Akademik Hüquqi Yazıda İstinadın Önəmi

Giriş

I. İstinada zərurət nədən yaranır?

II. İstinad: Plagiatçılıqdan imtina üsulu kimi 

III. Uğurlu istinad müəllifə nə qazandırır?

Nəticə

GİRİŞ

Hər bir müəllif akademik hüquqi yazı zamanı müxtəlif mənbələrə istinad etməklə onun dərin elmi-məntiqi təfəkkürün ifadəsi olmasına, fikirlərin etibarlı və dəqiq mənbələrə söykənməsinə diqqət yetirməlidir. Bu zaman istinadlara müraciət akademik hüquqi yazının elmiliyini, inandırıcılığını, dəqiqliyini və etibarlılığını təmin edir. Buna görə də akademik hüquqi yazını istinadlarsız təsəvvür etmək mümkün deyil. Bəs müəlliflərin qarşısına istinadlarla bağlı qoyulan tələblər necə həyata keçirilir? İstinadlarsız akademik hüquqi yazılarda müəlliflər hansı situasiyalarla qarşılaşırlar? Bu bloq yazısında qeyd olunan sualların cavabı və istinadların əhəmiyyəti ilə bağlı digər nüanslara toxunulacaq.

I. İSTİNADA ZƏRURƏT NƏDƏN YARANIR?

Müəllifin istinadlara müraciəti öz fikirlərini tutarlı və əsaslandırılmış dəlillərlə sübut etmək ehtiyacından qaynaqlanır. İstinad vermənin əsas prinsipi də istifadə edilən arqumentlərin dəstəklənməsidir.[1] Bununla da, akademik yazıda irəli sürülən mülahizələr daha dolğun təsdiqini tapır.

Müəllif eyni mövzuda yazılan digər əsərlərə müraciət edərək alternativ  ̶  fərqli baxış və yanaşmalar təqdim edə, müqayisəli təhlillər apara bilər.[2] Bu, müəllifə müqayisə və analitik təhlil prosesində mülahizələrinin doğruluğunun təsdiqi üçün isbatlanmış faktları göstərməklə yanaşı, eyni zamanda yazıda irəli sürülmüş fikirlərə tənqidi münasibət nümayiş etdirmək şansı qazandırır.

İstinadlar, həmçinin oxuculara qənaətlərini möhkəmləndirmək, bilik və dünyagörüşlərini inkişaf etdirmək imkanı yaradır.[3] Belə ki, məqalə və ya digər akademik yazılardakı mühakimələrlə kifayətlənməyən oxucu orijinal mənbə ilə tanış ola, yaxud potensial bir müəllif kimi ətraflı araşdırma aparmaq, fikirlərini mükəmməl ifadə etmək üçün istinadlardan faydalana bilər. Buna görə də müəllif istinad etdiyi və yararlandığı mənbələri dəqiqliklə göstərməlidir.

Beləliklə, mənbələrdən məqamında və uğurlu istifadə oxucunun nəzərində akademik yazının təsir gücünü və əhəmiyyətini artırır, müəllifin ətraflı araşdırma apardığını, fikirlərini inteqrasiya etmə bacarığını göstərir.[4] Bunun əksinə, zərurət olduğu halda istinad verilməyən və ya qeyri-dəqiq istinadlı akademik yazı əsər və onun müəllifi haqqında oxucuda mənfi təəssüratlar yarada bilər.

II. İSTİNAD: PLAGİATÇILIQDAN İMTİNA ÜSULU KİMİ

İstinad vermə elmi dəqiqliyi, obyektivliyi təmin etmə vasitəsidir. Müvafiq istinadı vermədikdə müəlliflər plagiatçılığa yol verirlər. Başqalarına məxsus əsərləri, ideyaları mənbə göstərilmədən (istinadsız) özününküləşdirib istifadə etmək elmi mühitdə plagiatçılıq, yaxud da digər bir ifadə ilə “akademik oğurluq” olaraq qəbul edilir.[5] Bu məqamda qeyd etmək yerinə düşərdi ki, yalnız sözbəsöz eynilik yox, eləcə də ideyaların, xüsusi fərqlənən ifadələrin də istinadsız istifadəsi plagiatçılıq sayılır.[6]

İstinad vermə sözlərin, cümlələrin, ideyaların başqa müəllifə aid olduğunu təsdiqləyir, buna görə də elmi fikir və ideyaları mənimsəmək, şəxsi yaradıcılıq təxəyyülünün məhsulu kimi təqdim etmək müəllif hüquqlarına da ziddir. Bu baxımdan, plagiatçılıq həm də akademik etikanın pozulmasıdır.[7] İstinadı müəyyən mənada digər müəllifdən alınan icazə və razılıq kimi də düşünə bilərik. Konkret mənbə göstərilmədikdə başqalarının əməyindən icazəsiz istifadə də etik olaraq düzgün hesab edilmir.

Məlumdur ki, istənilən akademik yazı dərc olunmazdan öncə redaktor tərəfindən yoxlanılır və dəqiqləşdirici düzəlişlər aparılır. Bu prosesdə istinadların doğruluğuna və dəqiq ünvanına diqqət edilir.[8] Nəticədə, akademik yazıda plagiat hallar aşkarlandıqda onun dərc olunmasından imtina edilir.

Bəs plagiatçılıqdan uzaq olmaq necə mümkündür? Bunun üçün obyektivlik, istifadə etdiyiniz mənbələri göstərməkdə düzgünlük, istinadların verilməsində dəqiqlik zəruridir. Mənbələrə müraciət edərkən ümumiləşdirmə apara, ideya və fikirləri öz sözlərinizlə ifadə (parafraz) edə bilərsiniz.[9] Unutmayaq ki, bu zaman da sözügedən mənbəyə istinad verməyiniz mütləqdir.

Belə bir nəticəyə gələ bilərik ki, plagiatçılığa yol verməmək üçün istinadların seçilməsi, mənbələrin göstərilməsi zamanı sabitləşmiş elmi kriteriyalara düzgün əməl etmək zəruridir. Beləliklə, uğurlu istinad və ondan düzgün istifadə plagiatçılıqdan effektiv imtina üsulu hesab olunur.

III. UĞURLU İSTİNAD MÜƏLLİFƏ NƏ QAZANDIRIR?

Uğurlu istinad akademik yazının məzmununu zənginləşdirir, isbat olunan fikirlərin dolğunluğunu, bütövlükdə elmi sanbalını artırır, həmçinin müəllifin nüfuzuna müsbət təsir göstərir. Mənbə və istinadların uğurlu seçimi, yazı prosesində ondan məqamında düzgün istifadə müəllifin araşdırma və tədqiqatçılıq qabiliyyətinin səviyyəsini müəyyənləşdirir. Belə ki, akademik yazıda sübut olunan fikirlərin mənbələrdən istifadə ilə əsaslandırılması araşdırma mərhələsinin uğuru kimi qiymətləndirilir.[10]

NƏTİCƏ

Bu bloq yazısında istinad vermənin əhəmiyyətindən danışıldı. Qeyd edildiyi kimi, müəlliflər akademik hüquqi yazıda elmi fikirlərin əhatəliliyinin, dəqiqliyinin, inandırıcılığının təmini üçün istinadlara müraciət etməlidirlər. Düzgün seçilməyən istinad müəllifə məqsədinə nail olmaqda çətinlik yaradır. Ona görə də müəlliflərə tövsiyə olunur ki, akademik yazının məzmun və mahiyyətinə uyğun istinadlardan istifadə etsinlər, başqalarının fikirlərini mənimsəməkdən uzaq olsunlar və yeni mülahizələr irəli sürməyə çalışsınlar. Bu yolla elmi sanbala malik uğurlu akademik hüquqi yazıya nail olmaq və geniş oxucu auditoriyasını məmnun etmək olar.


İstinadlar:

[1] Colin Neville, The Complete Guide to Referencing and Avoiding Plagiarism, 2 (2010).

[2] Kathleen McMillan and Jonathan Weyers, How to Cite, Reference & Avoid Plagiarism at University, 59 (2013).

[3] Yuxarıda istinad 1, 11.

[4] Robert A. Harris, Using Sources Effectively: Strengthening Your Writing and Avoiding Plagiarism, 3 (2017).

[5] Elizabeth Henning, Sarah Gravett and Wilhelm van Rensburg, Finding Your Way in Academic Writing, 31 (2005).

[6] Carol M. Bast and Margie Hawkins, Foundations of Legal Research and Writing, 271 (5th ed. 2013).

[7] Yuxarıda istinad 4, 89.

[8] 6 Reasons Why Citation of Sources is Important When Writing (2016), https://falconediting.com/en/blog/6-reasons-why-citation-of-sources-is-important-when-writing (son baxış 28 Noyabr, 2020).

[9] Yuxarıda istinad 5.

[10] Yuxarıda istinad 6.


Müəllif: Nəsrin İbayeva, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 2-ci kurs tələbəsi.