Hüquq məqaləsi yazmaq üçün nədən başlamalıyam?

Giriş
I. İddianın tapılması
II. İddia necə olmalıdır?
III. Adın seçilməsi
IV. Araşdırma
V. Nəticə

GİRİŞ

Məqalə yazmaq tələbənin akademik fəaliyyətində xüsusi bir pillədir. Məqaləyə başlamamışdan əvvəl qarşınıza bir məqsəd qoymalısınız. Əgər siz yazma səbəbinizi bilməsəniz, bunu oxucunuz da bilməyəcək. Qarşınıza məqsəd qoyduqda məqalənizin  uğurlu olma şansını artıracaqsınız. Məqalə yazarkən müəlliflərin 4 ümumi məqsədi olur:[1]

  • Məlumatlandırmaq. Hər birimizin daha çox informasiyaya sahib olduğu sahələr var və tez-tez bir-birimizlə informasiya mübadiləsi edirik.
  • İnandırmaq. Sizin də, güman ki, hansısa məsələ üzrə araşdırma zamanı  yanaşmanız formalaşır. Bu düşüncələrinizi oxucunuza çatdırmaq istəyə bilərsiniz.
  • Özünü ifadə etmək. Uğurlu məqalə vasitəsilə hüquqşünas və ya tələbə olaraq nüfunuzu da artırmış olursunuz.
  • Oxucunun marağını cəlb etmək. Müəlliflər maraq cəlbedən yazı üslubu ilə oxucunun çətin və sıxıcı informasiyanı qəbul etməsinə kömək edə bilər.

Bunlarla yanaşı, məqalə yazmağın xüsusi məqsədləri də olur. Məqalə yazmaqla akademik hüquqi yazı və araşdırma qabiliyyətinizi inkişaf etdirə, həmkarlarınızdan fərqlənə, hətta bəzi aktual məsələlərə həll yolu aça bilərsiniz.

Tutaq ki, hüquq məqaləsi yazmaq  qərarına gəldiniz. Bəs məqalə yazmaq üçün ilk öncə nədən başlamalı?

I. İDDİANIN TAPILMASI

 İddia məqalənin konkret olaraq hansı sualı cavablandırması ilə əlaqəlidir. Məqalənin əsas məqsədi özünü iddiada tapır. İddianın tapılması üçün ilk öncə problem müəyyən edilməlidir. Başqa cür desək, iddia seçdiyiniz problemin həll yolu kimi çıxış edir. İddia üçün problemi maraq dairənizdə olan bir sahədən müəyyən etməlisiniz. Problemin marağınızı cəlb etməyən sahədən olması bir müddətdən sonra araşdırmanızı yarıda qoymağınıza səbəb ola bilər.

 İddia üçün ən uyğun  problem yeni qəbul edilən qanunlar və ya məhkəmə qərarları arasından seçilə bilər. Ümumiyyətlə, yeni qəbul edilən qərarların ətrafında yazılan məqalələr, hətta qanunvericiliyin düzgün tətbiqinə və inkişafına da təsir edə bilər. Eyni zamanda maraqlandığınız sahələrə aid məhkəmə qərarlarını oxuyub əsas problemlərlə qarşılaşa bilərsiniz.[2] Hal-hazırda məhkəmə qərarlarına irad və ya təklif şəklində yazılan məqalələr az deyil və məhkəmə proseslərində bunlara istinad olunması da mümkündür. Bunlardan əlavə, cari sosial və praktiki problemlər iddia mövzusu olmaq üçün kifayət qədər uyğundur. Bu kontekstdə yazılan məqalələr, əsasən, aydınlaşdırıcı mahiyyət daşıyır.

Əlavə olaraq, praktiki hüquqşünaslardan qarşılaşdıqları, həlli tapılmayan vacib məsələlər barədə soruşa bilərsiniz. Akademik  yanaşması olan, yəni daha əvvəl hüquq jurnalına məqalə yazmış hüquqşünaslara müraciət etməyiniz daha səmərəli ola bilər.[3]

II. İDDİA NECƏ OLMALIDIR?

Tapılan iddia necə olmalıdır ki, oxucunun diqqətini cəlb etsin? Əvvəla, iddia yeni və qeyri-aşkar olmalıdır. Yeni iddia dedikdə indiyə qədər irəli sürülməmiş iddia başa düşülməlidir. Xüsusilə də, qeyri-aşkar iddia oxucu kütləsinin maraq dairəsindədir. Qeyri-aşkar iddia isə hər kəs üçün aydın olmayan məsələni özündə ehtiva edir. Faydalılıq da iddia üçün əsas ünsürlərdən biridir. Aydındır ki, hüquqşünasın vaxtı məhduddur və o, məhdud olan vaxtını ona səmərə gətirməyəcək məqalə ilə sərf etmək istəməz. Faydalı məqalə hüquq elminin inkişafına da töhfə verə bilər.

İddia sadalanan xüsusiyyətlərin hamısını özündə cəmləşdirsə də, məntiqli olmayan iddia ətrafında yazılan məqalə gözlənilən nəticəni verməyəcəkdir. Məntiqilik hüquqşünasın ayrılmaz “hissəsi”dir.

Məqaləyə problem  axtarılan zaman da bəzi istisnalara yol verilməlidir. Məsələn, iddia üçün həlli olmayan hər hansı problemdən istifadə edilərsə, bu, sözsüz ki, iddianın formalaşdırılmasına çətinlik törədəcək.[4] Parlament və ya məhkəmənin gündəliyində olan məsələ ətrafında məqalə yazmaq da məsləhət görülmür, belə ki, həmin məsələ qanunverici tərəfindən qəbul edilmədiyi təqdirdə məqalə əhəmiyyətini itirmiş olacaq.

 III. ADIN SEÇİLMƏSİ

Ən uyğun iddia tapıldıqdan sonra növbəti mərhələ adın seçilməsidir. Adın yanlış seçilməsi oxucunun məqalə haqqında düşüncələrini dəyişə bilər. İlkin tələb odur ki, ad mətnə uyğun olsun. Əks halda, məqaləni oxuyan şəxs gözlədiyi nəticəni əldə etməz və oxucuda müəlliflə bağlı mənfi fikir yarana bilər. Ad, həmçinin qısa və konkret olmalıdır ki, oxucuya ilk baxışdan yorucu və vaxt itkisi kimi görünməsin. Eyni zamanda seçdiyiniz adın cəlbedici olmasını da təmin etməlisiniz. Bu zaman məqalə sahə ilə maraqlanmayan hüquqşünasın belə diqqətini cəlb edə bilər.

IV. ARAŞDIRMA

İnamlı araşdırmaçı olmaq müxtəlif fikirlərə necə cavab vermək, onları necə əlaqələndirmək və öz fikirlərini digərlərinin düşüncələri ilə yanaşı təqdim etmək deməkdir. Araşdırmaya başladığınız zaman istiqamətləri əvvəlcədən təyin etməlisiniz.[5] Fikirləriniz inkişaf etdikcə prosesin sizi gözlənilməz istiqamətlərə yönəltdiyini müşahidə edəcəksiniz. Şübhəsiz ki, yaranan suallar sizdən yeni araşdırma strategiyaları qurmağı, əlavə mənbələr axtarmağı və ilkin fərziyyələrinizin düzgünlüyünə şübhə ilə yanaşmağınızı tələb edəcək.

Müəllif, xüsusən, araşdırma mərhələsində daha diqqətli olmalıdır. Əsas məsələ mənbənin etibarlılığıdır ki, xəbər saytları, “Wikipedia” və bənzər informasiya vasitələri etibarlı mənbə hesab edilmir. Ümumilikdə hüquq alimlərinin fikirlərinə, kitablarına, məqalələrinə, müqavilələrə istinad olunmalıdır. Lazımi mənbələrin tapılması zamanı HeinOnline, Westlaw və LexisNexis kimi hüquqi araşdırma bazalarından istifadə edə bilərsiniz.

Məqalədə istifadə edilmiş kitab və məqalələrə istinad etmək gərəkdir. Hətta çap olunmuş online variantı olmayan kitablara da istinad etməyi unutmaq olmaz. Yalnızca “Google Books”da yerləşən və çap olunmayan kitabların isə mənbə kimi etibarlılığı  nəzərdən keçirilməlidir.[6]

Mənbələrdən qeydlər götürdüyünüz və bunları yazdığınız zaman öz sözlərinizi işlədin. Hansı sözlərin sizə aid olduğunu və hansıları mənbədən götürdüyünüzü göstərən hər hansısa bir işarədən istifadə etmədən sadəcə elektronik vasitələrdən mətnləri kopyalamaqdan qaçının. Hətta siz müəllifin düşüncələrini öz düşüncəniz ilə qarışdırmaq və ya müəllifin sözlərini sadəcə sinonimləri ilə əvəz etməklə də plagiata yol vermiş olursunuz, bu isə ciddi akademik “cinayət” hesab olunur.[7]

Araşdırmanı nə zaman bitirmək olar? Bunu dəqiqliklə demək qeyri-mümkündür. Hər zaman kifayət qədər yaxşı nümunəni tapmamaq riski mövcuddur.

Yazmağa başlamaq araşdırmanın bitməsi demək deyil. Bu, sadəcə sizin ilkin enerjinizin yazıya çevrilməsi deməkdir. Yazdığınız müddət ərzində müşahidə edəcəksiniz ki, sizin əvvəlki araşdırmanız problemin bəzi əhəmiyyətli aspektlərinə kifayət qədər toxunmayıb. Bununla əlaqədar əlavə araşdırmaya ehtiyacınız olacaq.[8]

V. NƏTİCƏ

Bu bloq yazısı sizə məqalə yazılması prosesinin əhəmiyyətli mərhələlərindən bəhs etdi. . Düzgün iddianın irəli sürülməsi, araşdırma və ən uyğun adın seçilməsi məqalənin və müəllifinin nüfuzu üçün çox böyük əhəmiyyətə malikdir. Bunlar oxucunun ilk baxışdan məqaləniz barədə düşüncələrinə təsir edə və məqalənizin digərlərindən seçilməsinə səbəb ola bilər. Məqalənin oxucular tərəfindən bəyənilməsi müəllifin lehinədir. Növbəti məqalələrinin dərc olunması zamanı  müəyyən oxucu kütləsinin yaranması bir əvvəlki qədər çətin olmayacaq və hər növbəti məqalədə oxucuların sayı getdikcə artacaq. Nəticə olaraq, iddia, məqalənin adı və araşdırma prosesi məqalənin təməlləri sayılır.


İstinadlar:

[1] James A. Reinking and Robert Von Der Osten, Strategies for Succesful Writing, 3. (11th ed. 2017).

[2] Eugene Volokh, Academic Legal Writing, 29. (4th ed. 2010).

[3] Volokh, 30.

[4] Volokh, 43.

[5] Diana Hacker and Nancy Sommer, Rules for Writers, 396. (8th ed. 2016).

[6] Volokh, 90.

[7] Hacker and Sommers, 410.

[8] Volokh, 86.


Müəllif: Kənan Abdullayev, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II  kurs tələbəsi