II. Problemi anlamaq onu həll etməyin yarısıdır
III. Tunelin sonundakı işığı tapmaq
Giriş
Müəlliflər akademik hüquqi yazı ərsəyə gətirməklə hüquq elminə töhfə verməyə çalışırlar. Bununla belə, bəzən onlar yazı zamanı gözlənilməz problemlərlə qarşılaşa və onların həllində çətinlik çəkə bilərlər. Bu zaman müəlliflərin frustrasiya – məyusluq, çarəsizlik hissinə qapılması mümkündür. Bu yazının müəllifi də akademik yazı ərsəyə gətirərkən həmin problemlə qarşılaşmış və çıxış yolu axtaran zaman gəldiyi nəticələri bölüşmək qərarına gəlmişdir. Frustrasiya halı bir çox sahədə tədqiq edilsə də, akademik hüquqi yazı müəllifinə təsirləri çox vaxt diqqətdən kənarda qalmışdır. Bu yazıda akademik hüquqi yazıda frustrasiya anlayışı, səbəbləri və onunla mübarizə yolları qısa və aydın şəkildə müzakirə olunacaqdır.
I. Tunelin sonundakı qaranlıq
Frustrasiya – fərdin arzuladığı ilə əldə etdiyi nəticə arasındakı uyğunsuzluqdan yaranan psixoloji sıxıntıdır.[1] Başqa sözlə, şəxsin problemlər qarşısındakı “uğursuzluğundan” qaynaqlanan məyusluq hissidir.[2]
Akademik hüquqi yazı prosesində bu hiss adətən daha kəskin yaşanır. Belə ki, yazı yenilik, məntiqilik, faydalılıq kimi ciddi akademik tələblərə cavab verməli olduğundan keyfiyyətli iş ortaya çıxarmaq üçün çoxsaylı çətinliklərin öhdəsindən gəlmək lazım olur. Müəllif bu çətinliklərin öhdəsindən istədiyi kimi gələ bilmədikdə problemlərin həll olunmayacağını düşünə, nəticədə frustrasiya hissinə qapıla bilər. Bu cür vəziyyət onun tənqidi və konstruktiv düşünmə bacarıqlarını zəiflədir və müəllif problemi həll etməkdənsə, onun üzərində dayanmağa başlayır.[3]
Frustrasiya, əslində, akademik hüquqi yazının tələbi olan yüksək standartlara təbii bir reaksiya kimi qəbul edilməlidir. Odur ki, müəlliflər bu vəziyyətin normal bir hal olduğunu anlamalı və yazı prosesində frustrasiyanın səbəblərini aşkara çıxararaq onunla mübarizə aparmağa çalışmalıdırlar. Keyfiyyətli hüquqi yazı ərsəyə gətirmək yalnız bu maneələrin öhdəsindən gəlməklə mümkündür.
II. Problemi anlamaq onu həll etməyin yarısıdır
Müəllif akademik hüquqi yazının hər bir mərhələsində – araşdırma, yazı və redaktə proseslərində – fərqli problemlərlə qarşılaşır. Həmin problemlər getdikcə böyüyə və yazı prosesini ləngidərək müəllifi çətin vəziyyətə sala bilər. Bu səbəbdən onları tez bir zamanda müəyyənləşdirmək və həll yollarını tapmaq frustrasiya ilə mübarizə üçün önəmlidir.
İlkin araşdırma zamanı müəllifi çətin vəziyyətə salan əsas səbəb onun araşdırmanı necə edəcəyini bilməməsidir. Belə ki, bəzən müəlliflər araşdırmaya sonradan mənbə çoxluğuna səbəb ola biləcək çox geniş mövzu seçərək başlayırlar. Nəticədə, onlar məlumat çoxluğunda bir növ itirlər. Yaxud da əksinə, müəlliflər haqqında məlumat tapmağın çətin olduğu mövzu seçirlər və araşdırma üçün mənbə tapa bilməyərək frustrasiyaya məruz qalırlar.
Araşdırmadan sonrakı əsas psixoloji problem isə yazıya başlamaqdır. Belə ki, bəzən müəllif uzun zaman sərf etdiyi araşdırmadan sonra bəmbəyaz səhifə ilə qarşılaşdıqda yazıya başlaya bilmir.[4] “Boş səhifə” sindromu adlanan bu vəziyyətin əsas səbəbi müəllifin yazıdan əvvəl bütün mənbələri mükəmməl öyrənmək və araşdırmanı bitirmək istəyidir.[5]
Hər şeyin mükəmməl olması arzusu yazı prosesində də davam edə bilir. Xüsusilə hüquqşünasların mükəmməllik standartlarına uyğun davranmaq istəyi akademik yazının ilk versiyasının qüsursuz olması barədə onlarda təzyiq yaradır. Bu həm yazını ləngidir, həm də müəllifi detallar üzərində həddən artıq vaxt sərf etməyə məcbur edir.[6] Təcrübəsi az olan müəlliflər isə asanlıqla “mükəmməl” yazı ortaya çıxara bilmədikdə məyus olurlar.[7] Bu təzyiqdən xilas olmaq üçün bəzi müəlliflər çarəni yazını mütəmadi təxirə salmaqda tapır ki, bu da problemin daha uzun müddət davam etməsinə gətirib çıxarır.
Yazıdan sonrakı əsas məsələ isə müəllifin öz işini redaktə etməsidir. Redaktə mərhələsində müəllif həm arqumentlərinin tutarlılığını, həm də yazının oxunaqlı olmasını təmin etməyə çalışır. Bununla belə, bütün problemləri eyni anda həll etməyə çalışmaq yorğunluq və fokusun itirilməsi ilə nəticələnir. Bu da mətnin təkrar-təkrar redaktə edilməsinə səbəb olur.
Bundan əlavə, redaktə prosesində məqalənin dərc üçün göndərildiyi hüquq jurnalının da müəyyən qədər təsiri var. Bu mərhələdə redaktorların məqalə ilə bağlı təkliflərinin müəllifin baxışlarına uyğun gəlməməsi müəllifi çətin vəziyyət qarşısında qoya bilər. Belə ki, müəllif bu təkliflərdən imtina edəcəyi təqdirdə məqaləsinin dərc olunmaması, qəbul edəcəyi halda isə orijinallığın itməsi qorxusu ilə üzləşə bilər.[8]
Beləliklə, yazının müxtəlif mərhələlərində qarşılaşılan maneələr müəllifi frustrasiyaya sala bilir. Bunlara rəğmən öz yazısını tamamlamaq istəyən müəllif bu halla mübarizə aparmağın yollarını müəyyən etməyə çalışmalıdır.
III. Tunelin sonundakı işığı tapmaq
Akademik hüquqi yazının zəhmətli və çoxmərhələli bir proses olduğunu nəzərə alaraq qarşıya çıxan çətinliklərin olması tamamilə təbiidir. Müəlliflər bu çətinlikləri yazı prosesinin bir hissəsi kimi qəbul edərək onlarla düzgün şəkildə mübarizə aparmağı öyrənməlidirlər.[9] Odur ki, bu hissədə yazı prosesinin mərhələləri üzrə yuxarıda qeyd olunan problemlərin potensial həll yolları müzakirə ediləcəkdir.
Akademik hüquqi yazının əsasını təşkil edən araşdırma mərhələsi yazının keyfiyyətinə birbaşa təsir edir. Bu mərhələdə məlumat çoxluğu, araşdırma mövzusundan kənara çıxma kimi problemlərin qarşısını almaq üçün müəllif özünə bir sual verməlidir: “mən nə axtarıram?”. Bu sualın cavabı ilə müəllif tədqiqat sualını dəqiq müəyyən etmiş olur. Spesifik tədqiqat sualı formalaşdırmaq üçün isə ilkin olaraq ikinci dərəcəli mənbələrə, xüsusilə də məqalələrə baxıla bilər.[10]
Spesifik məsələ ilə bağlı mənbə qıtlığı ilə rastlaşdıqda isə onunla yaxından əlaqəsi olan digər mövzuları araşdırmaq mümkündür. Məsələn, “akademik hüquqi yazıda frustrasiya” mövzusunda mənbə tapa bilməyən müəllif “akademik yazıda frustrasiya”, “akademik yazıda rastlaşılan problemlər” kimi mövzularda mənbə axtarmaqla araşdırmanı davam etdirə bilər.
Digər tərəfdən araşdırmanın yazı başlamazdan əvvəl tamamilə yekunlaşdırılması məcburiyyət deyildir. Yazıya başladıqdan sonra da müəllif bəzi məsələləri yenidən nəzərdən keçirmək və ya yeni məlumatlar əlavə etmək ehtiyacı hiss edə bilər.[11] Bu səbəbdən yazı prosesinə araşdırmanın təbii bir davamı kimi baxılmalı, tədqiqat sualının cavablandırılması prosesi yazı ilə paralel aparılmalıdır. Nəzərə almaq lazımdır ki, yazının əsas məqsədi bütün məlumatları əvvəlcədən bilmək deyil, yazı boyunca doğru istiqamətlər seçərək sonda lazımlı məlumatları ehtiva edə bilməkdir.[12]
Araşdırma tamamlandıqdan sonra müəllifin əsas işi ideyalarını yazıya çevirməkdir. Bu mərhələ üçün müəllifin hələ ilkin araşdırma zamanında qeydlər aparması önəmlidir. Sxemlər, cədvəllər və diaqramlar vasitəsilə sistemli qeydlər aparmaq ideyaları strukturlaşdırmağa kömək edir.[13] Bundan əlavə, yazıya başlamaqda çətinlik çəkən müəlliflər üçün “beyin köçürülməsi” (brain dump) üsulu təsirli bir həll yolu ola bilər.[14] Bu metod vasitəsilə müəllif bütün ideyalarını, mövzu ilə bağlı düşüncələrini və arqumentlərini sərbəst şəkildə kağıza köçürərək yazı prosesinə start verə bilər.[15] Daha sonra “zehin xəritəsi” (mind mapping) texnikasından istifadə edərək kağızda qeyd etdiyi fikirlərini vahid ideya ətrafında qruplaşdıraraq sistematik bir yazı strukturu yarada bilər.[16] Məsələn, xəritənin mərkəzinə tədqiqat sualını yerləşdirərək müxtəlif fikirlər: dəstəkləyici və əks arqumentlərlə bu xəritəni tamamlaya bilər.[17]
Təklif olunan metodlar nə qədər düzgün tətbiq olunsa belə, hələ ilkin mərhələdən mükəmməl yazı formalaşdırmaq bir qədər çətin ola bilər. Müəlliflər nəzərə almalıdırlar ki, oxucunun gözləntisi mükəmməl yazıdan daha çox, oxunaqlı yazı oxumaqdır. Bu səbəbdən yazı prosesində əsas diqqəti fikirlərin anlaşıqlı şəkildə ifadə olunmasına verməlidirlər.[18] Belə ki, yazı prosesində edilən səhvlər normaldır və onlar redaktə mərhələsində əvvəl-axır düzələcəkdir. Redaktə prosesi zamanı yazıya təkrar-təkrar düzəlişlər edildikcə onun keyfiyyəti də artacaqdır.
Redaktə prosesinin keyfiyyəti müəllifin öz işini yoxlama bacarığından asılıdır.[19] Bu zaman müəllif məqaləni hüquq jurnallarına göndərmədən öncə təkmilləşdirilməsi üçün mərhələli şəkildə redaktə prosesini həyata keçirməlidir. Belə ki, o, ilk növbədə məqalənin məzmunu ilə bağlı problemləri aradan qaldırmalı, daha sonra struktur və hissələrarası əlaqə, ən sonda isə dilinin anlaşıqlılığı və qrammatik düzgünlük kimi digər texniki məsələləri həll etməlidir.[20]
Bununla belə, məqalə müvafiq hüquq jurnalına göndərildikdən sonra da redaktorların təklifləri ilə inkişaf etdiriləcəkdir. Nəzərə almaq lazımdır ki, bu zaman redaktorların təklifləri yalnız məqalənin jurnal tələblərinə uyğunlaşdırılmasına deyil, həmçinin onun əsas ideyasının və strukturunun təkmilləşdirilməsinə xidmət edir. Odur ki, redaktorların düzəlişlərinə açıq olmaqla müəllif yazının auditoriyaya daha anlaşıqlı şəkildə çatdırılmasına nail ola bilər. Eyni zamanda tövsiyə olunur ki, müəllif məqaləsini göndərəcəyi jurnal barədə öncədən araşdırsın, onun tələblərinə nəzər salaraq məqaləsinin dərcini uyğun gördüyü jurnalı seçməyə çalışsın.[21]
Nəticə
Beləliklə, frustrasiya qarşıya çıxan çətinliklərə qarşı göstərilən reaksiya olmaqla yanaşı, həm də daha yaxşı bir yazı ortaya çıxarmaq üçün müəllifi düşünməyə, araşdırmağa və təkmilləşməyə sövq edən bir amildir. Hər dəfə çətinliklərə qalib gəldikcə müəllif daha peşəkar yanaşma əldə edir və sonrakı yazılarında daha yüksək səviyyəli işlər ərsəyə gətirir. Hər bir akademik hüquqi yazı özündə müəllifin zəhmətini və iradəsini əks etdirir və bu da onun dəyərini artırır. Unutmamaq lazımdır ki:
“Dünyada əziyyət, ağrı, çətinlik tələb etməyən
heç nə əldə edilməyə dəyər deyildir”.
– Teodor Ruzvelt
Müəllif: Samir Nəcəfov, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 3-cü kurs tələbəsi.
[1] Bertus F. Jeronimus & Odilia M. Laceulle, Frustration, Encyclopedia of Personality and Individual Differences 1681, 1681 (2020).
[2] Yenə orada.
[3] Helen Sword, Evija Trofimova & Madeleine Ballard, Frustrated Academic Writers, 37 Higher Education Research & Development 852, 854 (2018).
[4] Gerald Lebovits, Academic Legal Writing: How to Write and Publish, 78 New York State Bar Journal 51, 52 (2006).
[5] Blank Page Syndrome And How To Beat It (2022), https://www.ool.co.uk/blog/blank-page-syndrome-and-how-to-beat-it/ (son baxış 26 noyabr 2024).
[6] David A. Rasch & Meehan Rasch, Overcoming Writer's Block and Procrastination for Attorneys, Law Students, and Law Professors, 43 New Mexico Law Review 193, 199 (2013).
[7] When ‘Perfect’ Isn’t Possible: The Power of Consistency in Legal Writing, https://www.ncbar.org/nc-lawyer/2022-02/when-perfect-isnt-possible-the-power-of-consistency-in-legal-writing/ (son baxış 26 noyabr 2024).
[8] Andrew K. Shenton, The Frustrations of Writing Research Articles for Publication and What to Do about Them, 32 Library and Information Research 15, 18 (2008).
[9] Sword, Trofimova, Ballard, yuxarıda istinad 3, 865.
[10] Suzanne E. Rowe, Legal Research, Legal Writing, and Legal Analysis: Putting Law School into Practice, 29 Stetson Law Review 1, 4 (2015).
[11] Eugene Volokh, Academic Legal Writing: Law Review Articles, Student Notes, Seminar Papers, and Getting on Law Review, 125 (4th ed. 2010).
[12] Lebovits, yuxarıda istinad 4, 51.
[13] Yenə orada.
[14] Yenə orada.
[15] Develop Your Book’s Concept by Brain Dumping and Mind Mapping (2023), https://stevelaube.com/develop-your-books-concept-by-brain-dumping-and-mind-mapping/ (son baxış 26 noyabr 2024).
[16] Yenə orada.
[17] Yenə orada.
[18] Yuxarıda istinad 7.
[19] Volokh, yuxarıda istinad 11, 348.
[20] Yuxarıda istinad 4, 51-52.
[21] Eloisa Martin, How to write a good article, 62 Current Sociology 949, 952 (2014).