Elizabeth Fajans ilə Müsahibə

Elizabeth Fajans Sarah Lawrence College (B.A.) və Rutgers University (M.A. və Ph.D.) məzunudur. Hüquqi yazı və araşdırma sahələrində hüquq tələbələri tərəfindən dərslik kimi istifadə olunan Writing and Analysis in the Law kitabının, Against the Tyranny of Paraphrase: Talking Back to Texts, 76 Cornell Law Review 163 (1993) məqaləsinin və bir çox digər elmi əsərlərin müəllifi və ya həmmüəllifidir.

Elizabeth Fajans hal-hazırda Brooklyn Hüquq Məktəbinin Dosenti, Hüquqi Yazı İnstitutunun və Hüquq Yazı Jurnalının Redaksiya Heyətinin üzvüdür.

Elizabeth Fajans ilə 2019-cu ildə baş tutan müsahibəmizi sizinlə bölüşürük.

Müsahibənin orijinal mətnini buradan oxuya bilərsiniz.


Sual: İlk məqalənizin mövzusu nə idi və yazmaq üçün sizi nə motivasiya etmişdi?

E.F.: İlk məqaləmin mövzusu hüquq tələbələrinin məhkəmə rəylərini daha diqqətlə və tənqidi şəkildə oxumaqlarının vacibliyi ilə bağlı idi. Tələbələrimin sadəcə məhkəmənin dediklərini başqa sözlərlə yenidən ifadə etməklərini istəmirdim. Mən onların məhkəmənin fikrini qiymətləndirməklərini, əsaslandırmada olan qüsurları aşkara çıxarmaqlarını, məhkəmə qərarlarının mətnlərini daha geniş kontekslərlə əlaqələndirərək yalnız  məhkəmə işinin nəticəsinin qabaqcadan təxmin etməklərini deyil, eyni zamanda presedentlərdən istifadə edərək kreativ arqumentlər qurmaqlarını, effektiv analogiyalar və müştərilərinin xeyrinə fərqlilikləri irəli sürməklərini nəzərdə tuturdum.

Bunun üçün digər sahələrdə də təxmini 2 aylıq araşdırma gərəkli oldu. Məqalənin həmmüəllifi və mən tənqidi düşünmək, eləcə də koqnitiv psixologiya ilə bağlı məqalələr oxuduq. Biz, həmçinin, hüquq təhsili, hüquqi yazı ilə əlaqəli məqalələri oxuduq. Bu araşdırma professorların diqqətli oxumağı stimullaşdırmaq üçün nə edə biləcəkləri ilə bağlı məqalə ilə nəticələndi: Against the Tyranny of Paraphrase: Talking Back to Texts, 76 Cornell Law Review 163 (1993).

Sual: Sizcə, tələbələr ciddi araşdırma həyata keçirə bilərlər, yoxsa bunun üçün hazır deyillər?

E.F.: Bir çox hüquq tələbələrinin zəngin hüquqi mənbələrdən istifadə bacarıqlarının olmadığı və ya bu mənbələrə çıxış imkanlarına bələd olmadıqları üçün onlara araşdırma aparmaq üçün istiqamətləndirmə gərəklidir. Ancaq düşünürəm ki, tələbələr yönləndirmə sayəsində effektiv şəkildə araşdırma aparmağa nail ola bilərlər. Xüsusilə, hüquqi araşdırma dərslərində iştirak etmiş, əvvəllər hüquqşünas köməkçisi kimi çalışmış və yaxud hüquqi araşdırma ilə bağlı hər hansı digər şəkildə təcrübəsi olan hüquq tələbələri daha səriştəli araşdırmaçılardır.

Sual: Hüquq məqaləsi müəllifi olmaq ABŞ-da işə qəbul olarkən hansı üstünlüklər yaradır?

E.F.: Hüquq məqalələri davamlı intellektual tədqiqat gərəkdirir. Məqalələrin əksəriyyəti tələbələrin hüquqda olan boşluğu müəyyən etməsini – bu boşluq faktiki situasiyalardan yarana, iyerarxiyalar arasında olan konflikt ola və ya qanunvericilikdə olan ikimənalılıq ola bilər – mümkün və kreativ həll yolunu irəli sürməsini tələb edir. Həm problem, həm də həll yolu fərqli perspektivləri yoxlamağı gərəkdirir. Bu, mübahisənin tərəflərinin və ya qərarın təsir edəcəyi şəxslərin, fərqli yurisdiksiyaların və alimlərin, həmçinin, hüquqda yeni yaranan feminizm nəzəriyyəsi, tənqidi irqi nəzəriyyə kimi fikirlərin, hüquq və iqtisadiyyatın perspektivlərini əhatə edir. Bu həmçinin, qutudan kənarda düşünməyi, hüququn əlaqəli sahələrindən, fərqli elm sahələrindən nəzəriyyələri istifadə etməyi və ya nəzəriyyələri sorğulamağı və yeni paradiqmlər yaratmağı gərəktirir.

Məqalələr həm də tələbələrdən müxtəlif analitik və yazı: necə araşdırma aparmaq, böyük miqdarda informasiyanın xülasəsini çıxarmaq və bir-biri ilə əlaqələndirmək, həmin informasiyanı mecə kateqoriyalara bölmək və sistemləşdirmək, arqumentləri necə effektiv şəkildə sistemləşdirmək, alternativ həll yollarını qiymətləndirmək, eləcə də, arqumenti nə zaman daha nüanslı qurmaq və s. bacarıqlarını tələb edir.

Bu bacarıqlardan istifadə edilərək ərsəyə gətirilən məqalə öz müəllifini (tələbəni) potensial işə götürənlər üçün daha maraqlı edir, çünki bu bacarıqlar uğurlu hüquq praktikası üçün əhəmiyyətlidir.

Sual: Hüquq məqaləsi strukturunun düzgün quruluşu necə olmalıdır?

E.F.: Klassik amerikan hüquq məqalələri 4 hissədən ibarət olur. Giriş hissəsi mövzunu müəyyən edir və qısa şəkildə mövzunun tarixçəsini əks etdirir. Daha sonra giriş hissə mövzunu hüquqi problemə  çatana qədər daraldır və müəllifin həll yolunu göstərir. Giriş hissəsi məqalənin yol xəritəsini əks etdirən abzas ilə bitir.

Sonra gələn isə oxuyucuya analizi başa düşmək üçün gərəkli olan hər hansı materialın əhatəli, ancaq qısa xülasəsini əks etdirən tarixçə (background section) hissəsidir. Bu daha çox mövzunun qaynağı ilə başlayır, həm ilkin, həm də ikinci dərəcəli mənbələrdə olan inkişaf yolları arasında irəliləyir və məsələnin indiki vəziyyətinin əksetdirilməsi ilə bitir.

Analiz hissəsi – məqalənin özəyi daha çox problem/həll yolu strukturuna, müqayisəli struktura və ya səbəb və nəticə strukturuna malikdir. Problemin həlli yolu paradiqması bir çox hallarda status quo hissəsi və dəyişiklik üçün səbəblər hissəsi ilə başlayır. Bu daha sonra irəli sürülmüş həll yolunun effektivliyini və alternativ həll yollarının zəifliklərini izah edir. Müqayisəli paraqdiqmalar bir seçimin digərləri üzərində üstünlüyünü əsaslandırmaq, yəni məhkəmədə mübahisə tərəfinin çəkişən maraqlarının balanslaşdırılması və ya müxtəlif yanaşmalar arasında seçim etmək ehtiyacıyarandıqda faydalıdır. Bu zaman hər nöqtəni alternativ seçimlərin şərtləri ilə analiz etmək və ya ardıcıllıqla hər nöqtənin üstünlüyünü və zəifliyini izah etmək olar. Səbəb və nəticə paradiqmasında nəticə ilə bağlı müzakirə aparmaq onun səbəblərini irəli sürmək və səbəblərin həmin nəticələrə necə gətirdiyini göstərmək olar. Bəzən bir paradiqma digərində əks olunmuş olur. Buna görə də, ilk öncə müqayisəli paradiqmadan istifadə edərək məsələyə müxtəlif yanaşmaları müzakirə etmək və sonra problem və nəticə paradiqmasından istifadə edərək hər bir yanaşmanın əksikliyinin necə fərqli həll yolu tələb etdiyini izah etmək olar.

Dördüncü olan nəticə hissəsi məqalənin əsas fikrininin xülasəsini verir.

Hüquq məqaləsi strukturunu başa düşmək mözvu ilə bağlı məqalə strukturuna uyğun şəkildə düşünməyə və hüquqi materialları buna uyğun sistemləşdirməyə və yazı boyunca yönləndirməyə kömək etdiyi üçün böyük əhəmiyyət daşıyır.

Sual: Deyə bilərsinizmi, keyfiyyətli hüquqi araşdırmanın əsas xüsusiyyətləri nələrdir?

E.F.: Əhatəli olun. Yaxşı araşdırma əhatəliliyi gərəktirir. Bütün əlaqəli məhkəmə işlərini, hüquqi sənədləri və kommentariyaları tapdığınızdan və oxuduğunuzdan əmin olmalısınız. Buna görə də, müxtəlif mənbələrdən, məhkəmə işlərindən, məqalələrdən, elmi işlərdən, hüquqi sənədlərdən istifadə edərək araşdırma etməlisiniz. ABŞ-da Bloomberg, Google Scholar və HeinOnline ilə yanaşı, iki əsas hüquqi araşdırma platformlarında – LexisNexis və Westlaw-da araşdırma apara bilərsiniz. Hüquqi nəşrlərin mündəricatlarından istifadə edin. Araşdırmanın sonuna yaxınlaşdığınızı çərçivənin daraldığı, yəni hər araşdırma eyni informasiyaları verdiyi zaman anlayırsınız.

Aktuallığı qoruyun. Əlinizdə olan informasiyaların aktual olduğu və bütün yeni məsələlərdən məlumatınızın olduğundan əmin olun. Məsələn, yeni hüquqi məsələlərdən xəbərdar olmaq üçün Westlaw və LexisNexis-də istinad edənlərdən, “Shepard” və “Keycite” funksiyalarından, Heinonline-da isə bəzən 1-2 il arxanı göstərsə də “fast case” funksiyasından istifadə edə bilərsiniz. Bir çox hüquq alimləri öz məqalələrini, üzərində işlədikləri işləri və hətta kitablarından bölmələri hələ çap olunmamışdan əvvəl Sosial Elmlər Araşdırma Şəbəkəsində (Social Science Research Network (SSRN)) paylaşırlar. SSRN ən son mövzular üzərində müzakirələr və aktual məsələləri tapmaq üçün axtarış ediləcək ən yaxşı platformlardan biridir. Məqalə yazarkən aktuallığı online izləmə servislərindən, Lexis Alerts və ya West’s Alerts Center-dən istifadə edərək qorumaq vacibdir. İxtisaslaşmış bloqları və hüquqi xəbər servislərini oxuyun. Bir çox hüquq məktəblərinin öz professorlarının işlərini əhatə edən istifadəyə açıq arxivləri mövcuddur ki, araşdırma zamanı onlardan da istifadə edə bilərsiniz. Digital Commons Network və Google Digital Commons digər faydalı mənbələrdəndir.

Düzgün olun. Online araşdırma ilə bağlı problemlərdən biri hansı mənbənin nüfuzlu olmasıdır. Bununla bağlı professional jurnalların empirik araşdırma, hansı araşdırmanın nüfuzlu olması ilə bağlı kommentariyalarını yoxlaya bilərsiniz. Vebsaytın, hüquq jurnalının və yaxud hüquq şirkətinin nüfuzu müəllifin nüfuzunu müəyyən etməyə yardımçı olur. Suallar verin: müəllif tanınmış mütəxəssisdirmi? Material qərəzli və ya bir tərəfli görünürmü? İnformasiyanın digər mənbələrdə etibarlılığını yoxlaya bilirsinizmi, ya sadəcə “saxta xəbər”dir?

Araşdırmanızı digərlərinin biliyi üzərində inşa edin. Araşdırmaçının ilk sualı “Bu məsələ ilə bağlı kimin xəbəri olar?” olmalıdır. İnformasiya mənbəyi kimi professorlar, kitabxanaçılar, mövzunun aid olduğu sahədə çalışan şəxslər faydalı ola bilərlər. Sizdən əvvəl kiminsə araşdırdığınız mövzuda informasiya yayıb-yaymadığını müəyyən edin. Mözvunuzla bağlı araşdırma bələdçilərini internetdə axtarış edən zaman bu sahədə tədqiqatçıları olan hüquq məktəblərini tapa bilərsiniz. Araşdırmanıza mövzu ilə bağlı ümumi baxışı əks etdirən ikinci dərəcəli mənbələr, yəni elmi işlər və kitablarla başlayın.

Məqsədli oxuyun. Araşdırma etdikcə mövzunuz üçün ən vacib və əlaqəli mənbələri seçib oxumaq istəyəcəksiniz. Səthi görünən materiallara gözücü nəzər yetirmək olar, ancaq  mövu ilə həqiqi əlaqəsi olan hər mətn tənqidi gözlə oxunmalıdır. Məqalənin əsas məqsədinə, yaranan əsas suallara, əhəmiyyətli və yardımçı informasiyalara, fərziyyələrə və nəticələrin etibarlılığına, arqumentlərin nəzərdə tutduğu mənalara, eləcə də materialın tezisinizə olan əlaqəsinə fokuslanın.

Bu post həm də digər dildə mövcuddur: English