GİRİŞ
Akademik hüquqi yazının əsasını təşkil edən məqalələr sadəcə tələbələrin yox, eləcə də peşəkar hüquqşünasların və hüquq təhsili olmayan şəxslərin oxuması üçün də nəzərdə tutulur. Yazdığınız məqalə ilə müəyyən sosial və ya hüquqi problemə həll təklif edə, müqayisəli analiz apara və ya ümumi hüquqi vəziyyəti təsvir edə bilərsiniz. Məqalənin geniş oxucu kütləsinə malik olması və daha çox müəllif tərəfindən istinad edilməsi onun keyfiyyət göstəricilərindəndir. Məqalənizin oxucu kütləsini müəyyən edən əsas meyar isə “maraq”dır. Burada nəzərdə tutulan maraq həm oxucuların, həm də müəllifin marağının məcmusudur. Yəni, siz məqalə yazarkən həm özünüz seçdiyiniz mövzu ətrafında araşdırmalar aparmaqdan həzz almalı, həm də oxucularınızın istəklərini nəzərə almalısınız.[1] Maraqlar məcmusunu formalaşdırmaq üçün bir neçə vacib məqamı gözləmək şərtdir. Bu bloq yazısında məqalənizin geniş oxucu kütləsinin marağını cəlb etməsi üçün gözləməli olduğunuz məqamlar, məqalənizin hansı tələblərə cavab verməli və hansı mərhələlərdən keçməli olduğundan bəhs edəcəyik.
I. DÜZGÜN İDDİA SEÇİMİ
Maraqlı məqalə yazmaq üçün əsas şərtlərdən biri olan düzgün iddianın seçilməsi geniş mənada sizin yazacağınız mövzunu da müəyyən edir. Belə ki, iddia seçmək üçün siz ilk öncə hər hansı bir problemi aşkara çıxarmalı, daha sonra isə bu problemi həll edəcək iddianı təklif etməlisiniz.[2] Müəllif məqalə boyu öz iddiasını əsaslandırmaq və sübuta yetirmək üçün müxtəlif mənbələrə istinad edir, onları analiz edir və sonda öz iddiası ilə uyğunluğunu əsaslandırır. Yaxşı iddia qeyri-aşkarlıq, yenilik və faydalılıq kimi bir sıra tələblərə cavab verməlidir.[3] Bununla belə yaxşı iddianızın olması hələ hər şey demək deyil. Siz oxucularınızla “ünsiyyət qurmağı” bacarmalısınız. Bu bir növ yazınız vasitəsilə oxucularla söhbət etmək deməkdir.
Məqalə yazarkən bilməli olduğunuz bir digər məsələ bundan ibarətdir ki, sizin məqalənizi oxuyan hər kəs ona eyni münasibətlə yanaşmayacaq. Yəni oxucular sırf oxumaq, öyrənmək, məlumat almaq üçün yox, həm də öz araşdırma və ya yazılarında etibarlı mənbəyə istinad etmək üçün sizin məqalənizi seçmiş ola bilər. Böyük ehtimalla oxucularınızın bir qismi məqalənizi cümlə-cümlə oxumaq əvəzinə sırf ona lazım olan hissəni, öz maraqlarına uyğun olan informasiyanı tapmaq üçün buradadır.
II. OXUNAQLILIQ
Məqalə yazarkən diqqət etməli olduğunuz nüanslardan biri də oxunaqlılıqdır. Oxunaqlılıq meyarına geniş təfsir vermək olar, lakin məqalənin oxunaqlılığı dedikdə daha spesifik məsələlərə toxunmaq zərurəti yaranır. Fərz edin ki, məqalə müəllifi kimi siz müəllim, oxucu kütləniz isə dərs dediyiniz auditoriya-tələbələrinizdir. Bu zaman istər-istəməz sizin məqalənizə olan yanaşma tərziniz də dəyişəcək. Belə ki, siz artıq bu məqalə vasitəsilə öz xəyali tələbələrinizə müəyyən bilikləri aşılamalı və onları mövzudan agah etməli olursunuz. Bunun üçün cümlələrinizin maksimum produktiv və informativ formada olması vacibdir. Yazdığınız cümlələrdə yeni və maraqlı məlumatlar versəniz, bu oxucuda məqaləni davam etdirmək istəyini artıracaq. Çünki məqalədə ümumi və hamı tərəfindən bilinən informasiyaların istifadə olunması oxucu kütləsinin marağına ziddir. Bundan başqa araşdırmanızın ətraflı olmasını göstərməli və oxucuya yazdığınız mövzu haqqında həqiqətən də geniş biliyə malik olduğunuzu sübut etməlisiniz.[4] Bu oxucularınızda sizə olan güvəni və məqaləyə olan inamı artıracaqdır.
“Tələbələr”inizin diqqətini çəkməyin bir digər yolu da cəlbedici başlıqların seçilməsidir. Məqaləni yazan zaman paraqrafların əvvəlində və ya başlıqlarda sual qoya bilər, həmin paraqrafda isə o sualı cavablandıra bilərsiniz.[5]
Məqalənin gövdə hissəsini tərtib edərkən qurduğunuz cümlələrə xüsusi həssaslıqla yanaşmalısınız. Ağır terminologiyadan, klişelərdən qaçmalı, öz sözlərinizə daha çox yer verməlisiniz.[6] Mürəkkəb və oxucu tərəfindən anlaşılması çətin olan sözlərə izah verə və ya nümunələrlə başa sala bilərsiniz. Bu, oxucu ilə sizin aranızdakı “səmimiyyəti” artıracaqdır. Ən əsas məqamlardan biri: sizin məqaləniz hüquq biliyi və təhsili olmayan şəxslər tərəfindən oxunduğu zaman da anlaşılacaq dildədirmi? Məqalənin dili oxucu kütləsinin səviyyəsinə uyğun yazılıbmı? Əgər sualların cavabı “hə”-dirsə, siz özünüzü bu missiyanı tamamlamış hesab edə bilərsiniz.
III. TƏQDİMAT
Məqaləni təkcə paraqraflar, abzaslar və cümlələrlə dolu bir mətn kimi təsəvvür etmək düzgün deyil. Öz məqalənizi daha maraqlı və oxunaqlı etmək üçün siz əlavə vasitələrdən, yəni şəkil, qrafik, statistik göstərici, vizual elementlər və s. kimi üsnsürlərdən də istifadə edə bilərsiniz. Əlavə vasitələrin istifadəsi həm məqalənizdəki estetik quruluş, həm də öz fikir və düşüncələrinizi daha asan yolla izah etmək baxımından faydalı olacaqdır. Belə ki, uzun-uzadı cümlələr və paraqraflar bir müddət sonra sıxıcı və yorucu olmağa başlayır. Qeyd olunan vasitələrin istifadəsi ilə siz oxucuya vəziyyəti bir anlıq öz təxəyyülündə canlandırmaq üçün də imkan yaratmış olursunuz. Əlavə elementlər verdiyiniz məlumatların oxucular tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edəcəkdir. Nəzərə almaq lazımdır ki, insanlar tək oxuduqları və eşitdikləri ilə deyil, eləcə də gördükləri ilə informasiyanı qəbul və emal edir. Bəzən sadə bir qrafiklə verilən məlumat həmin məlumatın onlarla səhifədə yazılmasından daha effektiv və faydalı olur. Cinayət hadisələrinin və ya məhkəməyə müraciət saylarının göstərilməsi, dövlətlərin beynəlxalq müqavilə və konvensiyalara qoşulması və s. buna misal ola bilər.
Əlavə olaraq bu vasitələr araşdırma nəticələrinizi düzgün təqdim edilməsinə də mühüm rol oynayacaqdır. Bilmək lazımdır ki, öz biliklərinizi nə qədər sadə dillə və nə qədər çox şəxsə çatdıra bilirsinizsə, sizin fikriniz də bir o qədər təsirli olur.
NƏTİCƏ
Məqalə yazarkən etibarlı mənbələrdən istifadə, düzgün araşdırma və dəqiq analizlə yanaşı məqalənin oxucu kütləsinin maraqlarına xitab etməsi də çox vacib ünsürlərdən biridir. Məqalənizi sözün əsl mənasında sanballı edəcək olan geniş oxucu kütləsi və məqaləyə edilən istinad sayının artımı üçün maraq əsas şərtdir. Oxucu kütlənizin marağını cəlb etmək və maraqlı məqalə yazmaq üçün ilk öncə özünüzün də marağını cəlb edən bir mövzu seçməlisiniz. Sonrakı addım araşdırma nəticələrinizin oxunaqlı formada oxuculara çatdırılması və son olaraq yardımçı vasitələrdən istifadədir.
İstinadlar:
[1] Oxford Royale Academy, 13 Ways to Make Your Writing More Interesting to Read , (2014), https://www.oxford-royale.com/articles/make-writing-interesting.html#aId=04de6e63-917a-4e57-a904-f2e54d4ef3b9 (last visited October 3, 2019).
[2] Eugene Volokh, Academic Legal Writing, 29 (4th ed., 2010).
[3] Yenə orada, 27.
[4] University of Leeds, Academic Writing, https://library.leeds.ac.uk/info/14011/writing/106/academic_writing/4 (last visited November 1, 2019).
[5] The Writing Cooperative, 6 Ways To Make Your Articles Exciting, https://writingcooperative.com/6-ways-to-make-your-articles-exciting-b1c8b03eb18f (last visited November 1, 2019).
[6] University of Leeds, Academic Writing, https://library.leeds.ac.uk/info/14011/writing/106/academic_writing/5 (last visited November 1, 2019).
Müəllif: Ceyhun Xəlilov, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 2-ci kurs tələbəsi.