Hüquqi tədqiqat mövzusu necə seçilməlidir?

Şübhəsiz ki,  hər bir hüquq tələbəsi üçün vacib məsələlərdən biri ən azı bir araşdırma yazısı ortaya qoymaqdır. Bu istiqamətdə keçilməli olan əsas sədlərdən biri düzgün araşdırma mövzusunu tapmaqdır.  Düzgün mövzunu seçən zaman mövzunun hüquq ədəbiyyatında kifayət qədər geniş tədqiq olunmamasına diqqət etmək lazımdır.[1] Eyni zamanda heç tədqiq olunmamış mövzu tapa bilmək çox çətindir.

Hüquqi tədqiqat aparan şəxsin irəli sürdüyü iddia-bəyanat yeni, qeyri-aşkar, faydalı,  məntiqi və şablonlardan uzaq olmalıdır. [2] İddia-bəyanat təsviredici və tövsiyəedici ola bilər.  Təsviredici iddia-bəyanat məsələnin nədən ibarət olduğunu əhatə edir. Tövsiyəedici iddia-bəyanat isə məsələnin necə tənzimlənməli olduğunu göstərir. Həm təsviredici həm tövsiyəedici olan iddia-bəyanat irəli sürmək də mümkündür. Bu zaman siz oxuculara mövzu ilə bağlı onların bilmədikləri məsələləri izah etdikdən sonra bu məsələlərin necə həll olunmalı olduğu barədə təkliflərinizi də çatdırırsınız.

İddia-bəyanatı tapmaq üçün əvvəlcə mövcud problemi müəyyənləşdirmək lazımdır. İddia-bəyanat bu problemin həll yolu kimi çıxış edir.

Aşağıdakı üsullardan istifadə etməklə siz tədqiqat mövzunuzu seçmək prosesini sürətləndirə bilərsiniz:[3]

  1. Müzakirələrdə fəal iştirak etməklə

Qrupda gündəlik  müzakirə edilən cavabsız qalan və ya həll yolu taplmamış kazusları və ya hüquqi problemləri bir daha nəzərdən keçirin. Lakin, hər kəsin həll etməyə çalışdığı məsələlərə üstünlük verməyin. Sizə başqalarından daha maraqlı gələn mövzuları axtarmağa çalışın. Yeni bir şey demək üçün çoxluğun əksinə gedin.

  1. Kazus toplularını nəzərdən keçirməklə

Kazus topluları mövzu seçimi üçün ideal vasitədir. Bu kitablarda kifayət qədər həlli tapılmamış problemlər mövcuddur.

  1. Müzakirəyə açıq məhkəmə qərarlarına baxmaqla

Sizi maraqlandıran məhkəmə işlərini oxuyun və düzgün həll olunmadığını və bu mövzuya müraciət edərək yenilik gətirəcəyinizi düşündüyünüz nüanslara diqqət edin.

  1. Praktiki hüquqşünaslardan soruşmaqla

Praktiki hüquqşünaslardan onların qarşılaşdığı həll olunmamış problemləri soruşmaq “qızıl” mövzunuzu tapmağınıza yardım edə bilər. Əsasən, hüquqi məqalələr yazan, akademik fəaliyyətlərlə məşğul olan hüquqşünasların sizə daha çox faydası ola bilər.

  1. Hüquq jurnallarını oxumaqla

Hüquq məqalələrini oxuyarkən müxtəfil hüquqi sualları ortaya çıxarmağa çalışın. Bu suallar sizə məqaləniz üçün yeni ideyalar verə bilər.

  1. Hüquqi blogları oxumaqla

Müəyyən sahələrdə ixtisaslaşmış blogları oxuyun. Bloggerlər ən son məhkəmə işləri və həllini tapmamış problemlər barədə daim yazılar yazırlar.

  1. Təcrübə proqramlarında iştirak etməklə

Hər hansı məhkəmədə və ya hüquq şirkətində təcrübə proqramında olduğunuz dövrdə rastlaşdığınız işləri nəzərdən keçirin.

  1. Açıq fikirli olun.

Tədqiqatınızı apararkən açıq fikirli olun. Sizi düşünməyə vadar edən hər şeyi etməyə istəkli olun. Eyni zamanda tapdığınız problemi  dəyişməyə də çəkinməyin. İlk dəfə onu düşünmüsünüz deyə müəyyən problem və ya həll üstündə davamlı qalmayın. Unutmayın ki, sizin məqsədiniz məqalənizi ən yaxşı edəcək problemi müəyyənləşdirməkdir.

  1. Praktiki əhəmiyyəti olan həll yolunu müəyyənləşdirin.

Təsviredici iddia-bəyanat üçün ən yaxşı həll kifayət qədər aydın olmayan hüquqi məsələlərin məntiqi izahı ola bilər. Tövsiyəedici hissə üçün ən yaxşı həll isə yeni qanun, yeni konstitusiya qanunu, qanunun yeni tətbiqi üsulları və s. bu kimi məsələlər ola bilər.  Həll yolunu tapdığınızı düşünürsünüzsə bunu konkret hallara tətbiq etməklə yoxlamağı unutmayın. Əgər yoxladıqdan sonra bu həllin kifayət etmədiyi qənaətinə gəlsəniz daha düzgün və daha dəqiq həll üsulu tapın.

Son olaraq, axtarış prosesini yuxarıdakı üsullarla məhdudlaşdırmayın. “Tədqiqat mövzusunu necə seçmək olar?” sualına cavabı hər hansı bir yerdə tapa bilərsiniz. Kifayət qədər ideyalara sahibsiniz. Əsas məsələ həmin ideyaları müəyyənləşdirmək və  düzgün qiymətləndirməkdir.[4] Bu ideya ağlınıza ən gözlənilməz anlarda gələ bilər. Yanınızda hər zaman bir qələm və qeyd dəftəri daşıyın.

 

 

 

 

[1] Heather MeekerStalking the Golden Topic: A Guide to Locating and Selecting Topics for Legal Research Papers, 1996 Utah L. Rev. 917 (1996)

[2] Bax: Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı Jurnal Siyasəti

[3] Eugene Volokh, Academic Legal Writing (Fourth edition), 30 (2010)

[4] Heather Meeker, 941