Akademik Etika və Plagiatçılıq

Akademik hüquqi yazıda hər kəs akademik etika qaydalarına riayət etməli olduğunu yaxşı bilməlidir. Bu etik qaydalardan biri də plagiatçılığa yol verməməkdir. Bəs plagiatçılıq nədir?

Plagiatçılığın anlayışı 05.06.1996-cı ildə qəbul olunmuş № 115-IQ “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanununda belə verilirdi:[1]

Plagiatçılıq – əsərin başqa şəxsin adı altında tam və ya qismən açıqlanması, yəni özgənin elmi, ədəbi, bədii və ya digər növ əsərini öz adı ilə nəşr etdirməsi, yaxud özgənin müəllifliyini mənimsəmə və ya mənbəyi və müəllifi göstərilmədən əsəri və ya onun bir hissəsini köçürməklə yeni əsərin yaradılması, bu cür əsərlərin yenidən dərc edilməsi, qəzet, jurnal məqalələrinin və yayım təşkilatları üçün verilişlərin hazırlanması, habelə şərikli müəllifliyə məcbur etmə.

Müxtəlif mənbələrdə isə plagiatçılığa qısa olaraq belə anlayış verilir:

  • başqalarının əsərlərini və ideyalarını öz əsərinizə tam rəsmi bəyanat vermədən köçürmə və ya parafraz etmə;
  • başqalarına məxsus ideyaları, anlayışları, sözləri və ya strukturları istinad etmədən birbaşa olaraq yazınızda öz adınızdan göstərmək.[2]

Tədqiqatçılar plagiatçılığı əsasən iki səbəbə görə mühakimə edirlər.[3] Birincisi, plagiatçılığa yol verməklə siz oxucuları bir növ aldatmış olursunuz. Siz hər hansı mövzu barədə tədqiqat apardıqda (məqalə yazdıqda) orada öz mövqeyinizi ortaya qoymalısınız. Doğrudur, tədqiqat apararkən müxtəlif mənbələrdən istifadə edirsiniz, lakin həmin mənbədən istifadə edərkən, oradakı fikri öz məqalənizdə qeyd edərkən siz istinad formasına riayət etməlisiniz, mənbəni “Footnote”- da göstərməlisiniz. İkincisi, siz plagiatçılığa yol verməklə oxucuların inamını itirmiş olursunuz. Bir tərəfdən onlara öz yaradıcılıq qabiliyyətinizi göstərmək istəyirsiniz, digər tərəfdən isə məqalənizi oxuyarkən burada plagiatçılığa yol verildiyini görən oxucularda sizin barənizdə mənfi düşüncələr yaratmış olursunuz.

Plagiatçılığın müəyyən edilməsi ilə məşğul olan alimlər plagiatçılığın, əsasən aşağıdakı formalarını fərqləndirirlər:

  • Sözbəsöz plagiatçılıq – bu formada, adətən tədqiqat aparanlar başqalarına məxsus hər hansı mətni olduğu kimi öz yazılarında qeyd edirlər, ən geniş yayılmış növləri isə Copy & Paste Shake & Paste – dir.
  • Maskalanmış və ya ört-basdır edilmiş plagiatçılıq – bu zaman Akademik yazı yazan şəxsin yazısında plagiatçılığa yol verdiyini müəyyən etmək nisbətən çətin olur, çünki o, plagiat etdiyi mətnin və ya fikrin üzərində bir sıra dəyişiklik edir və müəllif kimi özünü göstərir. Ən çox istifadə edilən növləri isə Parafraz etmə, Texniki cəhətdən ört-basdır etmə, Tərcümə edilmiş plagiatçılıq – dır.
  • Struktur və ideya plagiatçılığı – plagiatçılığa yol verən şəxs birbaşa olaraq başqasının ideyasını yazısında qeyd edir və istinad göstərmir, bir növ özü həmin ideyanın müəllifi kimi çıxış edir.

Plagiatçılığa yol verənlərin əksər hissəsi tələbələrdir. ABŞ, Birləşmiş Krallıq və Avstraliyanın prioritet ixtisaslarında təhsil alan tələblərin akademik yazılarında plagiatçılığa daha çox rast gəlinir, hesablamalara görə 1999-cu ildən plagiatçılığa yol vermə halları üç-dörd dəfə artmışdır. 2007-ci ildə Alabama Universitetində aparılan araşdırmalara görə tələbələrin plagiatçılığa yol vermə səbəbləri, əsasən aşağıdakılardan ibarətdir:[4]

  • Araşdırma bacarıqlarının yetərincə olmaması;
  • Yazı bacarıqlarının yetərincə olmaması;
  • İnternet mənbələrinin dəyərləndirilməsi ilə bağlı problemlər;
  • Düzgün istinad formalarını bilməmək;
  • Termin çatışmazlığı;
  • Basqı (təzyiq) və s.

Plagiatçılığa yol verməmək üçün öz elmi rəhbərinizdən daimi olaraq məsləhətlər alın, mövzu üzərində araşdırmalarınızı dərindən aparın. Plagiatçılığın qarşısını almaq üçün baçlıca tələb isə istinad formasına riayət etməyinizdir. Məsələn, hər hansı bir kitaba istinad etməli olursunuz. Bu zaman siz müəllifi, kitabın tam adını, istinad etdiyiniz səhifəni, paraqrafı və ya fəsli, nəşr olunduğu ili dəqiq olaraq göstərməlisiniz.  Nümunə: Sarah Worthington, Commercial Law and Commercial Practice, p. 115 (2003).

Akademik etikada adətən belə qəbul olunur ki, istinad etmək sizin məqalənizin və ya araşdırmanızın daha çox etibarlı olmasını və onun əsaslı mənbələrə dayanmasını bir növ sübut edir. Mənbələrə düzgün istinad barəsində ətraflı məlumat Jurnalımızın Jurnal Siyasəti bölməsində qeyd olunmuşdur.[5]

Ümid edirik ki, plagiatçılığın nə olduğu və hansı səbəblərdən plagiatçılığa yol verildiyi barəsində sizə lazımi qədər məlumat verə bildik. Növbəti yazılarda hüquqi məqalə yazmaqla bağlı digər mövzular barəsində məlumat veriləcəkdir.

 

 

 

 

[1] 30 sentyabr 2010-cu il tarixli 1079-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 4-cü maddənin “plagiatçılıq” anlayışı çıxarılmışdır.

[2] Bela Gipp, Citation-based Plagiarism detection, p. 10 (2014)

[3] Eugene Volokh, Academic Legal Writing (Fourth edition), p. 309 (2010)

[4] Tim S. Roberts, Student Plagiarism in an Online World p. 2 (2008)

[5] https://lr.bsulawss.org/submission/policy/