Məqalənin dili: İngiliscə.
Annotasiya
Məqalədə insan hüquqları və beynəlxalq iqlim dəyişikliyi hüququnun zamanla inkişaf edən kəsişməsi araşdırılır. Yazıda fəlakət riski olan ərazilərdə yaşayan həssas icmaları qorumaq və ekoloji ədaləti bərpa etmək üçün insan hüquqlarına əsaslanan yanaşmanın vacibliyi vurğulanır. Qeyd edilir ki, əvvəlki iqlim razılaşmalarında insan hüquqlarına dair məsələlərə yer verilməmiş, bu yanaşma, ümumiyyətlə, nəzərə alınmamışdır. Bununla belə, son dövrlərdə BMT İnsan Hüquqları Şurası və BMT Baş Assambleyası tərəfindən qəbul edilən və təhlükəsiz, təmiz, sağlam, dayanıqlı ətraf mühit hüququnu əsas insan hüququ kimi təsbit edən qərarlar təhlil edilir. Eyni zamanda məqalədə Bakıda keçiriləcək COP29 konfransı kontekstində İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın minalarla çirklənməsi kontekstində antropogen müdaxiləyə qarşı tədbirlərin görülməsinin təxirəsalınmaz olduğu vurğulanır. Həmçinin insan hüquqlarının iqlim siyasətinə inteqrasiya edilməsinin ətraf mühitin qorunması və ədalətli həll yollarının tapılması üçün həyati əhəmiyyət daşıdığı iddia edilir. Bununla yanaşı, məqalə Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən baxılan “Verein KlimaSeniorinnen Schweiz və digərləri İsveçrəyə qarşı” kimi işlərə istinad edərək iqlim dəyişikiyi ilə bağlı insan hüquqlarına əsaslanan məhkəmə işlərinin artan tendensiyasını təhlil edir. Əlavə olaraq, məqalədə Beynəlxalq Ədalət Məhkəməsinin iqlim dəyişikliyinə görə dövlətlərin məsuliyyəti ilə bağlı verəcəyi Məsləhət Rəyinin mümkün təsirlərinə nəzər salınır və müharibədən təsirlənmiş icmalar kimi həssas qruplara xüsusi diqqət yetirməyin zəruriliyi vurğulanır. Nəticədə, məqalə insan hüquqları, iqlim ədaləti və münaqişədən sonrakı bərpa səylərini bir araya gətirən kompleks yanaşmanı müdafiə edir. Nəticədə, COP29-un bu bir-birlərinə bağlı problemlərin həlli üçün bir platforma kimi əhəmiyyəti qeyd olunur və iqlim dəyişikliyi fonunda həm insan hüquqlarını, həm də ətraf mühiti qorumaq üçün güclü hüquqi çərçivələrin formalaşdırılmasına çağırış edilir.
Bu post həm də digər dildə mövcuddur: English