I. Redaktə nədir? Redaktorun əsas öhdəlikləri.
II. Redaktə zamanı ən çox nələrə fikir verilməli?
III. Oxucuya keyfiyyətli işin təqdimi.
GİRİŞ
Günümüzdə ictimai münasibətlərin dinamik inkişafı müxtəlif mövzular üzrə yazılan məqalələrin sayının artmasına, insanların maraq dairəsinin genişlənməsinə gətirib çıxarır. Akademik hüquqi məqalələrin dərci qoyulan tələblərə cavab verməklə araşdırma aparan tələbələr üçün öyrədici funksiya daşıyır.[1] Təkcə tələbələrin deyil, müəllimlərin, nüfuzlu hüquqşünasların, professorların da məqalələrlə tanış olacaqlarını nəzərə alsaq, işinizə olduqca diqqətlə yanaşmalısınız. Hüquqi yazı qabiliyyətinizi inkişaf etdirmək üçün sadəcə məqalə yazmaq kifayət deyil. Yaxşı hüquqi yazının açarı düzgün redaktə hesab olunur.[2] Bu bloq yazısında redaktə zamanı diqqət yetirilməli olan cəhətlər barədə məlumat əldə edəcəksiniz.
I. REDAKTƏ NƏDİR? REDAKTORUN ƏSAS ÖHDƏLİKLƏRİ
Redaktə oxucuya təqdim olunacaq yazıdakı səhvlərin aradan qaldırılması, söz və cümlələrin daha dəqiq və effektiv olması üçün layihədə düzəlişlər etməklə həyata keçirilən bir prosesdir. Düzəliş prosesi məqalənin nəzərə çarpan qüsurlardan, oxucunun fikrini yayındıracaq nüanslardan rasional şəkildə təmizlənməsi, səmərəli nəticənin əldə edilməsi ilə bağlıdır.[3] Düzgün redaktə sizin məqalənizi tamamlamaqla bütün kriteriyalara cavab verən, güclü analiz və araşdırmanı özündə əks etdirən yazını oxucularla tanış edir. Redaktə işinizin ən yüksək standartlarla təmin edilməsi üçün vacib və olduqca məsuliyyətli mərhələdir. Belə ki, daimi və diqqətcil oxucular məqalədəki çatışmayan və ya ehtiyac duyulmayan hissələri gözardı etmir, keyfiyyətli yazı axtarırlar.[4] Bəzən məqalənin struktur və ya yazı tipində olan uyğunsuzluqlar müəllifin diqqətindən kənarda qala bilir. Müəllifin məqaləni yazarkən etdiyi düzəliş və əlavələrdən fərqli olaraq redaktor artıq hazır məqaləni oxucu gözü ilə analiz edir, keyfiyyəti, oxunaqlılığı artırmaq, informasiyanın zənginliyini və yararlılığını yoxlamaq üçün bütün xırdalıqlara diqqət yetirir.[5]
II. REDAKTƏ ZAMANI ƏN ÇOX NƏLƏRƏ FİKİR VERİLMƏLİ?
Redaktə zamanı yazıya bir aspektdən deyil, hərtərəfli yanaşıb səhvlərin texniki və ya məzmunla bağlılığı müəyyən edilməlidir. İlk olaraq məqalənin adı ilə tanış olunmalı, onun cəlbediciliyi və məzmuna uyğunluğu yoxlanılmalıdır. Bundan əlavə, müəlliflər məqaləni təqdim edərkən özləri haqqında tələb olunan məlumatları (ad, soyad, universitet/iş yeri və s.) qeyd etməlidirlər, başqa sözlə, anonim məqalələr redaktorlar tərəfindən redaktə prosesinə qəbul olunmur. Növbəti addımda struktur düzgünlüyü – qısaldılmış məzmun xarakteri daşıyaraq hissələrə dair konkret və aydın məlumatları əks etdirən annotasiya; məqaləni oxunaqlı edib oxucunun iddiasını ümumiləşdirən, onun məzmununa dair hissələri şərh edib ümumi düşüncəni formalaşdıran giriş; mübahisə predmeti olan məsələlərin öz əksini və iddiaların sübutunu tapdığı paraqraflar; son olaraq oxucunun fikrini yekunlaşdıran nəticə yoxlanılır. Girişin təsirli və səlis yazılması oxucuda məqaləni davam etdirmək üçün həvəsi artırır, ümumi işiniz barədə əvvəlcədən təəssürat yaradır. Məqalə yazarkən müəlliflər diqqətlərini əsas ideyanı çatdırmağa yönəltdiklərindən çox zaman şrift ölçüsü, durğu işarələri, boşluq, həcm və s. kimi tekniki səhvlərə yol verirlər. Redaktə zamanı siz nəzərə almalısınız ki, əsas olan cüzi səhvləri düzəltmək deyil, professional oxucuların nəzərindən qaçmayacaq mühüm cəhətlərə üstünlük verməkdir. Məqalədəki məlumat bazasını zənginləşdirmək üçün istinad olunan kitab, digər müəlliflərin məqalələri, tarixi fakt, qanun, internet saytları və s. kimi mənbələrin reallığı yoxlanmalıdır.
Müəllifin başqa şəxsin fikir və ideyalarından olduğu kimi və ya hər hansı elementlərin ardıcıllığını dəyişməklə, mətnin məzmununu sinonimlərlə əvəz etməklə öz düşüncələri kimi qələmə verməsi akademik qaydaların pozulmasına, oxucuların aldadılmasına gətirib çıxarır.[6] Bu cür, yəni plagiat məqalələr heç bir halda dərc üçün qəbul edilmir.
İstinadlar sizin məqaləni yazarkən elmi araşdırma bacarığınızı göstərir və orijinal işlərdə materialın etibarlılığı həm oxucuların inamını, həm də məqalənin nüfuzunu təmin edir.[7] Əgər dəqiq fakt, statistika, xronologiya qeyd olunan hissələrdə istinada ehtiyac duyulduğu halda verilməyibsə, bu müəllifin çatışmayan cəhətidir və müvafiq düzəlişlər edilməlidir.
III. OXUCUYA KEYFİYYƏTLİ İŞİN TƏQDİMİ
Yaxşı yazılan məqalə geniş oxucu kütləsinə xitab etməklə onların ehtiyac və maraqlarını qarşılayır, daha uğurlu nəticə əldə etməyinizə kömək edir.[8] Məqaləyə son düzəlişləri etdikdən sonra “oxucu nələrə fikir verir, bunlar mənim məqaləmdə varmı?” sualının cavabını görməyiniz işinizin keyfiyyət göstəricisidir. Lakin məqaləni təqdim edərkən əsas məqsədiniz oxucu sayının çoxluğuna nail olmaq deyil, orijinal və yararlı iş ərsəyə gətirmək olmalıdır. Uzun və sıxıcı cümlələrdən, təkrardan, məzmunla əlaqəsi olmayan paraqraflardan qaçınılmalı, nəzərə alınmalıdır ki, məsələ ilə bağlı konkret faktlar, axtarılan sualların cavabını görmək oxucunu məmnun edir. Qəliz terminlər, yersiz mürəkkəb ifadələr yazınızı professional göstərmir, əksinə oxunaqlılığını azaldır. Çalışın, oxucunuzla aranızda ünsiyyət yaradın, real kazuslardan, həyat hadisələrindən misallar gətirərək olduğunuz situasiyanı izah etməklə təqdim olunan problemin həll üsullarını göstərin. Yeniliklərə açıq, qeyri-aşkar məqalələr həmişə diqqət mərkəzində olmuşdur.
NƏTİCƏ
Düzgün redaktə həm məqalənizi daha müvəffəqiyyətli edir, həm də sizin hüquqi yazı biliklərini dərindən mənimsəməyinizə kömək edir. “Məqalə necə redaktə edilməlidir?” adlı son mərhələ “Məqalə necə yazılmalıdır?” adlı ilkin mərhələni izləyir, bir növ ən başdan sizə redaktə ilə bağlı istiqamət verir. Düzgün redaktə olunmuş məqalə oxucuda müəllifə olan inamı artırır, gələcək məqalələr barədə müsbət təəssürat oyadır.
İstinadlar:
[1] Eugene Volokh, Academic Legal Writing, 213 (4th ed. 2010).
[2] Id, 215.
[3] Susan Bell, The Artful Edit: On the Practice of Editing Yourself, 95-98 (2007).
[4] Osbeck, Mark, What is “Good Legal Writing” and Why Does it Matter?, 4 Drexel Law Review 417, 424-426 (2012).
[5] Volokh, supra note 1, 83.
[6] Volokh, supra note 1, 251.
[7] Id, 252.
[8] William Zinsser, On Writing Well, 38 (2016).
Müəllif: Nigar Abdullayeva, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, SABAH qrupları 2-ci kurs tələbəsi.