Bildiyimiz kimi, hüquq məqaləsinin struktur etibarilə əsas hissələrindən biri də məhz “Giriş” hissəsidir. Məqalənin nədən bəhs etməsini müəyyənləşdirmək üçün oxucu ilk öncə məhz məqalənin girişinə nəzər yetirir və bir növ məqalə barəsindəki qərarını elə oxuduğu “Giriş” hissəsi ilə də vermiş olur. Bir çox hüquq tələbələrinin, eləcə də, Akademik Hüquqi Yazı yazmağa yenicə başlamış praktiki hüquqşünasların qarşısında duran mühüm suallardan birisi də elə bununla bağlıdır: Hüquq məqaləsi üçün effektiv giriş necə yazıla bilər?
İlk öncə “Giriş” hissəsinin sizin məqalənizdəki rolunu başa düşməlisiniz, başqa sözlə desək, “Giriş hissəsi nə üçün bu qədər önəmlidir?”. Nə üçün giriş hissəsi üzərində bu qədər düşünmək lazımdır?
1. Məqalənizin giriş hissəsi oxucunu sizin məqalənizə aparan əsas vasitədir. Oxucu məqalənizin girişini oxuduqdan sonra məqalənizi oxuyub-oxumamağa qərar verir.
2. Siz giriş hissəsində göstərdiyiniz məsələ ilə oxucunun diqqətini cəlb etmiş olursunuz və bu da oxucunun sizin məqalənizi daha da dərindən təhlil etməsinə səbəb olur.
3. Giriş hissəsində siz məqalənizdəki “İddia-bəyanat” [1] barədə məlumat verməklə hansı kontekstdə araşdırma apardığınızı göstərmiş olursunuz.
4. Məqalənizdə qoyduğunuz problem barədə Giriş hissəsində kifayət qədər aydın məlumat vermisinizsə, oxucu bütün məqaləni oxumasa belə, bir gün sizin məqalənizdə göstərdiyiniz, yaxud da analoji problemlə üzləşdikdə sizin məqalənizə müraciət edəcəkdir [2].
Məqalənizin giriş hissəsinin yuxarıda qeyd edilən nəticələri əldə etməsi üçün giriş hissəsini aşağıdakı key note-lar əsasında qurmalısınız [3]:
1. Giriş hissəsində məqalədə qeyd etdiyiniz əsas problemi və “iddia-bəyanat”ınızın həllinin məqalədə göstərildiyini konkret şəkildə göstərin.
Giriş hissəsində problemin konkret şəkildə ifadə olunması oxucuda bir növ “Mən bu məqaləni hökmən oxumalıyam” təəssüratı yaradır və bu cür ifadəylə qarşılaşmaq üçün məqalənizdə qoyduğunuz problemi hökmən konkret şəkildə giriş hissəsində qeyd etməyiniz lazımdır. Məqalə yazmağa yeni başlayanların qarşılaşdıqları ən çətin problemlərdən biri iddia-bəyanatın müəyyən olunması və onun dəqiq şəkildə məqalənin əvvəlində ifadə olunmasıdır [4]. İddia-bəyanatın necə müəyyən olunması ilə bağlı Eugene Volokhun qeyd etdiyimiz kitabından istifadə edə bilərsiniz.
Qeyd etdiyimiz bir digər mühüm məsələ iddia-bəyanatda göstərilən problemin həll (və ya həllər) yolu ilə bağlıdır. Ümumiyyətlə, iddia-bəyanatın effektiv olması üçün o, özündə yenilik, qeyri-aşkarlıq, faydalılıq, məntiqilik, şablonlardan uzaq olmaq kimi əsas xüsusiyyətləri əhatə etməlidir [5]. İddia-bəyanatınızda qeyd etdiyiniz problemin həlli iddia-bəyanatınızın hansı formada olduğundan – təsviredici və ya tövsiyə edici [6] olmasından asılıdır [7].
Bir digər mühüm məsələ isə konkret və dəqiq şəkildə ifadə olunmaqla bağlıdır. Sözügedən problemin məqalənin giriş hissəsində konkret fakt və müvafiq açar sözlər (key notes) qeyd etməklə, məsələn, problem və “ … hüquq bunu necə tənzimləyir?”, göstərə bilərsiniz [8]. Uzunçuluq və mövzu ilə əlaqəsi olmayan anlayışlar məqalənizin giriş hissəsinin effektivliyini azaldacaqdır.
2. Məzmunu əhatə edin;
Giriş hissəsində məqaləniz haqqında yuxarıda qeyd edilənlərdən əlavə qısa məlumat verə bilərsiniz. Məzmun barəsində yazacaqlarınızı müəyyən edərkən uzunçuluq və anlaşılmayan sözlərdən istifadə etməməyiniz tövsiyə edilir.
3. Giriş hissəsini elə qurun ki, məqalənizi oxumaq üçün oxucuda maraq oyansın;
Giriş hissəsi, yuxarıda qeyd etdiyimiz kimi, məqaləyə aparan yoldur və oxucu məqalənizin giriş hissəsini oxuduqdan sonra məqalənizi oxuyub oxumamağa qərar verir. Giriş hissəsində məzmunla bağlı oxucunun bildiyi və ümumi şəkildə olan məlumatları deyil, daha yeni və cəlbedici məlumatları qeyd edin (hansılar ki, iddia-bəyanatın yuxarıda qeyd etdiyimiz xüsusiyyətlərini əhatə edir).
4. Və bütün bunları qısa və lakonik şəkildə ifadə edin.
Qeyd etdiyimiz müddəaları qısa, aydın və lakonik şəkildə ifadə etmək giriş hissəsinin effektiv olmasında xüsusi əhəmiyyətə malikdir. Anlaşılmayan sözlər, mövzuyla əlaqəsi olmayan terminlər, həddindən artıq uzunçuluq məqalənizin sıxıcı olmasına səbəb olan və effektiv olmasının qarşısını alan əsas vasitələrdir.
Məqalənin giriş hissəsinə necə başlamalı?
“Effektiv bir məqalə girişi yazmaq üçün bir neçə vasitədən istifadə etmək mümkündür:
a. Cavabını məqalənizdə müəyyən etdiyiniz hüquqi bir sualla başlaya bilərsiniz. Bu sual məqalənizin haqqında olduğu mövzu barəsində oxucuda təsəvvür yaradacaqdır.
b. Dəqiq və konkret nümunələrlə başlamaq mümkündür.
c. Real və ya inandırıcı bir nümunə ilə başlamaq mümkündür. Absurd və həqiqətə uyğun olmayan nümunələr oxucuda maraq oyandırmır.
d. Məqalənizdə qeyd etdiyiniz problemə sizin mövqeyinizi müəyyən edən cümlələrlə başlaya bilərsiniz. Fərqli yanaşmalar və nəzəriyyələr ilə tanış olmaq oxucu üçün daima maraqlıdır.
e. Hər hansı bir mübahisənin izahı ilə başlamaq mümkündür. Qarışıq məsələlərə sizin münasibətiniz oxucu tərəfindən maraqla qarşılana bilər.
f. Qarşı çıxdığınız arqument və ya tezis barədə məlumatla (1-2 cümlədən artıq olmamaqla qeyd etməyiniz tövsiyə olunandır) başlamaq mümkündür.
g. Giriş hissəsini məqalənizin “roadmap”i olaraq planlayaraq başlamaq mümkündür” [9] .
Giriş hissəsinin həcmi sizdən asılıdır, lakin çox uzunçuluq (1, bəzi hallarda 2 səhifədən artıq) bəzən oxucu üçün cəlbedici və maraqlı görünməyə bilər.
Ümid edirik, məqalənizin giriş hissəsinin necə yazılması barədə kifayət qədər məlumat verə bildik. Növbəti yazılarda hüquqi məqalə yazmaqla bağlı digər mövzulara toxunulacaqdır.
[1] Bax: Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı Jurnal Siyasəti
[2] Eugene Volokh, Academic Legal Writing (Fourth edition), p. 52 (2010)
[3] Ibid.
[4] Philip C. Kissam, Thinking (by Writing) about Legal Writing, 40 Vand. L. Rev. 135, p. 142 (1987)
[5] Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı Jurnal Siyasəti
[6] Descriptive və prescritive anlayışlarının Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı Redaksiya Heyəti tərəfindən Jurnal Siyasəti üçün tərcümə edilmiş müvafiq variantlarıdır.
[7] Təsviredici iddia-bəyanat üçün həll yolu araşdırdığınız hüquqi-tarixi faktın anlaşıqlı izahı ola bilər. Tövsiyəedici iddia-bəyanat üçün həll rolu isə qanunda dəyişiklik təklifi, yeni hüquq qaydası, yeni hüquq prinsipi şəklində ola bilər.
[8] Eugene Volokh, Academic Legal Writing (Fourth edition), p. 52 (2010)
[9] Id. p. 57-61