Fuad Zərbiyevlə müsahibə

Fuad Zərbiyev Bakı Dövlət Universiteti Hüquq fakültəsi (LL.B), Hague Academy of International Law (Diploma)Harvard Law School  (LL.M) məzunudur və Graduate Institute of International Studies-də (Cenevrə, İsveçrə) Beynəlxalq hüquq üzrə doktorluq müdafiə etmiş hüquq üzrə fəlsəfə doktorudur. Fuad bəy New York University School of Law-da tədqiqatçı olmuş, Curtis, Mallet-Prevost, Colt & Mosle LLP beynəlxalq hüquq şirkətinin Nyu-York ofisində hüquqşünas kimi fəaliyyət göstərmişdir.

Fuad bəylə 2016-cı ildə baş tutan müsahibəmizin yenilənmiş versiyasını sizinlə bölüşürük.


Sual: Praktiki hüquqşünas olaraq hüquqi yazının hüquqşünas/hüquq tələbəsi üçün əhəmiyyəti barədə nə deyə bilərdiniz?

F.Z.: Hüquqi yazı, onun mahiyyəti və əhəmiyyətinə dair münasibət ona yanaşma üsulundan qaynaqlanır. Hüquqi hadisələri bütün təfərrüatı ilə anlamaq və izah etmək professional hüquqşünasların peşəsi olandan bəri onlar hüquqi yazını öyrənir və tətbiq edirlər. Praktiki hüquqşünasların nəzərində hüquqi yazı sanki əsaslandırma vasitəsi və ya bir növ sənət aləti kimi qəlibləşmişdir. Belə ki, onlar hüquqi yazıdan müxtəlif məhkəmə işlərində öz arqumentlərini əsaslandıra biləcəkləri metod kimi istifadə edirlər. Hüquq tələbələrinin hüquqi yazılara üz tutma səbəbləri isə müəyyən mövzu haqqında daha ətraflı məlumat əldə etmək və ya bir sıra cavabsız sualları, həlli vacib olan və eyni zamanda mürəkkəb məsələləri özündə cəmləşdirən mövzuları daha dərindən tədqiq etmək və anlamaqdır.

Sual: Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının 2-ci Buraxılışını nəşr etdirmiş olmağımıza baxmayaraq, jurnalımız artıq dünyanın ən böyük hüquqi araşdırma məlumat bazası olan HeinOnline və məqalə və digər məlumatların göndərilməsi üçün hüquq alimləri,  hüquq jurnalları və hüquq məktəbləri tərəfindən istifadə olunan ExpressO-ya daxil edilmişdir. Bizim jurnalımız və ya Azərbaycanda bu tipli jurnal nəşri haqqında nə deyə bilərsiniz?

F.Z.:  Bakı Dövlət Universitetində tələbələr tərəfindən redaktə edilən hüquq jurnalının mövcud olması keçmiş Sovet respublikalarında hüquq sahələrinə qarşı intellektual azadlığın inkişafında maraqlı olan istənilən şəxs üçün sevindirici haldır.

Sual: Hüquq tələbələri, hüquq alimləri və hüquqşünaslıq ixtisasının inkişafı üçün bu, nə dərəcədə həlledicidir?

F.Z.: Hüquq Jurnalının təsir dairəsi bu işə cəlb olunmuş insanların bu vasitə ilə görmək istədiklərindən, ideyalarından, məqsədlərindən asılıdır. Vacib məqamlardan biri odur ki, məhz bu üsulla hüquq jurnalı keçmiş Sovet respublikalarında Sovet təhsil ənənələri səbəbindən intellektual hüquqi tənqidin səviyyəsinin geri qalması probleminin həllinə nail ola bilər.

Sual: BDU Hüquq Fakültəsi Tələbə Elmi Cəmiyyəti Hüquq Jurnalının nəşrini, milli hüquqda ilk hüquqi arqumentə əsaslanan Əlimərdan bəy Topçubaşov adına Məhkəmə Müsabiqəsinin təşkilini, Hüquqi Araşdırma Köməkçisi Layihəsini və bununla bərabər Hüquq Müzakirə Forumunu həyata keçirir. Bu layihələrin əhəmiyyəti barədə nə düşünürsünüz?

F.Z.: Bütün bu təşəbbüslər çox mütərəqqi və sevindirici haldır. Məhkəmə müsabiqəsi tələbələrin müxtəlif hüquq sahələrinə aid biliklərini praktiki səviyyədə inkişaf etdirməsi üçün əvəzsiz vasitədir. Hüquqi araşdırma və müzakirə layihələri isə əsaslı şəkildə hüquq barəsində fikir mübadiləsinin səviyyəsinin yüksəldilməsində köməklik göstərə bilər.

Sual: Azərbaycanlı hüquq tələbələrinə nə məsləhət görərdiniz?

F.Z.: Mən onlara açıq fikirli olmalarını və düşüncə sərhədlərini həmişə genişləndirməyə davam etmələrini tövsiyə edərdim. Yaxşı hüquqşünas o kəs deyil ki, təkcə formal hüquq qaydalarını yaxşı bilsin və məhkəməyə iddia ərizəsini necə təqdim etməyi bacarsın. Sosial bir institut olan hüquq geniş sosial münasibətləri tənzimlədiyindən və daha geniş sosial kontekstlərdə işlədiyindən hüquqşünas bütün bunlardan məlumatlı olmalıdır.