDİR VƏ ÖNƏMİ NƏDƏN İBARƏTDİR?

Hüquqi analiz aparılma növündən asılı olaraq müxtəlif mənalar ifadə edən geniş bir anlayışdır.[1] Məsələn, müvafiq məhkəmə işi üzrə aparılan analiz (case law analysis) ilə akademik hüquqi yazıdakı analizin ortaq xüsusiyyətləri olsa da, onlar tamamilə eyni deyil və bir-birindən fərqlənir. Belə ki, akademik hüquqi yazıdakı analizdə müəllifin müvafiq məsələ ilə bağlı subyektiv fikirləri üstünlük təşkil etsə də, məhkəmə işi üzrə analizdə şəxsi düşüncələrə yer verilməsi düzgün hesab edilmir.[2] Məsələyə akademik hüquqi yazı nöqteyi-nəzərindən yanaşsaq, analiz sizə hansı məsələləri araşdırmağı və müvafiq problemi həll etmək üçün topladığınız mənbələrdən necə istifadə edəcəyinizi izah edən prosesdir.[3]

Hər hansı bir tədqiqat prosesinə başlamazdan əvvəl siz araşdırmaq istədiyiniz məsələni tam başa düşdüyünüzdən əmin olmalısınız. Bu zaman hüquqi analiz həmin məsələni anlamaqda sizə yardımçı olacaqdır. Buradan belə bir nəticəyə gəlmək mümkündür ki, hüquqi araşdırma özü də hüquqi analiz tələb edir. Əgər hüquqi analiz bacarığınız yoxdursa, araşdırma prosesini tamamlasanız belə, nəticələrini tam anlamayacaqsınız.[4]

Həmçinin hüquqi analiz araşdırılan məsələyə cavab tapmaqda da müəlliflərin köməyinə çatır. Yəni, bəzi məsələlərin heç də həmişə aydın bir cavabı olmur. Həmin məsələlərin elementlərini “puzzle” parçaları olaraq düşünsək, onları tapmaqda və düzgün şəkildə birləşdirməkdə sizə hüquqi analiz kömək edəcək.[5] Bununla belə, siz analizin nəticələrini də ətraflı izah etməyi bacarmalısınız. Əgər izah edə bilmirsinizsə, bu o deməkdir ki, analiz düzgün aparılmayıb.[6]

Digər tərəfdən, hüquqi analiz yazı prosesinin ilk mərhələsi olan yazıya hazırlıq mərhələsinin də mühüm hissəsini təşkil edir. Analiz və yazı proseslərinin bir-birindən ayrı olduğu düşünülsə də, bu belə deyil. David McCloskey-in də qeyd etdiyi kimi, “yazmaq düşünməkdir”.[7] Qısacası, hüquqi analiz və yazı daim qarşılıqlı əlaqədədir və bütün proses boyu bir-birini tamamlayırlar.

II. HÜQUQİ ANALİZ ZAMANI NƏLƏRƏ DİQQƏT EDİLMƏLİDİR?

Hüquqi analizin uğurlu olması üçün ilk olaraq sizin konkret bir tezisiniz olmalıdır.[8] Tezis yazının əsas ideyası kimi başa düşülür. Ortada bir tezis olmadıqda yazı öz mahiyyətini itirəcək və maraqsızlaşacaq. Bunun əsas səbəbi müəllifin sadəcə müəyyən bir mövzunu təsvir etməsi, yazıda hüquqi analizə yer verməməsidir. Digər bir problem isə yazıda bir neçə tezisin olmasıdır.[9] Belə ki, yazıda eyni anda bir neçə tezisə yer verilməsi həm oxuculara əsas məğzi başa düşməkdə çətinlik yaradacaq, həm də müəllifin özündə çaşqınlığa səbəb olacaq. Bu halda yaxşı olar ki, yazıda sadəcə bir tezisə yer verib onu ətraflı şəkildə izah edəsiniz.

Bundan əlavə, tezisin oxuculara aydın şəkildə çatdırılması da bir o qədər vacibdir.[10] Bu səbəbdən müəlliflər yazıda əsas iddianın nədən ibarət olduğunu oxuculara yazının əvvəlində söyləməli və bütün proses boyunca onu analiz edərək oxuculara izah etməlidirlər.[11]

Hüquqi analiz zamanı diqqət etməli olduğunuz digər bir məqam isə onun mərhələli və mütəşəkkil şəkildə aparılmasını təmin etməkdir.[12] Analizin sistemliliyinə nail olmaq üçün o, müvafiq hissələrə bölünməli və mərhələli şəkildə aparılmalıdır. Bu zaman məsələnin hər bir elementi ayrılıqda, nizamlı şəkildə araşdırılmalı və izah edilməlidir. Son olaraq, analizin uğurlu olması üçün o, yazıda dəqiq və sadə şəkildə ifadə olunmalıdır.[13] Belə ki, oxucular yazıdakı mücərrəd fikirləri anlamaqda çətinlik çəkirlər. Bu halda müəlliflər həmin fikirləri aydınlaşdırmaq üçün konkret nümunələr göstərə bilər və yaxud mümkün olduqda fikirlərini daha sadə şəkildə ifadə edə bilərlər.

III. ANALİZ DÜZGÜN APARILMADIQDA NƏ BAŞ VERƏ BİLƏR?

Hüquqi analizin effektiv və düzgün aparılması yazının keyfiyyətini müəyyən edən əsas kriteriyalardandır. Əvvəl də qeyd edildiyi kimi, hər hansı bir tədqiqat prosesində ilk addım araşdırılacaq məsələnin başa düşülməsidir ki, bu da öz növbəsində hüquqi analiz ilə mümkündür. Analiz düzgün aparılmadığı təqdirdə müvafiq məsələ də düzgün müəyyən edilməyəcək və nəticədə uğursuz yazı ərsəyə gəlmiş olacaq. Bu da öz növbəsində müəllifin reputasiyasına mənfi təsir göstərəcək.

Bundan başqa, siz araşdırma apararkən mövzu ilə bağlı bir neçə mülahizə ilə qarşılaşa və onların hər birini yazınıza daxil etmək istəyə bilərsiniz. Bu zaman mülahizələrin hər birini ayrı-ayrı və hərtərəfli analiz etməlisiniz. Əgər eyni anda bir neçə məsələni araşdırmağa və təhlil etməyə çalışsanız, bu sizi çaşdıracaq və analizi yanlış istiqamətdə aparmış olacaqsınız.[14] Beləliklə də, sonda düzgün nəticəyə gəlməyəcək, vaxtınızı itirəcək, başqa sözlə, zamanınızdan səmərəli istifadə etmiş olmayacaqsınız.

NƏTİCƏ

Hüquqi analiz yazı prosesinin ayrılmaz hissəsi olmaqla, uğurlu akademik hüquqi yazının ərsəyə gəlməsində mühüm rol oynayır. Analiz müəlliflərə təqdim olunan məsələni tam başa düşməkdə və onu yazıda uğurlu ifadə etməkdə yardımçı olur. Bu zaman müəlliflərin diqqət etməli olduğu bir sıra məqamlar var ki, onlara əməl olunmadıqda bu yazının gedişatına mənfi təsir göstərir və onun uğursuzluqla nəticələnməsinə səbəb olur. Buna görə də müəlliflərin həmin məqamları nəzərə alması və yazı zamanı onları düzgün şəkildə tətbiq etməsi olduqca labüddür.


İstinadlar:

[1] William H. Putman, Legal Analysis and Writing, 31 (3rd ed. 2008).

[2] Yenə orada, 41.

[3] Suzanne E. Rowe, Legal Research, Legal Writing, and Legal Analysis: Putting Law School into Practice, 29 Stetson Law Review 1193, 1197 (2000).

[4] Yenə orada, 1198.

[5] Yenə orada.

[6] Yenə orada.

[7] Richard K. Neumann Jr., Legal Reasoning and Legal Writing, 57 (4th ed. 2001).

[8] Pamela Samuelson, Good Legal Writing: of Orwell and Window Panes, 46 University of Pittsburgh Law Review 149, 151 (1984).

[9] Yenə orada.

[10] Yenə orada, 152.

[11] Yenə orada.

[12] Yenə orada, 155.

[13] Yenə orada, 156.

[14] Putman, yuxarıda istinad 1, 35.


Müəllif: Gültəkin Səfərli, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 2-ci kurs tələbəsi.