Hüquq Jurnalı Nədir?

Hüquq jurnallarının tarixi ABŞ-ın görkəmli universitetlərinin hüquq fakültələri ilə bağlıdır. Məsələn, ilk hüquq jurnalı 1852-ci ildən fasiləsiz olaraq nəşr olunan University of Pennsylvania Law Reviewdur. Həmçinin ən qədim və nüfuzlu Hüquq Jurnalları arasında Harvard Law Review, Yale Law Journal da misal göstərilə bilər.

Hüquq Jurnalının əsas funksiyası hüquq(şünaslıq) sahəsini akademik nəşrlərlə təchiz etməkdir. Hüquq Jurnallarında çap olunan məqalələrin böyük əksəriyyəti professorlar, hakimlər və hüquqşünaslar tərəfindən yazılır. Lakin bir çox Hüquq Jurnalları həmçinin tələbələr tərəfindən yazılmış, nisbətən daha qısa olan məqalələri də nəşr edir. Hüquq Jurnalında çap olunmuş məqalələr bu sahənin inkişafına əhəmiyyətli təsir göstərir. Məsələn, ABŞ Ali Məhkəməsi və ABŞ-dakı digər məhkəmələr məhkəmə işlərində, məhkəmə tərəfləri də verdikləri iddia ərizələrində əsaslandırma üçün bəzən hüquq jurnallarındakı məqalələrə istinad edirlər.

Dünya üzrə ən prestijli hüquq jurnallarının təşkilini adətən tələbələr həyata keçirir. Tələbə-redaktorlar çap olunacaq məqalələri seçir, istinadları yoxlayır və məqalələr çap olunacaq keyfiyyətə gələnə kimi üzərində işləyirlər. Avropa və digər yerlərdə nəşr olunan jurnalların redaksiya heyəti isə əksərən professor və müəllimlərdən ibarət olur. ABŞ-da bu jurnalların əsasən tələbələr tərəfindən təşkil və idarə olunması tarixən professorların buna vaxt çatdırmaması səbəbindən baş vermişdir. Lakin bu ümumiyyətlə professorların jurnal işlərindən kənarlaşması demək deyildir və müvafiq sahə üzrə hər hansı fakültənin jurnalına qəbul edilmiş məqalənin yoxlanılması üçün həmin sahənin fakültədəki peşəkarına tez-tez müraciət olunur. Bu, həmin fakültənin daha yaxşı məqalələri nəşr etməsi və bilavasitə fakültənin reytinqinin yüksəldilməsi üçün tələbə və professorların birgə işidir.

Hüquq Jurnalına üzvlük, Jurnalda tələbələrin məqalələrinin çap olunması onların gələcək karyerasında önəmli rol oynayır. Misal üçün, ABŞ-dakı əksər hakimlər, məşhur hüquq firmalarının (şirkətlərinin) partnyorları, yaradıcıları, hüquq fakültəsinin professorları tələbə olduqları müddət ərzində hüquq jurnallarının redaktoru, üzvü olmuş və ya məqalələri hüquq jurnallarında nəşr olunmuşdur. Məsələn, ABŞ-ın hazırkı prezidenti Barack Obama 1990-1991 buraxılış ili ərzində Harvard Law Review-nun 104-cü prezidenti olmuşdur. Həmçinin, hüquq jurnalının üzvü olmaq və ya jurnalda məqalənizin çap olunması sizə təhsilinizin magistr səviyyəsində davam etdirilməsinə yardımçı olur.

Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı da dünya üzrə özünü sübut etmiş standartları rəhbər tutaraq fəaliyyətə başlamış və 2015-ci ilin may ayında ilk buraxılışı nəşr olunmuşdur. Jurnalın son – 2-ci Buraxılışının 1-ci Sayındakı məqalələrə də buradan baxa bilərsiniz. Qısa vaxt ərzində Jurnal artıq dünyanın ən böyük hüquq araşdırma məlumat bazası olan HeinOnline-a daxil edilmişdir. Həm də Jurnal Azərbaycanda HeinOnline-a daxil edilən ilk jurnaldır. HeinOnline Jurnalda nəşr olunan məqalələr üçün isə dünyaya çıxış deməkdir.

Hal-hazırda Jurnala məqalə qəbulu davam edir. Məqalənizi göndərmək və Jurnal Siyasəti üçün bu səhifəyə keçə bilərsiniz: Məqalə Qəbulu.

Jurnalla və ya məqalə yazmaqla bağlı hər-hansı sualınız olarsa bizim e-poçtumuzla əlaqə saxlamağa çəkinməyin: lawreview@bsulawss.org

İstifadə olunmuş mənbələr:
Wes Henricksen – Making Law Review: The Expert’s Guide to Mastering the Write-on Competition
Eugene Volokh – Academic Legal Writing: Law Review Articles, Student Notes, Seminar Papers, and Getting on Law Review. 5th Edition