Hüquq məqaləsinin nəticə hissəsi hansı tələblərə cavab verməlidir?

Giriş

Nəticə hissəsinin məqalədəki əhəmiyyəti.

Nəticə hissəsi necə qurulmalıdır?

Məqalənin nəticə hissəsinə necə başlamalı?

Nəticə

GİRİŞ

Hüquq məqaləsinin əsas struktur elementlərindən biri də məhz “nəticə” hissəsidir. Oxucu məqalədə irəli sürülən iddianı müəyyənləşdirmək, müəllif mövqeyini öyrənmək üçün ilk öncə bu hissəyə nəzər yetirir. Müvafiq hissə bir çox hallarda oxucunun məqalə barəsində qərarına təsir edir. Buna görə də məqalənin nəticə hissəsinin necə yazılması və hansı tələblərə cavab verməli olması xüsusilə aktual məsələlərdir.

NƏTİCƏ HİSSƏSİNİN MƏQALƏDƏKİ ƏHƏMİYYƏTİ

İlk öncə, “nəticə” hissəsinin məqalə üçün əhəmiyyətini başa düşmək lazımdır: “Nəticə hissəsi nə üçün bu qədər önəmlidir?”, “Nə üçün nəticə hissəsi üzərində bu qədər düşünmək tələb olunur?” suallarına aşağıdakılar cavab ola bilər:

  1. Adətən, oxucu məqalənin məhz giriş və nəticə hissələrini oxuduqdan sonra məqaləni oxuyub-oxumamağa qərar verir;
  2. Müəllif məqalədəki iddiaya olan hüquqi yanaşmasını məhz bu hissədə göstərir;
  3. Nəticə hissəsində siz məqalənizdəki “iddia-bəyanat” barədə məlumat verməklə hansı kontekstdə araşdırma apardığınızı göstərmiş olursunuz;
  4. Müvafiq hissə məqalənin akademik dəyərini oxuculara çatdıran əsas hissədir.[1]

NƏTİCƏ HİSSƏSİ NECƏ QURULMALIDIR?

Məqalənizin “nəticə” hissəsi aşağıdakı tələblər əsasında qurulmalıdır:

  1. Nəticə hissəsində məqalədə qeyd etdiyiniz əsas problem, məzmun qısa şəkildə bir daha çatdırılmalıdır.[2] Burada məqalənin mövzusu haqqında qısa məlumat verə bilərsiniz. Məzmun barəsində yazacaqlarınızı müəyyən edərkən uzunçuluqdan və anlaşılmayan sözlərdən istifadə etməməyiniz tövsiyə edilir. Uzunçuluq və mövzu ilə əlaqəsi olmayan anlayışlar məqalənizin nəticə hissəsinin effektivliyini azaldacaqdır.
  2. Nəticə hissəsində mövqeyiniz qısa şəkildə göstərilməlidir.[3] Bu, iddia-bəyanatda göstərilən problemin həlli (və ya həlləri) yolu ilə bağlıdır. Ümumiyyətlə, iddia-bəyanat özündə yenilik, qeyri-aşkarlıq, faydalılıq, şablonlardan uzaq olmaq kimi əsas xüsusiyyətləri əhatə etməlidir.[4] İddia-bəyanatınızda qeyd etdiyiniz problemin həlli ilə bağlı mövqeyiniz iddia-bəyanatınızın hansı formada olduğundan (təsviredici və ya tövsiyə edici[5]) asılıdır.[6]
  3. Sonluq verilməli, hüquqi məsələyə verdiyiniz həll qısaca öz əksini tapmalı və çox vacib olduğu halda əlavə sonluqlar verilməlidir.[7] Nəticə hissəsi yuxarda qeyd etdiyimiz kimi, məqalənin əsas hissələrindən biridir və oxucu məqalənizin nəticə hissəsini oxuduqdan sonra məqaləniz haqqında yekun fikir formalaşdırır. Bu hissədə məzmunla bağlı oxucunun bildiyi və ümumi şəkildə olan məlumatları deyil, iddia-bəyanata uyğun konkret fikirləri yekunlaşdırmaq lazımdır.
  4. Bütün sadalananları qısa və lakonik şəkildə ifadə edin. Nəticə mümkün olduğu qədər yığcam və qısa olmalıdır. Qeyd olunan müddəaları aydın, qısa və lakonik şəkildə ifadə etmək müvafiq hissənin effektiv olmasında xüsusi əhəmiyyətə malikdir. Anlaşılmayan sözlər, mövzuyla əlaqəsi olmayan terminlər, həddindən artıq uzunçuluq məqalənizin sıxıcı olması ilə nəticələnir və yazınızın effektivliyini azaldır.

MƏQALƏNİN NƏTİCƏ HİSSƏSİNƏ NECƏ BAŞLAMALI?

Effektiv bir “nəticə” hissəsi yazmaq üçün bir neçə üsuldan istifadə etmək olar:

  1. Müvafiq hissəni yazmağa məqalənizdə qeyd etdiyiniz problemə mövqeyinizi müəyyən edən cümlələrlə başlaya bilərsiniz. Yekun fikriniz və fərqli yanaşmanız oxucu üçün daima maraqlıdır;
  2. Nəticə hissəsini cavabını məqalənizdə müəyyən etdiyiniz hüquqi bir sualla və ya verilmiş suallara cavab ola biləcək cümlə ilə başlamaq olar;
  3. Hüquqi sonluq olaraq dəqiq və konkret nümunə ilə başlamaq olar. Verilmiş nümunə real və inandırıcı olmalıdır. Həqiqətə uyğun olmayan və ya absurd nümunə vermək məqalənin effektivliyini azalda bilər.

Nəticə hissəsinin həcmi sizdən asılıdır, lakin əsas tələbin həcm deyil, dolğunluq olduğunu nəzərə almalısınız.

NƏTİCƏ

Son olaraq “nəticə” hissəsində iddianızı qısaca yekunlaşdırın[8], qısa və konkret olmağa çalışın, mövzuya dair öz yanaşmanızı qeyd edin. Düzgün yazılmış nəticə oxucuda məqalə barədə xoş təəssürat yaratmağa kömək edəcək.[9]


İstinadlar:

[1] Eugene Volokh, Academic Legal Writing, 74. (4th ed. 2010).

[2] BDU Hüquq Fakültəsi Tələbə Elmi Cəmiyyəti, Jurnal Siyasəti, Maddi Tələblər, qayda 4. Burada baxın: https://lr.bsulawss.org/submission/policy/

[3] Yenə orada.

[4] Yenə orada.

[5] “Descriptive” və “prescriptive” anlayışlarının Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı Redaksiya Heyəti tərəfindən Jurnal Siyasəti üçün tərcümə edilmiş müvafiq variantlarıdır.

[6] Təsviredici iddia-bəyanat üçün həll yolu araşdırdığınız hüquqi-tarixi faktın anlaşıqlı izahı ola bilər. Tövsiyəedici iddia-bəyanat üçün həll rolu isə qanunda dəyişiklik təklifi, yeni hüquq qaydası, yeni hüquq prinsipi şəklində ola bilər.

[7] Yuxarıda istinad 2.

[8] Volokh, yuxarıda istinad 1, 54.

[9] University of North Carolina at Chapel Hill, The Writing Center, https://writingcenter.unc.edu (son baxış 13 Dekabr, 2018).


Müəllif: Sevinc Sadıqova, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, III kurs tələbəsi.