Akademik hüquqi yazıda məntiqi səfsətələr

Giriş

l. Formal və qeyri-formal səfsətələr

ll. Səfsətələrin təbiəti: həddən artıq sadələşdirmə və görməzdən gəlmə

lll. Səfsətələri aşkar etmə və onlardan yayınma

Nəticə

GİRİŞ

Biliyin ən böyük düşməni cəhalət deyil, biliyin illüziyasıdır.

Daniel J. Boorstin

Nə vaxtsa bir yazıda ilk baxışda məntiqli görünən, amma yaxından baxdıqda məntiqi boşluqlara malik hüquqi bir arqumentə rast gəlmisinizmi? Bu cür yanlışlar təsadüfi deyil — onlar məntiqi səfsətələrin nəticəsidir. Belə ki, irəli sürülmüş hüquqi arqumentin məqbul hesab olunması üçün onun əsaslandığı dəlillər (bundan sonra — öncüllər) gerçək olmalı, həmçinin arqumentasiya məntiq əsasında qurulmalıdır.[1] Bununla belə, bir çox hallarda akademik hüquqi yazılarda məntiqi səfsətələrə rast gəlmək mümkündür. Məntiqi səfsətə – yanlış nəticələrə aparan, düzgün olmayan məntiqi mühakiməyə əsaslanan arqumentdir.[2] Hüquqi yazılarda belə səfsətələrə tez-tez yol verildiyindən hüquqşünaslar onlarla bağlı diqqətli olmalıdırlar. Bu bloqda hüquqi arqumentasiyada tez-tez rast gəlinən məntiqi səfsətələrdən, onların mahiyyətindən və onlardan yayınmaq üsullarından bəhs olunacaqdır.

l. FORMAL VƏ QEYRİ-FORMAL SƏFSƏTƏLƏR

Hüquqi arqumentasiyada rast gəlinən məntiqi səfsətələrin yüzlərlə növü mövcuddur.[3] Bununla belə, həmin səfsətələri məzmun baxımından 2 qrupa bölmək mümkündür: formal və qeyri-formal səfsətələr.[4]

Formal məntiqi səfsətələr – Belə səfsətələr öncüllər (arqumentin əsaslandığı dəlillər) gerçək olsa belə, iddia düzgün məntiqi mühakiməyə əsaslanmadığı halda meydana gəlir.[5] Belə ki, iddianı əsaslandırmaq üçün ortaya qoyulmuş öncüllərlə iddianın özü arasında səbəb-nəticə əlaqəsi olmalıdır. Əgər belə əlaqə olmazsa, formal məntiqi səfsətə meydana gəlmiş olur. Məsələn:

I Öncül: Əgər təqsirləndirilən şəxsin cinayəti törətdiyi andakı kamera görüntüləri aşkar edilmişdirsə, həmin şəxs cinayətkardır.

II Öncül: Təqsirləndirilən şəxsin cinayəti törətməsi ilə bağlı heç bir kamera görünütüsü mövcud deyildir.

Nəticə: Bu cinayəti həmin təqsirləndirilən şəxs törətməmişdir.

Nümunədə göstərilmiş hər iki öncül doğru olsa belə, onlar təqsirləndirilən şəxsin təqsirsizliyinə dəlalət etmir. Belə ki, kamera görüntüsü olmasa da, həmin şəxsin təqsirini sübut edən başqa dəlillər mövcud ola bilər. Beləliklə, öncüllər nəticəni dəstəkləmədiyindən arqumentasiyanın məntiqi strukturu pozulmuş olur. Bu səbəbdən də öncüllərin doğru və ya yanlış olmasından asılı olmayaraq yuxarıdakı nümunə səfsətə hesab olunur.[6]

Qeyri-formal məntiqi səfsətələr – Bu səfsətələr isə arqumentasiyanın strukturunda deyil, onu təşkil edən elementlərin məzmununda yanlışlıq olduqda meydana gəlir.[7] Məsələn:

I Öncül: Dövlət ittihamçısının cəza tələb etdiyi şəxslər təqsirlidirlər.

II Öncül: Dövlət ittihamçısı A şəxsi üçün cəza tələb edir.

Nəticə: A şəxsi təqsirlidir.

Nümunədəki nəticə özündən əvvəlki öncüllərə əsaslandığına görə arqumentasiyanın məntiqi strukturunda problem yoxdur və formal olaraq düzdür. Bununla belə, birinci öncül məzmunca yanlışdır. Belə ki, dövlət ittihamçısının mövqeyi hər zaman doğru olmaya bilər. Nəticədə, arqumentasiya yanlış öncül əsasında qurulduğuna görə qeyri-formal səfsətənin növlərindən biri olan “yanlış öncül səfsətəsi” (false premise fallacy) meydana gəlmiş olur.[8]

Beləliklə, məntiqi səfsətələrin formal və qeyri-formal növləri fərqləndirilir. Hüquq sahəsində isə çox zaman məqsədli şəkildə istifadə olunduğu üçün qeyri-formal səfsətələri aşkar etmək formal səfsətələrə nisbətdə daha çətindir. Belə ki, bu səfsətələrdəki yanlışlıq onların quruluşunda deyil, məzmununda olduğundan onları müəyyənləşdirmək daha çox diqqət və təcrübə tələb edir. Buna görə də hüquqşünaslar belə səfsətələrə aldanmamaq üçün onların təbiətini yaxşı qavramalıdırlar.[9]

ll. SƏFSƏTƏLƏRİN TƏBİƏTİ: HƏDDƏN ARTIQ SADƏLƏŞDİRMƏ VƏ GÖRMƏZDƏN GƏLMƏ

Akademik hüquqi yazılarda məntiqi səfsətələrin təbiətini anlamaqdan ötrü onların əksəriyyəti üçün ortaq olan 2 əsas xüsusiyyətə diqqət yetirmək lazımdır: həddən artıq sadələşdirmə və görməzdən gəlmə. Bu iki əlamət bir-biri ilə sıx əlaqəlidir. Belə ki, akademik hüquqi yazıda həddən artıq sadələşdirmə mürəkkəb hüquqi məsələlərin bəsitləşdirilməsi və önəmli nüansların qəsdən görməzdən gəlinməsi deməkdir.[10] Bu əlamətlərin məntiqi səfsətələrdə necə əks olunduğunu bir neçə nümunə ilə göstərmək mümkündür:

Sürüşkən yamac səfsətəsi (slippery slope fallacy) – Bu səfsətədə kiçik bir hadisənin istənilməyən böyük nəticələrə səbəb olacağı fikri irəli sürülür. Məsələn, hər hansı hüquqi tənzimləmənin ifrat nəticələrə səbəb olacağı fikrini irəli sürən arqumentlər “sürüşkən yamac” səfsətəsi hesab oluna bilər.[11] Nümunə:

“Əgər terminal xəstələr üçün evtanaziya qanuniləşdirilərsə, bu xidmət bir neçə il ərzində tibbi xərclərin azaldılması məqsədilə xəstə insanlardan qurtulmağın bir yoluna çevrilər”.[12]

Bundan əlavə, hər hansı bir hüquqi tənzimləmənin həyata keçirildiyi təqdirdə onun ardınca daha ekstremal tənzimləmələrə də icazə verilməli olduğu fikrini irəli sürən arqumentlər də “sürüşkən yamac” səfsətəsinə aiddir: əgər A tənzimləməsinə icazə verilərsə, o zaman (ekstremal) B tənzimləməsinə də icazə verilməlidir.[13] Məsələn:

“Marixuanadan istifadə qanuniləşdirilərsə, gələcəkdə daha təhlükəli digər narkotik vasitələrin qanuniləşdirilməməsi üçün heç bir səbəb olmayacaqdır”.

Göründüyü kimi “sürüşkən yamac” səfsətəsi kiçik bir amilin böyük nəticələrə səbəb olacağını iddia edir. Bununla belə, həmin kiçik səbəbdən ekstremal nəticəyə aparan mexanizm qeyri-müəyyən qalır.[14] Yəni ilkin səbəb və son nəticə arasındakı proses görməzdən gəlinir.

Saxta dilemma səfsətəsi (false dilemma fallacy) Bu səfsətəni qısaca “olum, ya ölüm”, “bu, ya da o” ifadələri ilə də izah etmək mümkündür. Belə ki, bu səfsətədə hər hansı problemin həlli üçün seçimlərin sayı məqsədli şəkildə ikiyə endirilərək saxta bir dilemma yaradılır.[15] Tez-tez qarşımıza çıxan bir nümunə:

“Artan cinayət sayını azaltmaq üçün edam cəzası bərpa edilməlidir. Əks təqdirdə ölkədə törədilən cinayətlərin öhdəsindən gəlmək mümkün olmayacaq.”

Verilmiş nümunədə saxta dilemmadan istifadə olunur və problemin həlli üçün müxtəlif alternativlər olsa da, edam cəzası yeganə həll üsulu kimi göstərilir. Bu səfsətədə də istifadə oluna biləcək digər mümkün variantlar qəsdən görməzdən gəlinərək mürəkkəb bir problem həddən artıq sadələşdirilir.

Şübhəli səbəb səfsətəsi (cum hoc ergo propter hoc) Bu səfsətə isə sadəcə bir-birinin ardınca və ya eyni anda baş verdiyi üçün iki hadisə arasında səbəb-nəticə əlaqəsi olduğunu iddia etməkdən ibarətdir: “A hadisəsi B ilə eyni anda baş verib (və ya A və B hadisəsi ardıcıl baş verib), deməli A hadisəsi B hadisəsinin səbəbidir”.[16] Məsələn:

“Şiddət ehtiva edən video oyun satışının artması ilə yetkinlik yaşına çatmayanların törətdikləri cinayətlər arasında statistik uyğunluq mövcuddur. Deməli, zorakı xarakterli video oyunlar cinayətlərin sayının artmasına səbəb olur”.

Nümunədə məntiqi səfsətəyə yol verilmişdir. Belə ki, hadisələrin arasında statistik uyğunluğun olması tək başına səbəb-nəticə əlaqəsinin olduğunu göstərmir.[17] Bu səfsətədə isə həmin statistik uyğunluğun başqa səbəbləri görməzdən gəlinərək biri digərinin tək səbəbi kimi təqdim olunur.

Beləliklə, məntiqi səfsətələr üçün ortaq olan həddən artıq sadələşdirmə və görməzdən gəlmə xüsusiyyətlərini bilməklə hüquqi yazılarda səfsətələri aşkar etmək və onlardan yayınmaq daha asan olacaqdır.

lll. SƏFSƏTƏLƏRİ AŞKAR ETMƏ VƏ ONLARDAN YAYINMA

Hüquqi arqumentasiyadakı məntiqi səfsətələr akademik hüquqi yazının effektivliyini və etibarlılığını əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, müəllifin nüfuzuna da xələl gətirir. Əlavə olaraq, səfsətələr aldadıcı xarakterə malik olduqlarından akademik sferada araşdırmaların istiqamətini səhv yönləndirməkdən tutmuş, məhkəmədə hakimin qərarını manipulyasiya etməyə qədər bir çox mənfi nəticələrə səbəb ola bilər.[18] Ona görə də hüquqşünaslar hüquqi yazılarda məntiqi səfsətələrə aldanmamaq və onlardan yayınmağa xüsusi diqqət göstərməlidirlər. Bunun üçün isə aşağıdakı addımları izləmək faydalı olacaqdır:

Məntiqi səfsətələri öyrənmək: Məntiqi səfsətələrə bələd olmaq üçün onların müxtəlif növlərini öyrənmək məqsədəuyğundur. Belə ki, fərqli səfsətə növlərini araşdıraraq onları daha yaxşı tanımaq və beləliklə, onlardan yayınmaq olar.

Arqumentin strukturunu təhlil etmək: Bir çox hallarda arqumentlərin elementləri yuxarıdakı nümunlərdəki kimi aydın şəkildə əks olunmur. Bu səbəbdən hər hansı bir arqument irəli sürərkən və ya dəyərləndirərkən onu struktur elementlərinə bölmək faydalıdır. Bu yanaşma arqumentin məntiqi əsaslarını daha yaxşı anlamağa kömək edəcəkdir.[19]

Öncülləri dəyərləndirmək: Ortaya qoyulmuş öncülləri ayrı-ayrılıqda nəzərdən keçirib onların doğruluğu, etibarlılığı və obyektivliyini dəyərləndirməklə qeyri-formal səfsətələrdən yayınmaq olar.[20]

Emosionallığa aldanmamaq: Məntiq yerinə emosiya, mənəvi dəyər və digər həssas məsələlərə əsaslanan arqumentlərə qarşı diqqətli olmaq lazımdır. Belə ki, bu cür arqumentlər təsirli olsa da, hər zaman həqiqəti əks etdirmir.[21] Ona görə də həssas məsələlərə emosional deyil, tənqidi yanaşmaq vacibdir.

Tənqidi yanaşma: İrəli sürülən bütün arqumentlərə tənqidi yanaşma məntiqi səfsətəyə yol vermə və onlara aldanma riskini azaldacaqdır.

Bu addımlara əməl edərək məntiqi səfsətələrdən yayınmaq və irəli sürülmüş arqumentlərdə onları müəyyən etmək mümkündür.

NƏTİCƏ

Nəticə olaraq, akademik hüquqi yazıda yol verilən nöqsanlardan biri də məntiqi səfsətələrdən istifadədir. Belə ki, formal və qeyri-formal məntiqi səfsətələr  arqumentasiyanın keyfiyyətini aşağı salmaqla bərabər, hüquqi yazının etibarlılığına da xələl gətirir. Arqumentasiyanın uğurlu olması üçün isə yazıda qüsurlu məntiqi mühakiməni müəyyən etmək və ondan yayınmaq tələb olunur. Buna görə də hüquqşünaslar qeyd edilən qüsurun təbiətinə bələd olmalı və hüquqi yazılardakı bütün arqumentlərə tənqidi yanaşmalıdırlar.         

Müəllif: Camal Əzimov, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 1-ci kurs tələbəsi.


[1] Eveline T. Feteris, Fundamentals of Legal Argumentation, 24-25 (2017).

[2] Jacob E. Van Vleet, Informal Logical Fallacies: A Brief Guide, ix (2011).

[3] Ruggero J. Aldisert, Stephen Clowney, Jeremy D. Peterson, Logic for Law Students: How to Think Like a Lawyer, 69 University of Pittsburgh Law Review 1, 11 (2007).

[4] Yenə orada.

[5] Yenə orada.

[6] Robert J. Sternberg, Henry L. Roediger III & Diane F. Halpern, Critical Thinking in Psychology, 110 (1st ed. 2005).

[7] Yenə orada.

[8] Yenə orada.

[9] Van Vleet, yuxarıda istinad 2, ix-x.

[10] Nicholas Rescher, Error: (On Our Predicament When Things Go Wrong), 51-52 (2007).

[11] Eric Lode, Slippery Slope Arguments and Legal Reasoning, 87 California Law Review 1469, 1470 (1999).

[12] Yenə orada, 1539.

[13] Yenə orada, 1470.

[14] Douglas Walton, The Basic Slippery Slope Argument, 35 Informal Logic 273, 276 (2015).

[15] Anthony Weston, A Rulebook for Arguments, 91 (5th ed. 2018).

[16] Bo Bennett, Logically Fallacious: The Ultimate Collection of Over 300 Logical Fallacies, 271 (2012).

[17] Eugene Volokh, Academic Legal Writing: Law Review Articles, Student Notes, Seminar Papers, and Getting on Law Review, 146-147 (4th ed. 2010).

[18] Michael G. Walsh, Recognizing Logical Fallacies (part 1), 55 Practical Lawyer 5, 7 (2009).

[19] Weston, yuxarıda istinad 15, 1-2.

[20] Yenə orada, 4-5.

[21] Yenə orada, 6.