Akademik Hüquqi Yazıda Uğurlu İddia Seçimi

Giriş

I. Akademik hüquqi yazıda iddia və önəmi

II. Uğurlu iddia hansı keyfiyyətlərə cavab verməlidir?

III. Uğurlu iddia seçilmədikdə nə baş verər?

Nəticə

GİRİŞ

Uğurlu akademik hüquqi yazıya nail olmaq üçün müəlliflərin diqqət etməli olduğu ən başlıca məsələlərdən biri ortaya qoyulacaq iddianın düzgün seçilməsi və onun müfəssəl şəkildə əsaslandırılmasıdır. İddia seçimi hüquqi yazı prosesinin ilkin mərhələsi olan yazıya hazırlıq mərhələsinin böyük bir hissəsini, başqa sözlə, özəyini təşkil edir. Belə ki, müəlliflər düzgün iddia seçmədikdə və həmçinin onu doğru şəkildə əsaslandırmadıqda çətinliklərlə üzləşirlər. Bu zaman müəlliflər hansı çətinliklərlə qarşılaşa bilər? Bəs ortaya qoyulmuş iddia hansı tələblərə cavab verməlidir? Ümumiyyətlə, iddia hüquqi yazı üçün niyə bu qədər əhəmiyyətlidir? Bu bloq yazısında yuxarıda qeyd edilən suallar və iddia ilə bağlı digər məsələlərdən bəhs ediləcək.

I. AKADEMİK HÜQUQİ YAZIDA İDDİA VƏ ÖNƏMİ

İddianın əhəmiyyətini müəyyənləşdirmək üçün ilk olaraq iddia anlayışına nəzər yetirmək vacibdir. İddia özlüyündə geniş anlayışdır. Lakin akademik hüquqi yazı baxımından təfsir etsək, iddia yazının əsas arqumentidir.[1] İddia, həmçinin aydınlıq gətirmək istədiyiniz məsələ, hər hansısa mövcud problemin həlli ilə bağlı təklif etmək istədiyiniz tövsiyə və fikirlə bağlı ola bilər.[2] İddianın işlənmə yeri onun məzmunundan asılı olaraq dəyişir. O, yazının adında, giriş və ya nəticə, həmçinin digər hissələrində ifadə oluna bilər.[3] Məsələn tövsiyə xarakterli iddianın nəticə hissədə işlənməyi daha məqbuldur.

İddia akademik hüquqi yazının ən mühüm və əhəmiyyətli hissəsi sayılır. Fajans və Falkın dediyinə görə, “deməyə dəyər bir şey tapmaq yazının ən çətin və vacib hissəsidir”.[4] Belə ki, ortada bir iddia və ya problem olmadıqda hüquqi araşdırma və yazı prosesini davam etdirmək qeyri-mümkündür. Bundan əlavə, iddianın düzgün seçilməsi də bir o qədər əhəmiyyətlidir. Yazının mürəkkəbliyi, effektivliyi və keyfiyyəti məhz iddianın düzgün seçilməsi ilə bağlıdır.[5] Əgər ortaya qoyulmuş əsas iddia diqqətçəkici və müzakirəyə açıq deyilsə, onun əsasında yazılmış yazı da belə ola bilər.[6] Bu səbəbdən müəllifin əsərini effektiv edən əsas faktorlardan biri də seçilən iddianın uğurlu olmasıdır. Bəs uğurlu iddianın əsas göstəriciləri nələrdir?

II. UĞURLU İDDİA HANSI KEYFİYYƏTLƏRƏ CAVAB VERMƏLİDİR?

Əvvəl də qeyd edildiyi kimi, düzgün iddia seçimi araşdırmanın və yazının gedişatında olduqca əhəmiyyətlidir, onları effektiv edən amillərdəndir. İddianın uğurlu olması üçün müəlliflər yenilik, qeyri-aşkarlıq, faydalılıq və s. kimi bir sıra tələblərə əməl etməlidirlər.[7] Həmçinin irəli sürülən iddia müzakirəyə açıq bir mövzu ilə bağlı olmalıdır.[8]

Yuxarıda qeyd edildiyi kimi, yenilik iddianın əsas əlamətlərindən biridir. Delgado öz məqaləsində qeyd edir ki, “yeni bir baxış tərzi, yeni bir məqam və ya yeni bir anlayış tapın və məqalənizi onun dairəsində yazın”.[9] Bunun əsas səbəbi isə oxucuların müəllifin aktual mövzuya olan yanaşmasını öyrənməkdə maraqlı olmasıdır. Bununla da, məqalənizin daha çox oxucu kütləsinə sahib olmasını təmin edə bilərsiniz.

Uğurlu iddianın digər əsas əlaməti isə onun qeyri-aşkar olmasıdır, yəni hər kəs tərəfindən açıq-aşkar bilinməməsidir. Belə ki, hər kəsə məlum olan məsələyə yenidən aydınlıq vermək və onunla bağlı akademik yazı ərsəyə gətirmək təkrarçılıq kimi olacaq. Lakin qeyri-aşkar iddianın ortaya qoyulması oxucuda marağın artmasına, digər müəlliflərdə isə “həmin iddianı mən də irəli sürə bilərdim” düşüncəsinin yaranmasına səbəb ola bilər.[10]

İrəli sürülən iddia həmçinin faydalı olmalıdır ki, oxucular onun əsasında yazılmış əsərdən yararlana bilsin. Çünki oxucuların yazınızdan yararlanması onu dəyərini, oxunaqlılığını daha da artırır.[11] Bu səbəbdən müəlliflər iddia seçərkən onun yuxarıda qeyd edilən keyfiyyətlərə malik olmasına diqqət etməlidirlər.

Lakin lazımi tələblərə cavab verən iddianın müəyyənləşdirilməsi onun uğurlu olması üçün kifayət etmir. Bununla belə, həmin iddianı yazıda düzgün və əsaslı şəkildə ifadə etmək də olduqca mühümdür. Yazının hədəflərini, istiqamətini və əhatə dairəsini müəyyənləşdirən əsas iddia dəlillər, sitatlar, arqumentlər, ekspertlərin rəyi, statistik məlumatlar və digər məlumatlarla dəstəklənməlidir.[12] Həmçinin irəli sürülmüş iddianı daha da “qüvvətləndirmək” üçün əks-arqumentləri də təkzib edərək oxucunun nəzərinə çatdırmaq olar.[13]

Son olaraq, iddianın uğurlu olması üçün ən təsirli yollardan biri də oxuduqlarınızı tənqid etməkdir.[14] Bu yolla siz mövcud problemləri rahat şəkildə aydınlaşdıracaq və həmçinin yazınızın əsas arqumentini müəyyənləşdirə biləcəksiniz. Lakin diqqət etmək lazımdır ki, irəli sürülən iddia ağlabatan, həll yolu mümkün və oxucu üçün aydın və anlaşıqlı olsun.

III. UĞURLU İDDİA SEÇİLMƏDİKDƏ NƏ BAŞ VERƏR?

İddianı bədii əsərin ideyası kimi düşünə bilərik. İdeyasız bədii əsər olmadığı kimi, iddiasız akademik hüquqi yazını da təsəvvür etmək mümkün deyildir. Yuxarıda qeyd edilən tələblərə riayət edilmədiyi, yəni uğurlu iddia seçilmədiyi təqdirdə müəllif həm araşdırma, həm yazıya alma zamanı çətinliklərlə qarşılaşır; araşdırmanı effektiv şəkildə həyata keçirə və ortaya qoyulmuş iddianı düzgün əsaslandıra bilmir. Yaxud reallığı əks etdirməyən, əsassız, subyektiv iddialar nəticəsində yazının faydalılığı, oxunaqlılığı aşağı səviyyədə olur və buna görə də oxucularda yazı ilə bağlı mənfi təəssürat yaranır.

Həmçinin müəlliflər mövzunu aydınlaşdırmayan, ona zidd olan və ya mövzu ilə heç bir əlaqəsi olmayan iddialardan yazı zamanı istifadə etməməlidirlər. Çünki bu cür iddialar oxucular tərəfindən qeyri-müəyyən və anlaşılmaz qəbul edilir.[15]Mövzuya zidd olan iddia oxucularda çaşqınlıq yaradır və nəticədə yazının əsas “ideya”-sı başa düşülmür.

NƏTİCƏ

Bu bloq yazısında iddia və onunla bağlı digər məsələlər haqqında məlumat verildi. Uğurlu iddia seçimi müəllifin məqsədinə çatmasında və istədiyi nəticəni əldə etməsində mühüm rol oynayır. Düzgün seçilməyən iddia isə həm araşdırma və yazı zamanı müəllifi çətinliklərlə qarşı-qarşıya qoyur, həm də oxucunun həmin yazıdan faydalanma imkanını azaldır. Buna görə də müəlliflər diqqət etməlidir ki, seçdiyi iddia onu uğurlu edən bütün keyfiyyətlərə cavab verir. Beləliklə, yazılmış əsər də oxucu üçün maraqlı, faydalı və anlaşıqlı olacaqdır.


İstinadlar:

[1] David Zarefsky, Argumentation: The Study of Effective Reasoning, 22 (2nd ed. 2005).

[2] Emily Heady, Introduction in Graduate Writing, 59 (2007).

[3] William W. Baber, Crafting Arguments in Academic Writing, Global Stories Press 30, 32 (2018).

[4] Elizabeth Fajans və Mary Falk, Scholarly Writing for Law Students: Seminar Papers, Law Review Notes, and Law Review Competation Papers, 19 (2nd ed. 2000).

[5] Claims, claims, claims (2007), https://depts.washington.edu/owrc/Handouts/Claims%20Claims%20Claims.pdf (son baxış 18 Dekabr, 2020).

[6] Yenə orada.

[7] Eugene Volokh, Academic Legal Writing: Law Review Articles, Student Notes, Seminar Papers, and Getting on Law Review, 33 (2007).

[8] Yuxarıda istinad 5.

[9] Richad Dilgado, How to write a Law Review Article, 20 University of San Francisco Law Review 445, 448 (1986).

[10] Volokh, yuxarıda istinad 7, 45.

[11] Yenə orada, 46.

[12] Diana Hacker və Nancy Sommers, Rules for Writers, 107 (8th ed. 2016).

[13] Yenə orada, 109-110.

[14] Fajans və Falk, yuxarıda istinad 4, 28.

[15] Yuxarıda istinad 3, 32.


Müəllif: Seyidbəyim Hüseynova, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 2-ci kurs tələbəsi.