Azərbaycanda özbaşına tikinti institutunun hüquqi rejiminin aktual problemləri və onların həll yolları

10 Baku St. U. L.Rev. 35 (2024)
Məqalənin dili: Azərbaycanca.

Annotasiya
Azərbaycan uzun illərdir ki, özbaşına tikinti və qeyri-qanuni məskunlaşma problemləri ilə üzləşməkdədir. Rəsmi hesablamalara görə, ölkədə təxminən 450 min özbaşına tikinti obyekti mövcuddur. Bu say çoxluğu təkcə sosial problemlər deyil, həm də mənzil-tikinti və daşınmaz əmlak sektorlarının düzgün fəaliyyəti və inkişafı, habelə ümumi şəhərsalma sahəsi üçün ciddi maneələr yaradır. Belə ki, özbaşına tikinti hüquqi fenomeninin mövcudluğu vətəndaşların mülkiyyət hüquqlarının qeydiyyatı, tikinti təhlükəsizliyi, şəhərsalma və tikinti normalarının pozulması, vergilərin, eləcə də rüsumların yığılması ilə bağlı problemlərə səbəb olmaqdadır. Hazırda özbaşına tikinti üzərində mülkiyyət hüququnun tanınması və ya daxil olmuş şikayətlər əsasında bu cür tikililərin sökülməsi ilə bağlı məhkəmələrin icraatında həddən artıq çox iş mövcuddur. Sözügedən institutun mürəkkəb hüquqi təbiəti məhkəmələrdə bu işlərə baxılarkən hüquq tətbiqetmə zamanı çətinliklər yarada bilir. Odur ki, özbaşına tikililərin qeydiyyat probleminin aradan qaldırılması həm iqtisadi, həm də sosial nöqteyi-nəzərdən böyük önəm daşıyır. Yəni özbaşına tikililərin sənədləşdirilməsi ilə həm vətəndaşların mülkiyyət hüquqları reallaşacaq, həm də dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması təmin olunacaqdır.
Məqalənin əsas məqsədi özbaşına tikinti ilə bağlı nəzəri və praktiki problemlərin, bu institutun əsas xüsusiyyətlərinin kompleks təhlilidir. Əlavə olaraq, məqalə özbaşına tikinti obyektlərinə mülkiyyət hüququnun tanınması ilə yaranan münasibətlərin hüquqi tənzimlənməsinə toxunur və onun səmərəliliyinin artırılması üsullarını araşdırır. Bu məqalədə Azərbaycanda özbaşına tikinti institutunun tarixçəsi, hüquqi mahiyyəti və xüsusiyyətləri araşdırılır. Həmçinin özbaşına tikintiyə münasibətdə yaranan hüquqi nəticələr xarakterizə olunur, qanunvericilikdə və məhkəmə təcrübəsində bu hüquqi fenomenin mövcud problemləri müəyyən edilir, daha sonra onların həll olunması istiqamətində bir sıra təkliflər verilir. Sonda isə araşdırmanın nəticələri əsasında mövcud mülki qanunvericiliyin və məhkəmə praktikasının təkmilləşdirilməsi üzrə konkret təkliflər irəli sürülür.

Bu post həm də digər dildə mövcuddur: English