Söhbət hüquq jurnalına məqalə yazmaqdan getdikdə tələbələrin normal olaraq verdikləri suallardan biri də bu olur ki, nəyə görə məqalə yazmalıyam? Belə ki, bu suala verilə biləcək cavabları bir neçə başlıq altında toplaya bilərik:
- Akademik hüquqi yazı və araşdırma qabiliyyətinizi inkişaf etdirəcəksiniz.
Akademik hüquqi yazı qabiliyyəti bir hüquqşünas üçün olmazsa olmazdır. Tarix boyu yazılı halda bizə çatan hüquq kitabları, məqalələr, monoqrafiyalar və digər elmi əsərlər bugünkü hüquq anlayışımıza işıq tutmuş, hüquq sistemimizin formalaşmasına əsaslı təsir göstərmişdir. Heç şübhəsiz, bütün bunlar müəyyən sistemə malik yazının, yəni akademik hüquqi yazının əmələ gəlməsinə şərait yaratmışdır.
Əgər siz hüquq tələbəsisinizsə, təhsilinizin müəyyən mərhələlərində mütləq “legal research” dediyimiz hüquqi araşdırma ilə məşğul olmalı olacaqsınız. Hüquqşünasın gördüyü işin böyük hissəsi hüquqi araşdırmadır ki, hüquqşünaslar, yəqin ki, istənilən digər professional insanlardan daha çox peşəkar olaraq araşdırma aparır və yazırlar.[1] Buraya bakalavr pilləsində yazdığınız fərdi işlərdən tutmuş magistratura və doktorantura pilləsində yazdığınız dissertasiyalar və peşəkar hüquqşünas olaraq tərtib etdiyiniz hüquqi sənədlər daxildir. Hüquqi araşdırma və yazı ilə bağlı tələbələrin problemləri də məhz bu zaman ortaya çıxır. Təhsil həyatı boyunca hüquqi araşdırma və yazı ilə məşğul olmamış və bu vərdişə yiyələnməmiş tələbələr üçün cəmi bir semestrə dissertasiya yazmaq və ya gələcəkdə bir hüquqşünas kimi müəyyən sənədlər hazırlamaq çox çətin olur. Eyni zamanda hüquqşünaslara yönəldilən tənqidlərin böyük qismi də məhz onların yazısı ilə bağlıdır. Hüquqşünasların sadə qrammatika bilməməkləri, heç nəyi sadə dildə başa sala bilməmələri, mühakimələrinin olmadığı, bir hekayəni necə başa salmağı, harada başlayıb, harada bitirməli olduqlarını bilməmələri, hətta insanları yanlış yönləndirdikləri və aldatdıqları bir çoxları tərəfindən tənqid olunur.[2]
Hüquqi araşdırma və hüquqi yazı bacarığı futbol oynamaq, pianoda ifa etmək və ya avtomobil sürmək bacarığına oxşardır. İnsanlar bu bacarıqları, əsasən, onları edərək öyrənirlər. Onların heç biri yalnızca kiminsə onları necə etdiyinə qulaq asaraq, onların edilmə yolları haqqında oxuyaraq və ya onu edən başqa birisini izləyərək öyrənilə bilməz.[3] Təcrübə, yəqin ki, hüquqşünasın ən önəmli bacarığı olan yazınızı gücləndirəcək.[4]
Xüsusilə, gələcəkdə akademik karyera qurmaq fikrində olanlar özlərində araşdırma, hüquqi analiz, müqayisə və yazı kimi bacarıqları artıq bakalavr pilləsində təhsil alarkən inkişaf etdirməlidirlər. Sizin indidən bu kimi bacarıqlara yiyələnməyiniz gələcəkdə dünyanın ən yüksək reytinqli universitetlərində araşdırma apardığınız zaman belə köməyinizə çatacaq.
- Müəyyən sahə üzrə dərin biliyə yiyələnəcək və digər həmkarlarınızdan fərqlənəcəksiniz.
Siz hüquq jurnalına məqalə yazarkən özünüz üçün araşdırılacaq mövzu və araşdırma sualı müəyyən edirsiniz. Müəyyən etdiyiniz mövzu üzrə məqalə yazarkən istər-istəməz həmin mövzuya dair geniş biliklər əldə edəcəksiniz və bu da sizin həmkarlarınız arasında həmin mövzu üzrə bir növ “authority” olaraq görünməyinizə gətirib çıxaracaq. Sizdən sonra həmin mövzu üzrə araşdırma aparacaq şəxslər sizə istinad edəcək, mövzuyla bağlı suallarına görə sizə müraciət edəcəklər.
Hüquq məqaləsi yazmaq sizi digər həmkarlarınızdan fərqləndirəcək. Gələcəkdə istənilən xarici universitetə, təqaüd proqramına və işə müraciət edərkən bu sizin üçün böyük üstünlük olacaq.
- Yazacağınız məqalə ilə hüquqda mövcud olan hansısa problemi həll edə bilərsiniz.
Akademik hüquqi məqalə yazan bir şəxsin əsas məqsədi qanunvericilikdə, təcrübədə, doktrinada və s. gördüyü problemlərə dair öz mövqeyini əsaslandırılmış bir şəkildə bildirməkdir. Siz öz orijinal mövqeyinizlə bu cür problemlərə həll yolu tapmaqla bu sahədəki bir çox sualları cavablandıra bilərsiniz. Hətta normativ aktlar qəbul edən orqanlar sizin məqalənizdən bəhrələnərək müvafiq aktlar qəbul edə bilərlər.
- Yazacağınız məqalə ilə hüquq dünyasına adınızı duyuracaqsınız.
Yazacağınız məqalə sizi hüquq aləminə tanıdacaq. Xüsusilə, Bakı Dövlət Universiteti Hüquq Jurnalının HeinOnline hüquqi məlumat bazasına daxil olması, dünyanın bütün nöqtələrindən tələbələrin, professorların, praktiki hüquqşünasların sizin məqalənizə rahatlıqla çıxış əldə etməsinə, ondan istifadə etməsinə və sizi tanımasına şərait yaradacaq. Eyni zamanda məqalələr aylıq, iki aylıq, üç aylıq jurnallarda nəşr olunduğundan hüquq dünyasına təsir etmək baxımından daha əlverişlidirlər.[5]
İstinadlar:
[1] Wesley Gilmer Jr., Teaching Legal Research and Legal Writing in American Law Schools, 99 Journal of Legal Education 571, 571 (1972).
[2] Tom Goldstein and Jethro K. Lieberman, The Lawyer’s Guide to Writing Well, 3 (2002).
[3] Gilmer Jr., yuxarıda istinad 1, 571.
[4] Eugene Volokh, Academic Legal Writing: Law Review Articles, Student Notes, Seminar Papers and Getting On Law Review, 24 (2010).
[5] Kemal Gözler, Hukuka Giriş, 175 (2015).