Məqalənin dili: Azərbaycanca.
Annotasiya
Bitki müxtəlifliyinin hüquqi mühafizəsi əqli mülkiyyət hüququnun predmetinə sonralar daxil olsa da, müasir dövrdə iqtisadiyyatı kənd təsərrüfatından asılı olan dövlətlərin xüsusilə diqqət yetirdiyi sahələrdən birinə çevrilmişdir. Bu xüsusda, dövlətlər bir tərəfdən bitki müxtəlifliyinin qorunub saxlanılması, digər tərəfdən isə yeni bitki növlərinin hüquqi mühafizəsinə dair tədbirlər görürlər. Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası da bitki müxtəlifliyinin hüquqi mühafizəsinin müxtəlif aspektlərinə dair qanunlar qəbul etmiş, bir sıra beynəlxalq konvensiyalara üzv olmuşdur. Bu konvensiyalara “Yeni bitki sortlarının mühafizəsi haqqında” (UPOV), Birləşmiş Millətlər Təşkilatının “Bioloji müxtəliflik haqqında”, eləcə də “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyalar aiddir. Bununla belə, sui generis tənzimləmə tələb edən bitki müxtəlifliyinin hüquqi mühafizəsi Azərbaycan əqli mülkiyyət hüquq ədəbiyyatında tədqiq edilməyən sahələrdən biri olaraq qalmaqdadır.
Məqalədə Azərbaycan Respublikasında bitki müxtəlifliyinin, xüsusilə, seleksiya nailiyyətlərinin əqli mülkiyyət hüquqları ilə mühafizəsi rejiminin effektiv olub-olmaması sualına cavab axtarılacaq, “Yeni bitki sortlarının mühafizəsi haqqında” Beynəlxalq Konvensiya – UPOV Konvensiyasının sui generis mühafizə modeli tədqiq ediləcəkdir. Həmçinin məqalədə effektiv sui generis sistemi təmin edən məcburi lisenziya, patent barədə məlumatların açıqlanması, üçüncü şəxslərin patentə etiraz etməsi hüququ da araşdırılır. Sonda isə UPOV Konvensiyasının üzvü olan dövlətlərin təcrübəsindən nümunələr verməklə bu sahə üzrə milli qanunvericilikdəki mövcud boşluqlara diqqət çəkilir və onların aradan qaldırılması üçün təkliflər verilir.
Bu post həm də digər dildə mövcuddur: English