Məqalə yazmaq üçün araşdırmanı necə effektiv edə bilərəm?

Giriş

I. Hüquqi araşdırma nədir? Necə başlamalı?

II. Araşdırma hansı istiqamətlərdə getməlidir?

III. Etibarlı mənbələrdən istifadə və plagiarizmdən yayınma

IV. Araşdırmanı nə zaman dayandırmaq olar?

Nəticə

GİRİŞ

Hüquq fakültəsində təhsil almağa başlayan hər kəs, böyük ehtimalla, yalnız  dərslikləri və müxtəlif hüquq ədəbiyyatlarını oxumaqla kifayətlənəcəyini və bununla da ixtisasa yiyələnib gələcəkdə uğurlu hüquqşünas olacağını fərz edir. Amma zaman keçdikcə biz bir hüquqşünası uğurlu, sayılıb-seçilən edə biləcək əsas xüsusiyyətlərdən, kriteriyalardan da xəbərdar oluruq. Bunlardan biri və hətta ən önəmlisi bütün karyeranız boyu sizi izləyən hüquqi yazı qabiliyyətidir ki, bu da öz növbəsində güclü hüquqi analiz və tədqiqat bacarıqları tələb edir. Akademik hüquqi yazının da əsas mərhələlərindən biri tədqiqat prosesidir və bu bloq yazısı ilə siz hüquqi araşdırmanın əsas prinsipləri və gedişatı haqqında lakonik şəkildə məlumat əldə etmiş olacaqsınız.

I. HÜQUQİ ARAŞDIRMA NƏDİR? NECƏ BAŞLAMALI?

Araşdırmada uğurlu olmağın sirri ilk növbədə bunun bir proses olduğunu anlamaqdır.[1] Əgər siz bu prosesi tam qavraya bilsəniz, istənilən tapşırığı əminliklə yerinə yetirə biləcəksiniz.[2] Uğurlu məqalənin ərsəyə gəlməsi üçün əsas məsələ hüquqi problemin müəyyən olunması və uğurlu iddianın seçilməsidirsə, bunlara gedən yol düzgün və ətraflı araşdırmadan keçir. Tədqiqat prosesi sizi bütün yazı boyu paralel olaraq izləyəcəkdir. Siz iddianızı müəyyən etdikdən sonra da araşdırmaya davam edirsiniz, sadəcə artıq daha dəqiq hüquqi problem üzərində tədqiqat aparırsınız.

Hüquqi araşdırma sizin indiyə kimi apardığınız araşdırmalardan fərqlənir, çünki xüsusi hüquqi analiz tələb edir. Əgər hüquqi analiz qabiliyyətiniz yoxdursa, prosesi tamamlasanız belə, nəticələrini anlamayacaqsınız.[3]

Bəs araşdırmaya necə başlamalı? Əgər haqqında yazacağınız hüquqi problemi dəqiqləşdirməmisinizsə, ilk öncə sizə uyğun mövzu tapmaq üçün axtarışa başlamaq və bunun üçün də müəyyən mənbələri araşdırmaq lazımdır. Siz bu məqsədlə müxtəlif professorların fikrini öyrənə, gündəmdə olan məsələləri araşdıra, cəmiyyətdə sorğu keçirə və ya başqa üsullardan istifadə edə bilərsiniz. Hansı mövzu ətrafında yazacağınıza qərar verdikdən sonra isə prosesə ən yaxşı şəkildə davam etmək üçün plan hazırlamalısınız. Daha sonra yazı prosesini araşdırma ilə paralel şəkildə bu plana uyğun aparmağınız məsləhətlidir.

II. ARAŞDIRMA HANSI İSTİQAMƏTLƏRDƏ GETMƏLİDİR?

1. Yazacağınız mövzuya müvafiq olaraq qanunvericiliklə tanış olmaq.[4] İlkin mənbələr (primary resources)[5] kimi qəbul olunan qanunlara, məcəllələrə, müxtəlif normativ hüquqi aktlara istinad etmək fikirlərinizin təsir gücünü və əsaslılığını artıracaqdır;

2. Mövzunu daha dərindən mənimsəmək və yeni mənbələrə yol tapmaq üçün bu mövzuda yazılmış digər işlərə nəzər salmaq.[6] Bunun üçün siz müraciət edə bilərsiniz:

– onlayn mənbələrə;

– kitabxanaya;

– bu sahədə ixtisaslaşmış universitet professorları və ya praktiki hüquqşünaslara;

– SSRN-də (Social Science Research Network) yerləşdirilmiş, hələ çap olunmamış məqalələrə.[7]

3. Məqalədə əks etdirəcəyiniz mövzuya, hüquqi problemə uyğun yerli və xarici məhkəmə işlərini araşdırmaq.[8] Bu, problemi daha yaxşı dərk etmək, hakim və hüquqşünasların bu məsələdə irəli sürdüyü fikirlərlə tanış olmaq, mövzunu oxucular üçün daha konkret etmək və oxucuları, həqiqətən də, həll olunması vacib olan problemin mövcudluğuna inandırmaq üçün ən yaxşı yoldur .[9]

4. Məqaləyə ad seçərkən və ya iddianızı müəyyənləşdirərkən etdiyiniz araşdırmada xüsusi diqqət etməli olduğunuz məsələ eyni və ya oxşar ad altında, oxşar iddia ilə daha əvvəl yazılmış məqalələrin olub-olmamasıdır.[10] Bu, bir növ xəbərdarlıq rolu oynayaraq plagiarizmin qarşısını alır.

5. Seçdiyiniz mövzu hüquqla yanaşı başqa bir elm sahəsini də əhatə edirsə, bu elmlə bağlı əlavə araşdırma etmək və qoyulan problemlə daha yaxından tanış olmaq məsləhət görülür.[11]

III. ETİBARLI MƏNBƏLƏRDƏN İSTİFADƏ VƏ PLAGİARİZMDƏN YAYINMA

Araşdırma zamanı ən çox diqqət etməli olduğunuz məsələlərdən biri də istinad etdiyiniz mənbələrin etibarlılığıdır. Wikipedia kimi ümumi onlayn ensiklopediyalar etibarlı mənbə hesab olunmur. Bu mənada tədqiqat apara biləcəyiniz bir sıra onlayn hüquqi araşdırma bazaları mövcuddur ki, orada yerləşdirilən məqalələri etibarlı mənbə kimi istifadə edə bilərsiniz. Misal olaraq Westlaw, LexisNexis, FindLaw və s. bazaları göstərmək olar. WestLaw, LexisNexis, əsasən, son zamanların hüquq jurnallarına və oradakı məqalələrə yer verdiyi halda, HeinOnline-da siz daha uzaq keçmişə aid məqalələri tapa bilərsiniz. Belə ki, ilk ikisi sizi təxminən 1980-1990-cı illərə qədər olan zaman kəsiyində yazılmış məqalələrlə təmin edəcəkdir, HeinOnline isə ondan əvvəlki dövrdə yazılmış məqalələri də əhatə edir.[12]

Plagiarizm başqalarının fikirlərindən, ideyalarından onlara istinad etmədən istifadə deməkdir və bu, ciddi akademik səhv hesab olunur. Demək olar ki, hamıya məlum olan bu terminlə bağlı bir çoxlarının bilmədiyi nüans odur ki, plagiarizm yalnız başqalarının fikirlərini bütünlüklə köçürüb özününkiləşdirmək deyil, eyni zamanda bu fikirləri müxtəlif sinonimlər vasitəsilə öz sözlərinizlə çatdırmaq – parafraz etməkdir.[13] Plagiarizmdən maksimum dərəcədə yayınmaq üçün müxtəlif mənbələrdən istifadə etdiyiniz fikirlərə istinad etməyi unutmayın, əks halda ciddi akademik “cinayət” törətmiş olarsınız.[14]

IV. ARAŞDIRMANI NƏ ZAMAN DAYANDIRMAQ OLAR?

Ən çox ünvanlanan “Araşdırmanı nə zaman bitirmək olar?” sualını iki cür qəbul etmək mümkündür. Birincisi, bu, məqaləni yazmağa başlamadan öncə apardığınız araşdırma kimi başa düşülə bilər. Bu mənada araşdırmanı sonlandırmaq və rəsmən yazı prosesinə başlamaq bir çoxlarının həmişə tam əmin ola bilmədiyi və zamanla təxirə saldığı prosesdir. Bu zaman qarşınıza qoyduğunuz məqsədi, seçdiyiniz mövzunu necə çatdırmaq istədiyinizi xatırlamaq, araşdırmanızın buna nə qədər müvafiq olduğunu dəqiqləşdirmək və nəyisə gözdən qaçırmaq ehtimalınızı nəzərə alaraq son dəfə yenidən araşdırma aparıb fikirlərinizi ümumiləşdirmək məsləhət görülür.[15]

Ikincisi isə daha geniş mənada başa düşülə bilər. Belə ki, məqaləni yazmağa başladıqdan sonra belə yazı prosesində müəyyən əlavə və dəyişikliklərə ehtiyac olduğunu hiss edə bilərsiniz. Bu, sizi yeni mənbələrə müraciət etməyə sövq edəcəkdir.

Bir sözlə, araşdırma prosesi sizi məqaləni yazdığınız müddətdə, demək olar ki, hər an müşayiət etdiyindən “Araşdırmanı nə zaman dayandırmaq olar?” sualına tam dəqiq cavab vermək qeyri-mümkündür.

NƏTİCƏ

Hüquq məqaləsi yazarkən bu prosesin əsas və ayrılmaz tərkib hissəsinin araşdırma prosesi olduğunu bilməlisiniz. Hüquqi araşdırma digər sadə araşdırmalardan fərqlənir və bütün yazı prosesi boyu sizi müşayiət edəcəkdir. Tədqiqata başlamaq əslində işin böyük bir hissəsini görmək deməkdir və siz hansı xətt üzrə irəliləyəcəyinizi planlaşdırdığınız halda “yazar bloku sindromu”ndan (writer’s block syndrome)[16] da qurtula bilərsiniz.


İstinadlar:

[1] Suzanne E. Rowe, Legal Research, Legal Writing, And Legal Analysis: Putting Law School Into Practice, 3, Stetson Law Review (10.05.2009).

[2] Yenə orada.

[3] Rowe, 5.

[4] Eugene Volokh, Academic Legal Writing, 84. (4th ed. 2010).

[5] Maureen Straub Kordesh, Navigating the Dark Morass: A First-Year Student's Guide to the Library, 116, Campbell L. Rev. (1996).

[6] Volokh, 84.

[7] Yenə orada.

[8] Volokh, 81.

[9] Yenə orada.

[10] Volokh, 85.

[11] Volokh, 83.

[12] Volokh, 90.

[13] Diana Hacker and Nancy Sommer, Rules for Writers, 410. (8th ed. 2016).

[14] Yenə orada.

[15] Christina L. Kunz, Perspectives: Teaching Legal Research & Writing, Terminating Research, 2. (Fall 1993).

[16] “Yazar bloku sindromu” ifadəsi yazıçının məqaləyə və ya hər hansı elmi işə başlaya bilmədiyi dövr üçün istifadə olunur. Bu dövrdə yazar yazı işini mütəmadi olaraq təxirə salır və sanki yazmağa başlamaq onun üçün mümkünsüz olur.


Müəllif: Sara Quliyeva, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II kurs tələbəsi.