Çəkic və qələm: akademik hüquqi yazıda zəriflik

Giriş

I. Zəriflik hüquqi yazı stili kimi

II. Hüquqi nağıl: ritorik vasitələr

III. Struktur zərifliyi

Nəticə

GİRİŞ

Akademik hüquqi yazıda yenilik, məntiqilik kimi prinsiplər yazının bilavasitə məzmunu ilə bağlı olduğundan tez-tez vurğulanır. Bununla belə, hüquqi yazının ən az məzmunu qədər onun təqdim olunma forması da önəmlidir.[1] Belə ki, eyni məzmunda olan iki yazıdan daha təsirli şəkildə təqdim olunanı daha yaddaqalan və inandırıcı olacaqdır. Ona görə də bu bloqda yazı stillərindən biri olan zəriflik[2] barəsində danışılacaqdır. İndiyə qədər yerli ədəbiyyatda “hüquqi yazının zərifliyi” kimi bir ifadənin olmaması məhz onun təqdim olunma şəklinin nisbətən diqqətdən kənarda qalması ilə bağlıdır. Bloqun davamında sözügedən stilin anlayışı, istifadə olunma dairəsi, “hüquqi hekayə” və zərifliyin düzgün strukturun formalaşdırılmasındakı rolundan bəhs olunacaqdır.

I. Zəriflik hüquqi yazı stili kimi

Akademik hüquqi yazıda zəriflik yazının oxunaqlılıq və inandırıcılığının artmasına, habelə fikirlərin daha təsirli ötürülməsinə xidmət edən estetik yazı üslubudur. Həmin üslubun önəmi yalnız onun sadalanan funksiyaları ilə məhdudlaşmır, o həm də insan təbiətinin gözəllik meylini özündə əks etdirir. Yəni oxucular da daxil olmaqla, insanlar təbiəti etibarilə estetik olana daha çox maraq duymaqdadırlar.[3] Odur ki, bəzən hüquqi yazının “quru dəqiqlik və məntiqiliyinə” zəriflik əlavə etmək ehtiyacı yaranır.[4]

Zəriflik yazının təsirliliyi ilə yanaşı, arqumentlərin də inandırıcılığını artırır. Belə ki, nəzəriyyəçi Ç.Perelmana görə, irəli sürülən arqumentin keyfiyyəti və düzgünlüyü onun ünvanlandığı auditoriya tərəfindən müəyyənləşdirilir.[5] Bu mənada arqument obyektiv meyarlara görə deyil, auditoriyanı inandırmaq qabiliyyətinə görə uğurlu hesab olunur.[6] Məhz bu səbəbdən də yazının oxuculara təsir edəcək zərif üslubda yazılması arqumentasiya baxımından da önəm daşıyır.

Bununla belə, sözügedən üslub hər hüquqi yazı növü üçün məqsədəuyğun olmaya bilər. Belə ki, hüquqşünaslar bir çox yazı işlərini qısa müddət ərzində ərsəyə gətirməli olduqlarından əsasən yazıdakı arqumentlərə fokuslanmağı üstün tuturlar.[7] Bu halda zaman məhdudiyyətindən dolayı yazının “cilalanmaması” başadüşüləndir. Bununla belə, məhkəmə rəyi,[8] xülasələr,[9] eləcə də akademik hüquqi məqalələrin zərif üslubda yazılması onların effektivliyinə və inandırıcılığına birbaşa təsir edir.[10]

Nəticədə, bu üslub hüquqi yazının auditoriyaya cəlbedici şəkildə təqdim edilməsinə yönəlmişdir. Buna nail olmaq üçün isə müəllif öz yazısına arqumentlərin sıralanması kimi deyil, sanki hüquqi bir hekayə danışırmış kimi yanaşmalıdır.

II. Hüquqi hekayə: ritorik vasitələr

“Hüquqi hekayə” dedikdə hüquqi faktları aydın, inandırıcı və yaddaqalan şəkildə təqdim etmək üçün hekayə nəqletmə üsullarından istifadə başa düşülür.[11] Belə ki, bu üsul təhlil olunan mürəkkəb hüquqi məsələlərin daha aydın izahı üçün ritorik vasitələrə müraciət etmək məqsədi daşıyır. İnandırma sənəti olan ritorikadan istifadə arqumentin təsirliliyini də artırır.[12]

Bu metodikanın yazıdakı təzahürü metafor, alliterasiya, antitezis kimi ritorik vasitələrdir. Həmin vasitələrlə müqayisələrin aparılması (metafor),[13] təkrar hərf, yaxud səslərin köməyi ilə estetik gözəlliyin yaradılması (alliterasiya),[14] eləcə də əks arqumentlərdən istifadə etməklə fikirlərin vurğulanması (antitezis) mümkündür.[15] Bunlarla yanaşı, xəyali kazuslar, müəllifin analogiyaları və digər əsaslandırma üsulları da həmin vasitələrin sırasında verilə bilər.[16]

“Hüquqi hekayə”nin formalaşdırılması üçün istifadə olunan digər bir üsul isə yazının hekayəvari süjet xəttində qurulmasıdır. Məsələn, bir çox məqalədə istinad olunan kazusların sadəcə lazım olan faktları yazıya daxil edilir. Bu zaman həmin faktların hekayə kimi ardıcıl, bir-biri ilə əlaqəli şəkildə təqdim olunması oxucuların hadisələri daha asan izləməsinə yardımçı olur.[17] Bu cür təhkiyədən yalnız kazuslar üçün deyil, ifrata varmadan məqalə boyu istifadə etmək mümkündür.

Hüquqi hekayənin digər üstün cəhəti isə insan psixologiyası ilə bağlıdır. Araşdırmalara əsasən, insanlar hekayə formasında təqdim edilmiş faktları daha asan yadda saxlayır, həmçinin bu cür təqdimat sözügedən faktların real insan təcrübəsinə aid olduğunu vurğulaya bilir. Bununla da, müəllif oxucuda empatiya yaradaraq məqalənin inandırıcılığını artırır.[18]

Beləliklə, adıçəkilən ritorik vasitələr təsirli və zərif “hüquqi hekayə” yaratmaqla birlikdə, akademik hüquqi yazının təbiətinə zidd olan həddən artıq bədiilikdən də uzaqdır. Bununla belə, hekayənin eyni zamanda akademik yazı üçün xarakterik olan düzgün struktur tələblərini ödəməsi vacibdir.

III. Struktur zərifliyi

Yazının zahiri görünüşü ilə bağlı olan zəriflik özünü eyni zamanda düzgün strukturun qurulmasında da göstərir. Burada zərifliyin struktur ilə bağlı əsas tələbi onun sistemli şəkildə hissələrə bölünməsidir. Məhz bu sistemli bölgü nəticəsində yazıda səliqə yaradılmış olur ki, bu da onun oxunulmasını asanlaşdırır. Həmçinin “səhifədəki ağ boşluqlar” oxucuya psixoloji fasilə vəd etdiyindən yazını sonadək oxumaq onu yormur.[19] Düzgün strukturun bu təsirini əldə etmək üçün onun bütün elementləri müəyyən tələblərə cavab verməlidir.

Strukturun əsas elementi olan abzasların da öz daxilində sistemli şəkildə qurulması önəmlidir. Bunun üçün abzaslar “qum saatı” adlanan formada qurula bilər.[20] Sözügedən formaya əsasən, abzasa əsas fikri ifadə edən ümumi məzmunlu cümlə ilə başlanılır. Növbəti bir neçə cümlədə isə həmin ümumi mülahizə konkret şəkildə izah olunur və bir növ fikirlərin çevrəsi daralır. Sonda isə yenidən ümumi məzmunlu cümlələrlə abzas yekunlaşdırılır.

Abzasın daxili quruluşuna müvafiq olaraq cümlə formaları da fərqlənir. Belə ki, anlaşıqlılıq üçün abzasın başlanğıcındakı cümlələrin daha qısa və sadə, sonrakıların isə nisbətən uzun və mürəkkəb şəkildə yazılması tövsiyə olunur.[21] Əlavə olaraq, cümlələrin 22 sözdən artıq olmamasına üstünlük verilir.[22]

Nəhayət, ən kiçik struktur elementi olan sözlərin də cümlədəki yerini qrammatik qaydalara uyğun müəyyənləşdirmək lazımdır. Həmçinin məntiqi vurğunun diqqətə çatdırılmaq istənən sözün üzərinə düşməsi üçün cümlədə xəbərdən əvvəl yerləşdirilməsi məqsədəuyğundur. Beləliklə, ayrı-ayrı struktur elementlərini müvafiq forma tələblərinə uyğunlaşdırmaqla bütövlükdə yazının zərifliyini artırmaq mümkündür.

Nəticə

Nəticə olaraq, akademik hüquqi yazını oxunaqlı və yaddaqalan edən amillərdən biri də zəriflikdir. Bütün hüquqi yazı növləri üçün məqsədəmüvafiq olmasa da, hüquqi məqalələrdə bu stilin nəzərə alınması yazının təsirliliyini aşkar surətdə artırır. Buna nail olmaq üçün ritorik üsulların köməyi ilə yazı daxilində “hüquqi bir hekayə” yaradıla bilər. Bu hekayənin akademik yazının tələblərinə, o cümlədən düzgün struktura uyğunlaşdırılması hüquq və ədəbiyyatın vəhdətini yaradaraq yazının oxunaqlılığını artıracaqdır.

Müəllif: Xədicə Abbasova, Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 2-ci kurs tələbəsi.


[1] Laurel Currie Oates et al., The Legal Writing Handbook: Analysis, Research, and Writing Handbook, 710 (2021).

[2] Joseph M. Williams & Joseph Bizup, Style: Lessons in Clarity and Grace, 145 (2021).

[3] Mark Osbeck, What is “Good Legal Writing” and Why Does it Matter?, 4 Drexel Law Review 417, 457 (2012).

[4] Antonio Gidi & Henry Weihofen, Legal Writing Style, 234 (2018).

[5] Eveline T. Feteris, Fundamentals of Legal Argumentation: A Survey of Theories on the Justification of Judicial Decisions, 49 (1999).

[6] Yenə orada, 64-65.

[7] Tenielle Fordyce-Ruff, Adding Eloquence to Your Legal Writing with Figures of Speech, The Advocate, 48, 48 (2013).

[8] Richard A. Posner, Law and Literature, 332 (2009).

[9] Oates et al., yuxarıda istinad 1, 710.

[10] Yenə orada.

[11] Nancy Levit, Legal Storytelling: The Theory and The Practice— Reflective Writing Across The Curriculum, 15 The Journal of the Legal Writing Institute 260, 262 (2009).

[12] Posner, yuxarıda istinad 7, 331.

[13] Fordyce-Ruff, yuxarıda istinad 6, 48.

[14] Yuxarıda istinad 1, 713.

[15] Gidi & Weihofen, yuxarıda istinad 4, 245.

[16] Yuxarıda istinad 7, 331.

[17] Ryan McCarl, Elegant Legal Writing, 122 (2024).

[18] Levit, yuxarıda istinad 10, 276.

[19] Yuxarıda istinad 1, 604.

[20] Yenə orada, 605.

[21] Williams & Bizup, yuxarıda istinad 2, 155.

[22] Yenə orada, 644.