Etik Məsuliyyət və Uyğunsuzluqlardan Çəkindirmə Siyasəti
Jurnal Siyasətinin bu bölməsi Jurnalın dərc edilməsi prosesinin iştirakçıları üçün etik standartlar müəyyən edir və onların məsuliyyəti məsələlərini tənzimləyir.
1. Redaktorlar. Redaktorlar məqalə müəllifləriylə işləyən, beynəlxalq əməkdaşlıq zamanı Jurnalı təmsil edən və Jurnalın dərc olunması prosesinin aparılmasında səlahiyyətli şəxslərdir. Redaktorlar səlahiyyətləri daxilində olan hər işə münasibətdə obyektiv və ədalətli davranır, gender, irq və ya milliyyətə görə heç bir ayrı-seçkiliyə yol vermirlər. Redaktorlar onlarla əməkdaşlıq edən müəlliflərə, rəyçilərə və abunəçilərə münasibətdə yüksək həssaslıq və hörmət göstərməkdədirlər.
2. Rəyçilər. Rəyçilər ixtisaslaşdıqları sahələrə uyğun olaraq məqalələrə baxış keçirib məqalənin dərc olunub-olunmaması, habelə təkmilləşdirilməyə ehtiyac olan hissələr ilə bağlı rəylərini Baş Redaktora bildirirlər. Onlar obyektiv rəy bildirmək, müəllif və məqalə ilə bağlı konfidensiallığı qorumaq, həmçinin maraqların toqquşması halında Baş Redaktoru məlumatlandırmalıdırlar.
3. Müəlliflər. Müəlliflər redaksiya heyətinə Jurnalın dərc olunması prosesində onlardan tələb olunan yardımı göstərməlidirlər. Onlar istinadların orijinallığı və uyğunluğu üçün məsuliyyət daşıyırlar. Müəlliflər təsdiq edirlər ki, təqdim etdikləri məqalə üzrə heç bir jurnala dərc hüququ verilməyib və ya hər hansı jurnalda dərc olunmayıb.
4. Nəşr edən. Nəşr edən yuxarıda qeyd olunmuş standartlara uyğun olaraq nəşr prosesini təşkil edir. Daha detallı etik standartlar isə Jurnalın praktikasında tətbiq olunacaqdır.
5. Qeyri-etik davranış halı. Bu standartların pozulması ilə bağlı və ya hər hansı digər qeyri-etik davranış halında redaksiya heyətinin başçısı və ya nəşr edən bu barədə məlumatlandırılmalıdır. Bu cür bildiriş ətraflı olmalı və bildirən şəxs barəsində kifayət qədər məlumat verilməlidir.
6. Qeyri-etik davranışın qiymətləndirilməsi. Qeyri-etik davranış və onun nəticələri redaksiya heyəti və nəşr edən tərəfindən təhlil olunur. Redaksiya heyətinin qeyri-etik davranışın mənfi nəticələrinin aradan qaldırılması məqsədi ilə müəyyən tədbirlər görməkdə diskresion səlahiyyəti vardır. Redaksiya heyətinin sübutlar toplamaq və nəşr edən ilə məsləhətləşmək hüququ vardır. Bu, bir qayda olaraq qeyri-etik davranışın xarakterindən asılıdır.
7. Görüləcək tədbirlər:
i. Standartları müəllifə və ya rəyçiyə izah etmək və ya qeyri-etik davranış halında onun aradan qaldırılması barədə xəbərdarlıq etmək;
ii. Müəllifə, elmi məsləhətçiyə, müəllifin institusional rəhbərinə vacib düzəliş və ya hərəkətlərin edilməyəcəyi təqdirdə görüləcək ciddi tədbirlər barəsində bildiriş göndərmək;
iii. Müvafiq məqalə və ya müəllifə münasibətdə dərc prosesinin dayandırılması;
iv. Müəllifə müəyyən və ya qeyri-müəyyən müddətə qadağa qoymaq. Bu, həmin müəllifin sonrakı məqalə təqdimatlarına mane olur və onu təşkil olunacaq tədbirlərin bir qismində iştirak hüququndan məhrum edir.
8. Müəlliflik hüququ və çatımlılıq. Müəlliflər təqdim etdikləri məqaləyə münasibətdə bütün müəlliflik hüquqlarını saxlasalar belə, Jurnalın nəşr edəni məqaləni dərc etmək hüququna malik olan yeganə subyekt kimi tanınır. Belə ki, (1) müəllif məqaləni digər heç bir jurnala göndərməmək; (2) əgər göndəribsə də, həmin jurnaldan geri çəkmək öhdəliklərini götürür. Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı internet və data bazalar vasitəsilə məqalələrə elekton çatımlılığı təmin edir. Abunəçilik siyahısı vebsaytda göstərilir.
9. Jurnalın dövriliyi. Jurnal ildə bir Buraxılış altında iki Sayda dərc olunur. Buraxılışın birinci Sayı fevral, ikinci Sayı isə may ayında dərc olunur.
10. Arxivləşdirmə. Nəşr edən Jurnalın dərc olunmuş Buraxılışlarını arxivləmək üçün müxtəlif bulud sistemi bazalarından istifadə edir. Bütün Buraxılışlar eyni zamanda həm Jurnalın vebsaytında, həm də onun əməkdaşlıq etdiyi digər data bazalarda yerləşdirilir.
11. Yayım haqqı. Məqalələrin göndərilməsi və nəşr edilməsi ödənişsiz şəkildə həyata keçirilir
Bu post həm də digər dildə mövcuddur: English