Jurnal Siyasəti

Jurnal Siyasəti

Jurnalın Siyasəti dedikdə, Jurnala məqalə qəbulundakı  kriteriyalar və ya tələblər nəzərdə tutulur. Bu o deməkdir ki,  göndərilən məqalənin qəbul olunması üçün bu tələblərə cavab verməsi lazımdır. Bu tələblər iki hissəyə bölünür: texniki və maddi.

Texniki tələblər

Texniki tələblər dedikdə, məqalənin, əsasən, forması üçün müəyyənləşdirilmiş tələblər nəzərdə tutulur. Texniki tələblər bunlardır:

Məqalə –

1. Word Document (.doc və ya .docx) fayl şəklində məqalə müəllifinin təhsil aldığı universitet, tam adı, kursu, qrupu, müəllimdirsə elmi dərəcəsi və məqalənin adı göstərilməklə Redaksiya Heyəti tərəfindən elan olunan formla göndərilməli;

2. Times New Roman şrifti ilə, 12 şrift ölçülü, 1 sətir aralıqlı yazılmalı;

3. İstinadlar istinadın yerləşdiyi səhifədə (footnoteda) verilməlidir.

3.1 Kitablara istinad forması:
1. Müəlliflərin adı [və] ilə ayrılır;
2. Kitabın tam adı  verilərkən köməkçi nitq hissələrindən başqa digər sözlər böyük hərflə başlayır;
3. Paraqrafa istinad olunursa [§] işarəsi, səhifəyə istinad olunursa səhifənin nömrəsi [53];
5. Səhifələrə istinad olunduqda defislə istinad olunan aralıqdakı səhifələrin nömrələri [53-58];
4. Hər hansı kitabın nəşr versiyasına istinad olunarkən, nəşr ilinin verildiyi mötərizədə versiyanın nömrəsi yazılır;
5. Eyni müəllifin eyni kitabına yenidən istinad zamanı müəllif(lər)in soyad(lar)ı, daha sonra isə kitabın səhifəsi verilir.

Nümunə: 
1. Catherine A. Mackinnon, The Sexual Harassment of Working Women, 57. (1979).
2. Fleming James and Geoffrey C. Hazard, Civil Procedure  § 2.35 (3rd ed. 1985).
3. Mackinnon, 58.

Kitab tərcümə  və ya redaktə edilmişdirsə, kitabın tərcümə və ya redaktə edilmiş versiyasının adı ilə birgə son hissədə ayrıca mötərizədə nəşr ilindən əvvəl tərcüməçinin və ya redaktorun adı qeyd olunmalı, istinadlardan sonra nöqtə qoyulmalıdır.

3.2 Dövri nəşrlərə və ya məqalələrə istinad forması:
Dövri nəşrlərdəki elmi məqalə və yazılara istinad zamanı diqqət olunmalıdır ki,
1. Müəlliflərin adları vergüllə ayrılır;
2. Elmi məqalənin və ya yazının adı kursivlə verilir;
3. Məqalənin və ya yazının adındakı köməkçi nitq hissələrindən başqa bütün sözlər böyük hərflə başlayır;
4. Bunlardan sonra dövri nəşrin cildinin və ya buraxışılışın nömrəsi və nəşrin adı;
5. Məqalənin başladığı səhifə;
6. İstinadın olduğu səhifə;
7. Sonda isə mötərizə daxilində nəşr olunduğu il verilir;
8. Eyni müəllifin eyni məqaləsinə və ya yazısına yenidən istinad olunarkən müəllif(lər)in soyad(lar)ı, daha sonra səhifə verilir.

Nümunə:
1. Carolyn Heilbrun, Judith Resnik, Convergences: Law, Literature, and Feminism, 99 Yale Law Journal 1913, 1942 (1990).
2. Heilburn, Resnik, 1943.

3.3 Qanunlara, konstitusiyalara, məhkəmə işlərinə istinad olunarkən sənədin rəsmi adı yazılır. Sənədin tərcümə olunmuş versiyasına istinad olunarkən, ad tərcümə versiyasındakı kimi yazılır.

3.4 İnternet resurslarına istinad zamanı diqqət olunmalıdır:

1. İnternet mənbəyinə istinad olunarkən veb səhifədəki materialın adı və yayımlandığı il (mötərizədə) qeyd edilməlidir;
2. Resursun internet ünvanı verildikdən sonra resursu son istifadə etdiyiniz vaxtı mötərizədə [son baxış] və ya [last visited] yazdıqdan sonra qeyd edin.

Nümunə:
1. Infographic: Amazon’s Online Sales Dwarf the Competition Statista Infographics (2014), http://www.statista.com/chart/2214/10-largest-online-retailers/ (last visited Jul 18, 2015).
2. The U.S. Corporate Tax Dodge (2014), http://www.bloombergview.com/articles/2014-07-09/the-u-s-corporate-tax-dodge (last visited Jul 18, 2015).

3.5 Bloqlar, xəbər saytları, Wikipedia kimi mənbələr etibarlı mənbə hesab olunmur. Yalnız böyük nüfuzlu xəbər saytları (The New York  Times, Washington Post və s. kimi) və rəsmi vebsaytlara istinad məqbul hesab olunur.
3.6. Statistik məlumatlara yalnız rəsmi mənbələr vasitəsilə istinad gətirmək olar.

4. Minimum 7 səhifə olmalıdır.

5. İstinad olunan rus ədəbiyyatının sayı 2-ni keçməməli, rusca mənbələrə istinad sayı ümumi istinad sayının 20%-ni keçməməlidir.

6. Akademik (elmi) üslubda yazılmalı;

7. Plagiat olmamalıdır.

Maddi tələblər

Maddi tələblər dedikdə məqalənin məzmunu üçün müəyyən edilmiş tələblər nəzərdə tutulur. Ümumiyyətlə, göndərilən məqalə Azərbaycan və ingilis dillərində ola bilər.

Məzmuna
1. Azərbaycan və ingilis dillərində annotasiya
2. giriş;
3. məqalənin g
övdəsi;
4. nəticə
 daxildir.

  1. Annotasiya sizin məqalənizin qısaldılmış formasıdır. Məqalədə nədən danışıldığı və nə həll olunduğu annotasiyada öz əksini tapır.
  2. Giriş hissədə məzmunun ümumi təqdimatı verilir və müəllifin iddia-bəyanatı (bir az aşağıda məqalənin məzmunu üçün əsaslara baxın) öz əksini tapır. Girişi elə yazmağınız lazımdır ki, oxucuda məqaləni davam etdirmək üçün maraq oyatsın. Giriş hissədə siz həll edəcəyiniz və ya araşdıracağınız hüquqi məsələni oxucuya çatdırırsınız.
  3. Məqalənin gövdəsi paraqraflardan və ya hissələrdən ibarət olur. Paraqraflarda əlaqəli hüquqi faktlar və hüquqi doktrinalar təhlil və izah olunmalı, iddia-bəyanat əsaslandırılmalı, məqalə zənginləşdirilməli, daha geniş, paralel və əlavə məsələlər əlaqələndirilməlidir.
  4. Nəticədə məzmun qısa şəkildə bir daha çatdırılmalı, mövqeyiniz qısa şəkildə ortaya qoyulmalı, sonluq verilməli, hüquqi məsələyə verdiyiniz həll qısaca öz əksini tapmalı, çox vacib olduğu halda əlavə sonluqlar verilməlidir. Nəticə mümkün olduğu qədər yığcam və qısa olmalıdır.

Məqalə məzmunu üçün əsaslar bunlardır: iddia-bəyanat; yenilik; qeyri-aşkarlıq; faydalılıq; məntiqilik; şablonlardan uzaq olmaq. Məqalə vasitəsi ilə təqdim olunan fikirlər bu xüsusiyyətləri özündə əks etdirməlidir.

  1. İddia-bəyanat müəllifin bütün fikrini özündə ifadə edən cümlədir və ya həll edəcəyiniz ya da araşdıracağınız hüquqi problem və ya məsələdir, ya da bu məsələnin həllidir. İddia-bəyanatı tapmaq üçün ilk öncə araşdıracağınız problemi tapmağınız lazımdır. Araşdırmanız elmi, tədqiqi və ya tarixi ola bilər. Problemi fakültədəki müəllimlərdən soruşa, hər hansı qanunda, real həyatda və s. tapa bilərsiz. Problem və ya seçdiyiniz mövzu yalnız hüquqi olmalıdır (dini, siyasi, və s. digər məzmunlu deyil). İddia-bəyanat ya təsviredici, ya tövsiyəedici, ya da həm təvsiredici həm də tövsiyəedici ola bilir. Sonuncu, yəni həm təsviredici həm tövsiyəedici iddia-bəyanat daha uğurlu hesab olunur. Lakin bu o demək deyil ki, iddia-bəyanat yalnız təsviredici və ya yalnız tövsiyəedici ola bilməz. Təsviredici iddia-bəyanat o deməkdir ki, haqqında danışılan hüquqi mövzunu ümumi ifadəylə təsvir etsin. Tövsiyəedici iddia-bəyanat odur ki, təhlil olunan hüquqi problem üçün həll yolu göstərən ümumi fikir olsun.

Təqdim edəcəyiniz həll yolu iddia-bəyanatın xüsusiyyətinə görə dəyişir. Təsviredici iddia-bəyanat üçün həll yolu araşdırdığınız hüquqi-tarixi faktın anlaşıqlı izahı ola bilir. Tövsiyəedici iddia-bəyanat üçün həll yolu isə qanunda dəyişiklik təklifi, yeni hüquq qaydası, yeni hüquq prinsipi şəklində ola bilər.

  1. Yenilik. Sizin məqaləniz yeni olmalıdır: başqalarının əvvəllər demədiklərini bildirməlidir. Yenilik üçün ən yaxşı yol hələ heç yazılmamış bir başlıqla məqalə yazmaqdır. İkinci yol isə elə bir iddia-bəyanat seçməkdir ki, əvvəllər heç deyilməsin. Ya da iddia-bəyanatın daha yeni görünməsi üçün onu daha geniş nüanslı, əhatəli edin.
  2. Qeyri-aşkarlıq. Sizin iddia-bəyanatınız yeni ola bilər, amma qeyri-aşkar olmalıdır, yəni açıq-aşkar hamıya məlum olmamalıdır. Nəzərinizdə saxlayın ki, məqalənizi əsasən ağıllı və hər şeyə diqqət edən peşəkarlar oxuyacaq (professorlar, müəllimlər, jurnal redaktorları, bu sahəylə işləyən başqa insanlar). Siz aşkar bir məsələyə kiminsə düşünmədiyi xüsusiyyəti əlavə etməklə də bu problemi aradan qaldıra bilərsiniz. Bəyanatınızın qeyri-aşkar olub olmadığını yoxlamaq üçün bu barədə fakültə üzvləri və ya peşəkarlardan yardım almağınız tövsiyə olunur.
  3. Faydalılıq. Siz məqaləni oxucular üçün yazırsınız və oxucuların məqalənizdən yararlanması məqalənin dəyərini artırır. Məqalənizin yönləndirməsi ilə oxucular dəyərli nəsə tapa bilər. Özünüzə sual verin: necə edə bilərəm ki, məqaləm təkcə tənqidi düşüncəli alimlər üçün deyil, həm də hüquqşünaslar, hakimlər və tələbələr üçün faydalı olsun? Həmçinin təklif etdiyiniz yeni fikirlər hüquq siyasətinə zidd olmamalıdır ki, ondan çoxluq yararlana bilsin. Yeni hüquqi debata yol açacaq bəyanat da faydalıdır. Eləcə də, oxucuları məqalənizdən uzaqlaşdıracaq pafoslu ifadələrdən, jarqonlardan istifadə etməməyiniz tövsiyə olunur. Pafoslu və s. bu kimi ifadələr oxucunun emosiyalarına təsir üçün hesablanır və bunu oxucu  məntiqi həll yolu kimi görmədiyindən fikir də faydalı olmur.
  4. Məntiqilik. Təqdim etdiyiniz fikirlər emosiyalardan uzaq olmalıdır. Problemi yalnız təqdim edib ona həll yolu verməmək  məqaləyə olan marağı azaldır. Daha ağlabatan həll yolu verməyə çalışın.

Bir cavab yazın