Diffamasiyanın dekriminallaşdırılması prosesi: Müqayisəli təhlil üzrə ziddiyyətli qanunlar labirintindən qaçış

9 Baku St. U. L.Rev. 159 (2023)
Article language: İngiliscə.

Annotasiya
Diffamasiya hüququ mətbuat azadlığının qorunması və təmin edilməsi ilə bağlı aktual məsələlərdən biridir. Diffamasiyanı tənzimləyən qanunlar düşüncələrin, ideyaların, rəylərin, münasibətin və ya emosiyaların sərbəst ifadə edilməsinə şərait yaradır və nəticədə, demokratik cəmiyyətdə insanların inkişafını təmin edir. Beləliklə, bu qanunlar təkcə diffamasiyanı dekriminallaşdırmaqla qalmır, həm də əsas prinsip və dəyərləri qoruma altına alır. Buna baxmayaraq, inkişaf etməkdə olan ölkələrin əksəriyyəti qabaqcıl demokratik dövlətləri örnək götürərək diffamasiyanı dekriminallaşdıran qanunları qəbul etməyi nəzərdən keçirmir. Bu əsnada ümumi hüquq sistemi ölkələri söz azadlığı və media işçilərinin hüquqlarını şəxsi hüquqların dominantlığından qorumaq üçün xüsusi diffamasiya hüquq təcrübəsi formalaşdırmışdır. Avropa Şurası da iştirakçı dövlətlərə diffamasiyanın dekriminallaşdırılması üçün hüquqi tədbirlər görülməsini tövsiyə etmişdir. Regionun əsas kontinental hüquq dövlətləri kimi tanınan Fransa və Almaniyanın hüquq sistemləri qeyd olunan tövsiyəyə uyğunlaşmaq üçün bir sıra cəhdlər göstərmişdir.
Avropa Şurasına üzv dövlətlərdən biri olan Azərbaycanda diffamasiya xarakterli bəyanatların yayılmasını qadağan edən cinayət sanksiyaları hələ də mövcuddur. Qeyri-mütənasib cəza təyinləri və hətta mülki işlər üzrə qeyri-mütənasib cərimə sanksiyaları Konvensiyanın 10-cu maddəsinin pozulması ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Azərbaycana qarşı çoxsaylı qərarların çıxarılmasına səbəb olmuşdur. Analitik məqsədlər üçün ifadə azadlığının pozulması ilə bağlı Avropa Məhkəməsinin iki seçilmiş qərarı müzakirə edilir. Sonda məqalə boyu sadalanan konstitusional problemlərin aradan qaldırılması ilə bağlı tövsiyələr vurğulanaraq müvafiq hüquqi həll yolları təklif olunur.

Bu post həm də digər dildə mövcuddur: English