Məqalənin dili: Azərbaycanca.
Annotasiya
COVID-19 pandemiyası bir çox sahələrə olduğu kimi əmək münasibətlərinə də ciddi təsir göstərmişdir. Pandemiya dövründə ənənəvi iş formalarından kənara çıxan distant iş modeli geniş yayılmış və zəruri bir iş üsuluna çevrilmişdir. Həmin vaxta qədər tətbiq olunsa da, bu dövrdə bütün dünyada geniş vüsət almağa başlayan distant iş (məsafədən iş) sonralar zərurət halını alaraq gündəlik həyatımızda xüsusi yer tutmuşdur. Xüsusilə, bu il Azərbaycan Respublikasında COP29-un keçirilməsi bu məsələni ölkəmizdə yenidən aktual hala gətirmişdir. COP29 əmək funksiyasının icrasında yaranacaq çətinliklərin aradan qaldırılmasında köməyimizə çatan distant iş rejiminin zəruriliyini sübut edir. Qeyd olunan zərurətə mütənasib olaraq dünyanın müxtəlif ölkələrində mövcud əmək münasibətlərinin tənzimlənməsi distant işin hüquqi təbiətinə uyğunlaşdırılmışdır. Distant iş modeli işçilərə iş-həyat balansını saxlamağa kömək etdiyi halda, hüquqi qeyri-müəyyənliklər və əməyin mühafizəsi kimi məsələlər hüquqi tənzimləmə tələb edir. Məqalənin yazılması mövcud əmək bazarında işçilərin və işəgötürənlərin hüquqlarının qorunması və distant işin qanunvericiliklə nizama salınmasının vacibliyini göstərməsi baxımından əhəmiyyətlidir. Məqalədə oxşar təcrübəyə malik ölkələr – İtaliya Respublikası və Türkiyə Respublikasının təcrübəsi təhlil edilmiş, Azərbaycan Respublikasının qanunvericiliyində sözügedən məsələnin tənzimlənməsinə dair konkret təkliflər irəli sürülmüşdür. Azərbaycan qanunvericiliyinin müasir iş mühiti ilə uyğunlaşması və əmək bazarındakı hüquqi boşluqların aradan qaldırılması üçün verilən bu təkliflər həm Əmək Məcəlləsi, həm də əmək müqaviləsini əhatə etməkdədir.
Bu post həm də digər dildə mövcuddur: English