Hüquqi yazı sənəti hüquq təhsili və düzgün yazı yazmaq qabiliyyətindən daha çoxunu tələb edir: lazımi hüquqi biliyə sahib olmaq, məsələlərə tənqidi yanaşa bilmək, yenilikçi olmaq, daim araşdırmaq və bütün bunların fonunda hüquqi ideyaları ifadə edə bilmək üçün yüksək yazı bacarığına malik olmaq.
Təəssüflər olsun ki, Azərbaycan hüquqşünasları bu yolda indiyə qədər kompassız şəkildə irəliləmiş, hüquqi yazı barəsindəki məlumatları çoxsaylı xarici mənbələrdən araşdırmalı olmuşlar. Ona görə ki, yerli ədəbiyyatda akademik hüquqi yazının hansı tələblərə cavab verməli olduğu və yazının necə ərsəyə gətirilməsi ilə bağlı əhatəli bir bələdçi və ya sistemli bir mənbə mövcud deyildi. Akademiyamızdakı bu boşluq isə hüquqa töhfə vermək istəyən parlaq beyinlərin qarşısında duran səssiz bir maneə idi.
Redaksiya Heyəti olaraq məhz bu boşluğu doldurmaq məramı ilə Jurnalın çoxillik təcrübəsi əsasında Akademik hüquqi yazı kitabçası ərsəyə gətirmək qərarına gəldik. Kitabçanın hazırlanmasında əsas məqsəd akademik hüquqi yazı ilə məşğul olmaq istəyən şəxslər üçün bələdçi rolunu oynamaq və bu yolda onlara işıq tutmaqdır. İnanırıq ki, bu Kitabça hüquq akademiyasının inkişafına töhfə vermək istəyən müəlliflərə yol göstərəcəkdir.
Bu post həm də digər dildə mövcuddur: English