I. Rəy nədir və niyə əhəmiyyətlidir?
II. Məhkəmə işini seçərkən nələrə diqqət edilməlidir?
GİRİŞ
Hüquq ədəbiyyatında tez-tez qarşımıza çıxan hüquqi yazı növlərindən biri də məhkəmə qərarına rəydir. “Case note”, yəni məhkəmə qərarına rəy (bundan sonra rəy) hər hansı bir məhkəmə qərarının yazılı formada təhlilidir. Məhkəmə praktikası və hüququn tətbiqinin izahındakı rolu bu yazı növünü hüquqşünaslar üçün önəmli mənbəyə çevirir. Rəyin əsasını seçilmiş məhkəmə işini analiz etmək və məhkəmənin mövqeyinə hüquqi qiymət vermək təşkil edir.[1] Bu bloq yazısında rəyin mahiyyəti, uyğun məhkəmə işi seçimi üçün araşdırma, rəyin strukturundan bəhs olunacaqdır.
I. RƏY NƏDİR VƏ NİYƏ ƏHƏMİYYƏTLİDİR?
Məhkəmə qərarına rəy müəyyən məhkəmə işinin xülasə şəklində yazılması və təhlil edilməsidir. Rəy özündə müvafiq işin faktlarını və prosessual tarixçəsini, məhkəmə qərarının əsaslandırmasını, həmçinin qərarın müəllif tərəfindən tənqidi təhlilini ehtiva edir.[2] Bundan əlavə, rəydə müvafiq qərarın gələcək məhkəmə işlərinə göstərə biləcəyi təsir barəsində fikirlər də əks oluna bilər.[3]
Rəydə qərarın hüquqi əsaslandırmasının təhlil olunması qanunvericiliyin tətbiqini araşdırmağa və məhkəmə praktikasını öyrənməyə kömək edir.[4] Bu zaman rəy məhkəmə işi ilə bağlı tənqidi yanaşmanı da özündə əks etdirdiyindən hüquqi boşluqların aşkarlanmasına və qanunvericiliyin təkmilləşdirilməsinə də töhfə verə bilər. Rəyin digər bir üstün cəhəti böyükhəcmli məhkəmə işlərini qısa şəkildə əks etdirməsidir. Belə ki, rəydə oxucuya yalnız işin əhəmiyyət kəsb edən hissələri haqqında məlumat verilir. Nəticədə, məhdud vaxtı olan şəxslərin bütün işi oxumaq zərurəti aradan qalxmış olur.[5]
Ümumilikdə, rəy yazılarkən müvafiq iş təhlil olunur, mövcud qanunvericilik və məhkəmə təcrübəsi araşdırılır.
II. MƏHKƏMƏ İŞİNİ SEÇƏRKƏN NƏLƏRƏ DİQQƏT EDİLMƏLİDİR?
Rəy yazmaq üçün ilk mərhələ təhlil olunacaq məhkəmə işinin seçilməsidir. Bu zaman müzakirəyə səbəb olan və ya aktual bir məsələ ilə bağlı işin seçilməsi faydalı olacaqdır.[6] Həmçinin qəbul edilmiş məhkəmə təcrübəsindən kənara çıxdığı üçün gələcək işlərdə fərqli və ya maraqlı nəticələrə səbəb ola biləcək məhkəmə qərarlarına da üstünlük verilə bilər.[7] Bununla belə, seçim zamanı yeni və ya indiyədək geniş müzakirə edilməmiş işlərə üstünlük vermək daha yaxşı olar.[8] Bu baxımdan müvafiq işlə əlaqəli daha öncə rəy yazılıb-yazılmadığını da nəzərə almaq lazımdır.
Seçim edildikdən sonra məhkəmə qərarının mahiyyətini anlamaq üçün onu diqqətlə oxumaq, işin hallarına, müvafiq problemlərə, məhkəmənin işə yanaşmasına və gəldiyi nəticələrə diqqət edilməlidir. Burada, xüsusən, tərəflərin arqumentlərini oxumaq məsələyə dair birdən çox nöqteyi-nəzər tapmaq üçün mühüm rol oynaya bilər.[9]
Əlavə olaraq, məhkəmənin istinad etdiyi mənbələri nəzərdən keçirmək və onların istifadəsinin düzgünlüyünü də yoxlamaq lazımdır.[10] Daha geniş perspektiv əldə etmək üçün əlaqəli akademik mənbələri və oxşar işləri nəzərdən keçirmək tövsiyə olunur.[11] Nəhayət, lazımi araşdırma aparıldıqdan və rəy yazmaq üçün kifayət qədər material toplandıqdan sonra yazı mərhələsinə keçmək olar.
III. RƏYİN QURULUŞU
Yazı mərhələsinin ilk addımı rəy üçün uyğun struktur müəyyənləşdirməkdir. Bu baxımdan aşağıdakı struktur nümunə kimi göstərilə bilər:
Giriş: Bu hissədə məhkəmə işi haqqında qısa məlumat verilməli, işin aid olduğu hüquq sahəsi qeyd olunmalı, həmçinin işin nə üçün əhəmiyyətli olduğu izah edilməlidir.[12] Məsələn:
20 iyul 2023-cü ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” qərar qəbul etmişdir. İşin təhlil edilməsi Əmək Məcəlləsinin mülki hüquqi münasibətlərə tətbiq olunmasına dair qeyri-müəyyənlik ilə bağlı olduğuna görə xüsusi əhəmiyyət daşıyır.[13]
İşin faktları: Faktlar işin təhlili üçün müvafiq zəmin yaradır. Bununla belə, yalnız məhkəmə əsaslandırmasında əhəmiyyət kəsb edən faktlar rəyə daxil edilməlidir. Burada məqsəd oxucunun diqqətini problemə səbəb olan əsas məqamlara yönəltməkdir. Eyni zamanda, işin xronoloji mərhələlərinə, yəni aşağı instansiyaların mövqelərinə də toxunmaq tövsiyə olunur.[14]
Hüquqi əsas: Rəyin bu mərhələsində iş ilə bağlı olan qanunvericilik izah edilməli və məhkəmənin işə yanaşması, qəbul etdiyi qərarın əsaslandırması geniş müzakirə edilməlidir. Həmçinin bundan əvvəlki müvafiq məhkəmə təcrübəsi haqqında da məlumat vermək mümkündür.[15] Məsələn:
Məhkəmə AR Konstitusiyasının 12, 16, 35-ci və Əmək Məcəlləsinin 175, 176-cı maddələrinə əsaslanaraq iş barədə müvafiq qərar qəbul etmişdir. Məhkəmənin qərarına görə, sözügedən maddələrin hüquqi mahiyyəti və təyinatına uyğun olaraq borclunun əmək haqqından akseptsiz qaydada əlli faiz həddində tutmanın aparılması mümkündür. Məhkəmə əmək haqqından tutma məbləğinin məhdudlaşdırılmasını onunla əsaslandırır ki, işçinin və onun ailəsinin əsas həyati tələbatlarının qarşılanması və əmək haqqının sosial-iqtisadi funksiyasının yerinə yetirilməsinə nail olmaq üçün əmək haqqının müəyyən məbləğinin ödənilməsi zəruridir.[16]
Tənqidi təhlil: Rəyin bu hissəsinin əsas məqsədi müvafiq qərara tənqidi yanaşma nümayiş etdirməkdir. Bu məqsədlə aşağıdakı suallara əsaslanaraq təhlil aparmaq tövsiyə olunur:[17]
a. Məhkəmənin qərarı əsaslıdırmı?
b. Bu iş mövcud qanunvericiliyə uyğun gəlirmi?
c. Qərar müvafiq hüquq sahəsinin prinsiplərini özündə əks etdirirmi?
ç. Qərarın gələcək işlərə nə dərəcədə təsiri olacaq?
d. Məhkəmənin nəzərə almadığı faktlar və ya arqumentlər mövcuddurmu?
Nəticə: Bu hissədə heç bir yeni fakt təqdim edilmədən əsas məqamlar ümumiləşdirilir və yekun fikirlər irəli sürülür.[18]
Son olaraq, qeyd etmək lazımdır ki, hüquqi ədəbiyyatda məhkəmə qərarına rəy yazılması ilə bağlı sabit struktur mövcud deyildir. Bununla belə, yuxarıda sadalanmış fundamental struktur hissələrinə əsaslanaraq və qeyd olunan addımlara əməl edərək yazının faydalılığını təmin etmək mümkündür.
NƏTİCƏ
Nəticə olaraq, məhkəmə qərarına rəy qanunvericiliyin və məhkəmə praktikasının daha yaxşı başa düşülməsi üçün faydalı mənbədir. O, məhkəmə işinə obyektiv şəkildə yanaşılması və qərarın gələcək işlərə göstərə biləcəyi təsirin izah edilməsi baxımından əhəmiyyətə malikdir. Uğurlu bir rəyin yazılması üçün isə müvafiq araşdırmanı aparmaq, düzgün məhkəmə işi seçmək, yazıda müəyyən struktura əsaslanmaq və digər məsələlərə diqqət etmək lazımdır.
Müəllif: İlkin Bayramov, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 2-ci kurs tələbəsi.
[1] Secondary Sources in Law: Finding Case Notes Relating to Case (2020), https://studyguides.lib.uts.edu.au/secondarysources/casenotes (son baxış 27 dekabr 2023).
[2] First Year Tip Series: Introduction to Case Notes (2019), https://trinitycollegelawreview.org/first-year-tip-series-case-notes/ (son baxış 27 dekabr 2023).
[3] Yenə orada.
[4] Yuxarıda istinad 1.
[5] Nichola Corbett-Jarvis & Brendan Grigg, Effective Legal Writing: A Practical Guide, 149 (2nd ed. 2017).
[6] Yuxarıda istinad 2.
[7] Yenə orada.
[8] Yenə orada.
[9] Jessica Giles, Writing Case Notes and Case Comments, 5-6 (2015). Burada bax: https://law-school.open.ac.uk/sites/law-school.open.ac.uk/files/files/PILARS-Writing-case-comments.pdf (son baxış 24 dekabr 2023).
[10] Writing A Case Note (2013), https://scholarworks.umt.edu/mlr/writing_a_case_note.pdf (son baxış 27 dekabr 2023).
[11] Yuxarıda istinad 2.
[12] Yuxarıda istinad 10.
[13] “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı (2023).
[14] Yuxarıda istinad 2.
[15] Yenə orada.
[16] Yuxarıda istinad 13.
[17] Yuxarıda istinad 2.
[18] Writing Case Notes (2021), https://emedia.rmit.edu.au/learninglab/content/writing-case-notes (son baxış 27 dekabr 2023).