Məqalənin strukturu necə qurulmalıdır?
Məqalənin strukturu formalaşdırılarkən ən çox yolverilən səhvlər nələrdir?
GİRİŞ
Hüquqşünasların fəaliyyətinin əhəmiyyətli hissəsini hüquqi yazı təşkil edir. Yaxşı hüquqşünas həm də güclü yazı bacarığına malik olmalıdır. Hüquq fakültəsinin tələbəsi olaraq yazı bacarıqlarınızı inkişaf etdirməyin ən effektiv və bəlkə də, əsas yollarından biri hüquq məqaləsi yazmaqdır. Məqalə üçün iddianı müəyyən edib ilkin araşdırmanı bitirdikdən sonra növbəti mərhələ məqalənin strukturunu, skeletini qurmaqdan ibarətdir. Bu bloq yazısında məqalənin strukturunu quran zaman nələrə diqqət yetirməli olduğunuzdan bəhs olunacaq.
MƏQALƏNİN STRUKTURU NECƏ QURULMALIDIR?
Məqalənin ümumi quruluşu aşağıdakı kimi tövsiyə olunur:
- Annotasiya
- Giriş
- Təməl hissə
- İddianın sübutu
- Nəticə
Annotasiya. Bu hissədə yazının əsas aspektləri yekunlaşdırılmalıdır. Belə ki, annotasiyada məqalənin digər hissələri haqqında çox qısa, 2-3 cümlədən ibarət məlumat verilməlidir. Adətən, oxucu annotasiyanı oxuduqdan sonra bütün məqaləni oxuyub-oxumayacağı haqqında qərar verir. Bu hissədə uzun təməl məlumatlar, natamam cümlələr, oxucunu çaşdıra biləcək abbreviaturalar və hər hansı cədvəl və ya fiqurlar daxil etməkdən çəkinmək lazımdır.
Giriş. Oxunaqlı, maraqlı bir giriş sizin məqalənizin uğurlu olması üçün vacib ünsürlərdən biridir. Giriş hissəsinin üç vacib funksiyası var:[1]
- oxucuları məqalənin davamını oxumağa cəlb edir;
- bütün məqaləni oxumayanlar üçün əsas iddianızı ümumiləşdirir, nəticədə, oxucular iddianızın yararlı ola biləcəyi problemlə qarşılaşdıqda məqalənizi xatırlayaraq oxumaq üçün geri dönürlər;
- oxuyacaq olanlar üçün növbəti hissələri şərh edən ümumi bir düşüncə formalaşdırır.
Bu məqsədlərə nail olmaq üçün giriş hissəsi mütləq aşağıdakıları özündə ehtiva etməlidir:[2]
- konkret şəkildə bir problemin olduğunu göstərməli;
- iddianı bildirməli;
- problemi əks etdirməli;
- bütün bunları cəld və inandırıcı şəkildə etməlidir.[3]
Məqalənizin giriş hissəsi elə yazılmalıdır ki, oxucunu məqalənin qalan hissələrini də oxumağa vadar etsin. Buna nail olmağın ən yaxşı yolu giriş hissəsində oxucunu olduqca vacib, maraqlı və həll edilməli olan problemin mövcud olduğuna inandırmaqdır. Giriş qısa, sadə, aydın və oxucunu daha çox oxumağa təşviq edəcək şəkildə olmalıdır.[4]
Təməl hissə. Məqalənin girişdən sonrakı hissəsi “təməl hissə” adlanır. Bu hissədə mümkün olduğu qədər vacib faktların və qaydaların üzərində fokuslanmağınız lazımdır. Təməl hissədə əsas məqsəd iddianızın sübut olunması üçün lazımi olan baza informasiyaları oxuyucuya ötürməkdir. Siz iddianızı dəqiq faktlar və hüquqi mühakimələr olmadan sübut edə bilməyəcəksiniz, lakin bunu mümkün qədər qısa və aydın şəkildə etməyə çalışın.[5]
İddianın sübutu. Hər şeydən əvvəl sizin iddianız yeni, qeyri-aşkar və faydalı olmalıdır. Bundan əlavə, müvafiq hissəni yazarkən bir sıra nüanslara diqqət yetirməlisiniz. İlk öncə, konkret olun. Təkrarçılıqdan və ifrat ümumilikdən qaçının. Arqumentinizi real nümunələrlə, məsələn, real kazuslardan konkret nümunələrlə gücləndirin. Bu sizin fikrinizi oxucuya daha aydın çatdırmağa və sizin də öz fikrinizi daha yaxşı anlamağınıza kömək edəcək.[6]
Nəticə hissəsində iddianızı qısaca yekunlaşdırmalısınız.[7] Annotasiya və giriş hissələrində qoyulan sualların cavabının nəticə hissəsində öz əksini tapdığından əmin olun. Əks təqdirdə məqalənizin tamlığı pozulacaq və oxucu məqaləni anlamaqda çətinlik çəkəcək.
MƏQALƏNİN STRUKTURU QURULARKƏN ƏN ÇOX YOLVERİLƏN SƏHVLƏR HANSILARDIR?
Annotasiya və giriş oxuculara məqaləni oxumağa davam edib-etməmək haqqında qərar verməyə kömək edən hissələrdir. Bundan əlavə, bəzi məqamlarda yazınızın yalnız annotasiya hissəsi müvafiq axtarış saytlarında dərc oluna bilər. Məqalənin strukturu formalaşdırılarkən ən çox yolverilən səhvlərdən biri annotasiya və giriş hissələrində olduqca mürəkkəb və termin dolu cümlələrdən istifadə olunmasıdır. Bəzi müəlliflər düşünürlər ki, onların yazıları nə qədər mürəkkəb olsa, bu yazının bir o qədər professional olduğunu göstərir. Lakin bu yanlış yanaşmadır. Müvafiq hissələr oxucuların yazınızı oxuyub-oxumayacağı kimi mühim bir məsələni həll edir. Odur ki, oxucunuzun işini çətinləşdirməyin və bu hissələrin mümkün olduğu qədər sadə və konkret yazılmasına səy göstərin.
Arqumentinizlə bağlı bir sıra çətinliklərlə üzləşə bilərsiniz. Müəlliflərin ən çox yolverdikləri səhvlərdən bir digəri də bu çətinlikləri oxucudan gizlətməyə çalışmaqdır. Problemləri üstünlüklərə çevirin. Arqumentinizin problemlərini gizlətməkdənsə, onlarla üzləşin. Oxucunuza qarşı daima dürüst olun. Çətinlikləri təsvir etmək iddianızın daha da detallaşdırılmış formaya düşməsinə səbəb olacaq. Eyni zamanda bu, gördüyünüz iş barəsində özünüzü rahat hiss etməyinizə kömək edəcək.[8]
Nəticə hissəsini həddindən artıq uzun yazmaq yolverilən səhvlərdən bir digəridir. Müvafiq hissə sizin mövzu ilə bağlı son sözünüzü çatdıra biləcəyiniz hissədir. Burada siz həmçinin məqalədə qoyulmuş problemin həllinə yönəlmiş təkliflərinizi də verə bilərsiniz. Düzgün qurulmuş nəticə oxucuda xoş təəssürat bağışlamağınıza yardımçı olacaqdır.[9]
NƏTİCƏ
Hüquq məqaləsi yazarkən diqqət yetirilməli olan ən mühim və başlıca məqamlardan biri də düzgün strukturun formalaşdırılmasıdır. Bunun üçün yazının strukturunu formalaşdırarkən qarışıqlıq və mürəkkəblikdən çəkinməyə çalışın. Bu zaman hər şeyin planlı qurulduğundan əmin olun. Planlı işləmək, həm də vaxtınıza qənaət etməyinizə kömək edəcəkdir.
İstinadlar:
[1] Eugene Volokh, Academic Legal Writing, 52. (4th ed. 2010).
[2] Yenə orada.
[3] Yenə orada.
[4] Yenə orada.
[5] Volokh, yuxarıda istinad 1, 44.
[6] Volokh, yuxarıda istinad 1, 47.
[7] Volokh, yuxarıda istinad 1, 54.
[8] Volokh, yuxarıda istinad 1, 48.
[9] University of North Carolina at Chapel Hill, The Writing Center, https://writingcenter.unc.edu (son baxış 22 Noyabr, 2018).
Müəllif: Əzizə Abdullayeva, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II kurs tələbəsi.